Azərbaycan gəncliyinin inkişafı dövlətin daim diqqət mərkəzindədir
04.02.2015 [10:06]
Azərbaycan gəncləri “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı yüksək qiymətləndirirlər
Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də uğurlu gənclər siyasəti təşkil edir. Gənclər siyasətinin mahiyyətindən bəhs edərkən ümumi olaraq qəbul edilən tərif budur ki, bu siyasət gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Bu baxımdan Azərbaycan dövlətinin də həyata keçirdiyi gənclər siyasəti strateji səciyyə daşıyır. Daha dəqiq desək, bu siyasətin fonunda gənclərin fiziki və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək, gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanmasına, həmçinin, həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bir neçə gün öncə Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Bu strategiya əsasən gənclərin intellektual, fiziki və mənəvi inkişafına hədəflənib.
Strategiya gənclərin intellektual inkişafına mühüm təkan verəcək
Bu bir həqiqətdir ki, son 11 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olub. Təbii ki, bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün yeni imkanların yaradılması, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsi deməkdir. Eyni zamanda, mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətinin çevikliyinin artırılması, demoqrafiya və miqrasiya məsələlərinin effektiv tənzimlənməsi kimi vacib tədbirlər yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalının inkişafını təmin edib.
Azərbaycan əhalisinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursudur. Təbii ki, bu prosesdə yüksək təhsil amili böyük rol oynayır. Məlum olduğu kimi, ölkə təhsilinin inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Son illər ölkəmizdə 3 minə qədər yeni ümumtəhsil məktəbləri tikilib ki, bu, orta məktəblərin maddi texniki bazasının gücləndirilməsinə, eləcə də orta təhsilin keyfiyyətinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edir. Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncam da bu baxımdan əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, orta təhsildə keyfiyyətin yüksəlməsi ali məktəblərə qəbulda da özünü göstərir və son illər yüksək bal toplayanların sayının artması da bunun təsdiqidir. Yeri gəlmişkən, Azərbaycan gənclərinin İnkişaf Strategiyasında vurğulanır ki, ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir: “Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır. Nəticədə, bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən bəzi ixtisaslara (kənd təsərrüfatı, yüksək texnologiyalar və s.) maraq çox zəifdir. Ali təhsil alanların çox az qismi regionlarda işləməyə meyil göstərir. Bu baxımdan, təhsil sisteminin, xüsusilə də peşə təhsilinin sürətlə inkişaf edən ölkə iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması günümüzün zərurətinə çevrilmişdir”.
Qeyd olunur ki, ali təhsil müəssisələrində ölkənin hazırkı və perspektiv iqtisadi inkişaf istiqamətlərinə uyğun olan və əmək bazarının tələblərini nəzərə alan ixtisasların tədrisinə ehtiyac yaranıb. Bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri “insan kapitalı”nın ixracının qarşısını almaqdır. Azərbaycan da daxil olmaqla, dünya ölkələrindəki təbii sərvətlərin böyük əksəriyyətinin bərpa olunmaması bu məsələnin əhəmiyyətini daha da artırır.
Gənclərin təhsil səviyyəsi ilbəil artır. 2013-2014-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 63 min tələbənin təhsil aldığı 57 dövlət və 1 qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi, tələbələrinin sayı 151 min nəfər olan 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Xarici ölkələrdə təhsil alan Azərbaycan gənclərinin sayı da artmaqdadır. Son 7 il ərzində 3000-dən çox gənc “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın qabaqcıl ali məktəblərinə göndərilib. Bu fakt bütövlükdə intellektual potensialımızın güclənməsinə xidmət edir. Çünki dünyada hər bir xalq, dövlət özünün intellektual potensialı ilə güclənir ki, Azərbaycan xalqı da bu baxımdan öndə gedir.
Bütün bunlar isə onu göstərir ki, dövlət başçısının “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikrinin kökündə məhz bu məqsəd - gənclərin yüksək biliklərə sahib olması, intellektual potensialın əhəmiyyətli dərəcədə güclənməsi dayanır. Heç şübhəsiz, bu intellektual potensialdan ölkəmizin hərtərəfli inkişafında səmərəli istifadə olunması başlıca hədəflərdən biridir ki, bu proses həyata keçirilməkdədir.
Fiziki inkişaf məsələləri də sənəddə xüsusi yer tutur
Təbii ki, strategiya gəncliyin fiziki inkişafına xüsusi diqqəti də nəzərdə tutur. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanda gənc nəslin sağlam ruhda böyüməsi üçün genişmiqyaslı işlər həyata keçirilir. Bu mənada müasir idman komplekslərinin yaradılması, gənclərin bu sahəyə stimullaşdırılması təqdirəlayiqdir. Təsadüfi deyil ki, hazırda ölkəmizdə 40-dan çox olimpiya komleksləri tikilib istifadəyə verilib. Eyni zamanda, təhsil müəssisələrində də yüksək standartlara cavab verən idman zalları yaradılıb. Bütün bunlar isə gənc nəslin sağlam ruhda böyüməsi üçün çox mühüm tədbirlərdir. Çünki, necə deyərlər, “sağlam bədəndə sağlam ruh olar”.
Məhz bu yöndə görülən işlərin nəticəsidir ki, son illər azərbaycanlı gənclər nəinki ölkədə, xüsusilə beynəlxalq idman yarışlarında ciddi uğurlar qazanır, medallarının sayını ildən-ilə artırırlar. İdmançılarımız Yay Olimpiya oyunlarında da ölkəmizin əldə etdiyi nəticələri yüksəldib, Azərbaycan bayrağını zirvələrə qaldırıb, himnimizi səsləndiriblər.
Gənclərin fiziki inkişafı, sağlam ruhda böyüməsi, eyni zamanda, güclü ordu deməkdir. Çünki ordumuz məhz gənclərdən formalaşdırılır. Nəzərə alsaq ki, torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, ordumuzun, dövlətimizin sağlam, vətənpərvər gəncliyə çox ciddi ehtiyacı var. Sevindirici haldır ki, bu istiqamətdə də nikbinliklə danışmaq olar. Azərbaycan gənclərinin İnkişaf Strategiyisında gənclərin fiziki sağlamlığının daha da gücləndirilməsi tədbirlərinin vurğulanması bu sahəyə diqqətin əhəmiyyətli dərəcədə artacağına əminlik yaradır.
Gənclər milli-mənəvi dəyərlərə sadiqlik nümayiş etdirirlər
Azərbaycan gənclərinin İnkişaf Strategiyasının əsas məqsədlərindən biri də mənəvi inkişafı özündə ehtiva edir. Məlumdur ki, dövlət quruculuğunun ayrı-ayrı sahələrini bir araya gətirən, dövlətin siyasi, iqtisadi və digər sistemlərini tamamlayan, onların bir bütöv halında fəaliyyətini təmin edən mənəvi sferanın əhəmiyyəti danılmazdır. Digər tərəfdən, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı da bu günədək, məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Xalqımız tərəfindən əsrlər boyunca yaradılan bu zəngin mənəvi irsin böyük bir hissəsi bugünədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır.
Müstəqilliyini qazandıqdan sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu mövcud idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə sapdırmağa çalışırdı. Lakin Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəldi. Ulu öndərin əsasını qoyduğu dövlət quruculuğu siyasətinin mühüm xüsusiyyətlərindən biri, dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mənəvi dayaqların formalaşdırılması idi. Bununla da, Azərbaycan dövlətinin əsaslarının yaradılmasında, məhz Azərbaycan xalqının milli-mənəvi dəyərləri əsas dayağa çevrildi. Ümumiyyətlə, dünyada da hər zaman etiraf olunub ki, Azərbaycan ən qədim və zəngin mədəniyyətə malik ölkələrdən biridir.
Məhz Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən biri də özünün mənəvi inkişafını təmin etməklə yanaşı, milli-mənəvi dəyərlərimizi qoruyub, sadiqlik nümayiş etdirməkdir. Bu baxımdan da, Strategiya gənclərin qarşısına mühüm vəzifələr qoyur.
Sağlam ailə məsələləri dövlətin daim diqqətindədir
Təqdirəlayiq haldır ki, sənəddə gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi məsələləri də öz əksini tapıb. Nəzərə alsaq ki, ailə cəmiyyətin əsasını təşkil edir, onda bu faktorun əhəmiyyətini geniş şərh etməyə ehtiyac yoxdur. Ümumiyyətlə, Strategiyada da vurğulandığı kimi, gənclər ölkənin demoqrafik inkişafında mühüm rol oynayırlar. Belə ki, ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil edir. Gənclərin 52 faizi şəhər yerlərində, 48 faizi isə kəndlərdə yaşayır. Onların 49,2 faizini qadınlar təşkil edir. Bağlanılan nigahların böyük əksəriyyəti gənclərin payına düşür. Yeni doğulan uşaqların 82,6 faizi məhz gənc ailələrdə dünyaya gəlir.
Bu məqamda qeyd edək ki, Azərbaycan xalqının unikal ailə modeli var. Mütəxəssislər hesab edirlər ki, xalqımızın ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan bir modeldir. Yəni, buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və s. kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb. Araşdırmalar zamanı məlum olub ki, gənclərin 80 faizdən çoxu valideyn nəsihətinə fikir verir, hörmətlə yanaşırlar. Bu, çox müsbət haldır. Bu mənada Azərbaycan gənclərinin İnkişaf Strategiyasında gənc ailələrə də diqqət və qayğının nəzərdə tutulması xalqımızın ailə dəyərlərinin daha da möhkəmlənməsinə xidmət edir.
bu sənəd gənclər qarşısında da yeni vəzifələr qoyur
Yeri gəlmişkən, Azərbaycan gəncliyinin nümayəndələri də bu sənədi yüksək qiymətləndirirlər. Məsələn, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Ramin Məmmədov bildirib ki, Azərbaycan dövləti daim gəncliyin inkişafına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması tarixi əhəmiyyət kəsb edir. Sənəddə gənclərin inkişafı ilə bağlı ən müxtəlif məsələlərin əks olunduğunu deyən R.Məmmədov qeyd edib ki, bütün bunlar gənc nəslin uğurlu gələcəyinə xidmət edir. O bildirib ki, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilərək cəmiyyətin bütün sferalarında iştirakından çox asılıdır: “Bütövlükdə, gənclər malik olduqları qabiliyyət və bacarıqla maksimum şəkildə dövlətin inkişafına töhfə vermək üçün bütün potensialını ortaya qoyan, ölkənin daxili və xarici siyasətində özünəməxsus rol oynayan qüvvə kimi hər zaman diqqət mərkəzində olublar. Müasir dövrdə gənclərin cəmiyyətin həyatında aparıcı mövqeyilə ictimai-siyasi proseslərin önündə yer alması, dövlətin gələcəyinin onlarla bağlı olması gənc nəslin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada gənclər daim dövlətin diqqət və qayğısı ilə əhatələnir, onların layiqli vətəndaş, kreativ qüvvə kimi formalaşmaları üçün əlverişli şərait yaradılır”.
Onun sözlərinə görə, bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü tədbirlər görülür. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini birmənalı şəkildə nümayiş etdirir. “Azərbaycan gəncliyi daima Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ideologiyanı - azərbaycançılıq, vətənpərvərlik, dövlətçiliyi tərənnüm etməli, bunun təbliği ilə məşğul olmalıdır. Bu gün Azərbaycanda aparılan gənclər siyasəti və gənclərimizə göstərilən diqqət, qayğı dünyanın heç bir ölkəsində yoxdur. Strategiyada xaricdə təhsil alan gənclərin təşkilatlanması, onların Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində fəallığının artırılması məsələləri də öz əksini tapıb. Sevindirici haldır ki, Azərbaycan gəncləri ölkəmizi xaricdə layiqincə təmsil edirlər. Şübhəsiz, bu Strategiya onların qarşısında yeni vəzifələr də qoyur”, - deyə YAP Gənclər Birliyinin sədr müavini vurğulayıb.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, cəmiyyətin aktiv və inkişafda olan hissəsi olan gənclərə daim diqqət və qayğı göstərilməsi vacib amildir: “Düşünürəm ki, ölkəmizdə kifayət qədər uğurlu gənclər siyasəti həyata keçirilir. Lakin bununla belə, bəzi problemlər də mövcuddur. Odur ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və qarşıdakı 10 il üçün nəzərdə tutulmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın tətbiqi mövcud problemlərin həlli istiqamətində mühüm rol oynayacaq. Bundan əvvəl gənclər üçün həyata keçirilmiş proqramların davamı olaraq burada da gəncliyin gələcək inkişafının müxtəlif aspektləri nəzərdə tutulub. Azərbaycan gənclərinin İnkişaf Strategiyası ötən illərdəki proqramlardan fərqli olaraq, daha geniş şəkildə birbaşa gənclərin inkişafına yönəlib. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının hədəf qruplarına baxdıqda aydın olur ki, burada bütün sahələr əhatə olunub. Nəinki ölkə daxilində, hətta ölkədən xaricdə oxuyan və ya işləyən gənclər də bu strategiyadan yararlana biləcəklər. Düşünürəm ki, cənab Prezident tərəfindən təsdiq edilən bu Strategiya Azərbaycanın dövlətçilik maraqlarına uyğun olaraq həyata keçirilərək, sağlam mühitdə sağlam gəncliyin yetişməsinə xidmət edəcək”.
“Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam ölkəmizdə gənclərə diqqət və qayğının növbəti təsdiqidir”. Bu fikirləri isə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf deyib.
Onun sözlərinə görə, bu Sərəncam gənclərin intellektual, fiziki və mənəvi inkişafını, eləcə də onların ölkənin sosial, iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin edir. “Ümidvaram ki, nəzərdə tutulan 10 il ərzində gənclərlə bağlı yaddaqalan tədbirlər həyata keçiriləcək. Amma vacibdir ki, biz gənclər də öz öhdəmizə düşən bütün vəzifələri layiqincə yerinə yetirək. Cənab Prezident İlham Əliyevin hər zaman ən vacib məsələ kimi önə çəkdiyi və bu istiqamətdə gördüyü böyük işlərdən biri də işsizlik məsələsidir. Əminəm ki, bu 10 il gənclərimizin işsizlik məsələsinin aradan tamamilə qaldırılması istiqamətində məhsuldar illərdən olacaq”, - deyə, N.Xələf vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39

