Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 106 illik diplomatik xidmət...

106 illik diplomatik xidmət...

09.07.2025 [07:24]

Bu gün diplomatik xidmət orqanlarının peşə bayramıdır

Bu gün Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür. Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Cümhuriyyət dövründə 16 xarici dövlətin nümayəndələri Bakıda...

Qeyd edək ki, diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təklif nəzərdən keçirilib. Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin. Azərbaycan diplomatiyası ilk addımlarını atdığı dövrdə - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada ölkənin diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb.

Bolşevik işğalından sonra Xalq Cümhuriyyəti dövründə bu sahədə görülən işlər dayandırılıb. 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı. Bununla da Azərbaycanın müstəqil xarici siyasət fəaliyyətinə tamamilə son verilib. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi. Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın - 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaratdı. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud oldu.

Heydər Əliyev ölkənin xarici siyasət kursunu müəyyənləşdirib

1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanındı. 1993-cü ildə böyük dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra milli dövlətçiliyin qurulması prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə edib. Ulu Öndər Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturlarını cızıb. Azərbaycanın müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək

Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası, ilk növbədə, respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün beynəlxalq müstəviyə çıxarılmasını, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edib.

Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yürüdür. Hazırda Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik bir dövlətdir. Etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulması, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. Ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurlar 2020-ci ildə Vətən müharibəsi zamanı özünü göstərdi. Belə ki, məhz yürüdülən uğurlu və məqsədyönlü xarici siyasətin nəticəsi idi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsi beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.

Xarici siyasətimizin uğurları...

Ölkəmizin beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmizin 2017-2019-cu illər üçün 176 səs lehinə olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi, 2019-cu ildən etibarən isə dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürməsi ölkəmizin xarici siyasətinin nailiyyətlərindəndir. Bütün bunların uğurlu davamı olaraq 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycanın ev sahibliyi etməsini göstərmək olar. Regionun lider dövləti olan Azərbaycan bu gün dünya miqyasında da öz sözünü deyən ölkələrdən biridir. Bundan əlavə, Azərbaycan Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və digər beynəlxalq qurumlarla sıx münasibətlərə malikdir və onların işində fəal rol oynayır.

Qeyd edək ki, hər il diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ərəfəsində müxtəlif tədbir də keçirilir. Bu dəfə isə ADA Universitetində “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi baş tutub. Müşavirənin iyulun 7-də keçirilən  açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər. Çıxışlar zamanı Azərbaycanın xarici siyasətinin bir sıra istiqamətləri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, enerji, mədəniyyət, kommunikasiya sahələri üzrə görülmüş işlər və gələcək planlardan bəhs olunub, ölkəmizin yerləşdiyi bölgədə mövcud vəziyyət, habelə beynəlxalq təhlükəsizlik vəziyyəti təhlil edilib. İkitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs olunan açılış mərasimində xarici siyasətimizin yeni istiqamətləri, ölkəmizin vasitəçilik, iqlim diplomatiyası səyləri və bu istiqamətdə gələcək planlar barədə müzakirələr aparılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edilib, sülh prosesini hədələyən mövcud çağırışlar, o cümlədən ölkəmizə qarşı Ermənistan konstitusiyasında əks olunmuş ərazi iddialarının aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.

IX müşavirə və panel müzakirələri hansı məsələlərə həsr olunub?

İyulun 9-dək davam edəcək müşavirə çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatiya, iqtisadi, iqlim, enerji diplomatiyası, bağlantılar, məhkəmə prosesləri, humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım, xarici siyasətin kommunikasiyası, parlament diplomatiyası, beynəlxalq müqavilələr, diaspor fəaliyyəti, habelə diplomatik xidmət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına həsr olunan panel sessiyalar  təşkil edilib. Belə ki, iyulun 7-də “Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya” mövzusuna həsr olunan ilk panel müzakirəsi xarici işlər nazirinin müavinləri Araz Əzimov və Yalçın Rəfiyevin əsas natiqlər qismində iştirakı ilə keçirilib. Panel çərçivəsində postmünaqişə dövrünün reallıqlarının Azərbaycan xarici siyasətində yaratdığı prioritetlər, normallaşma prosesinin vəziyyəti və mövcud çağırışlar, regional və beynəlxalq təhdidlərin fonunda ölkəmizə təsir edə biləcək təhlükəsizlik məsələləri, çoxtərəfli platformalarda fəaliyyət çərçivəsinə mövcud çağırış və imkanlar təhlil edilib.

“Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda keçirilən ikinci panel müzakirəsində isə iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev tədbirdə əsas natiq qismində iştirak ediblər. Panel çərçivəsində ticarət və investisiya perspektivləri, bu sahələrdə əməkdaşlığın şaxələndirilməsi, geoiqtisadi gərginliklərin iqtisadi diplomatiyamıza təsirləri, ölkəmizdən keçən nəqliyyat dəhlizləri üzrə mövcud təşəbbüslərin irəlilədilməsi, Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında bundan sonrakı fəal iştirakını şərtləndirən amillər və s. mövzular müzakirə olunub.

Üçüncü panel müzakirəsi isə  “Məhkəmə prosesləri üzrə strategiyalar” mövzusuna həsr olunub. Tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov və Baş prokurorun birinci müavini Elçin Məmmədov əsas natiqlər qismində çıxış ediblər. Panel çərçivəsində Azərbaycan ərazilərinin işğalı və keçmiş Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistan tərəfindən törədilmiş cinayətlərlə bağlı beynəlxalq məhkəmə prosesləri müzakirə olunub. Həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində baş vermiş çoxsaylı hüquq pozuntularına görə məsuliyyət daşıyan şəxslərlə bağlı aparılan məhkəmə işləri barədə məlumat verilib.

Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda dördüncü paneli mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin rəisi Elməddin Mehdiyevin əsas natiqlər qismində iştirakı ilə keçirilib. Panel müzakirəsi çərçivəsində ölkəmizin mədəniyyətinin təşviqi sahəsində birgə fəaliyyət, mədəniyyət diplomatiyasının təşviqi, bu istiqamətdə ikitərəfli və çoxtərəfli əsasda görülən işlər, gələcək planlar, habelə ölkəmizin beynəlxalq inkişafa yardım siyasətinin prioritetləri və istiqamətlərindən bəhs edilib.

“Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda beşinci panel isə  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadənin əsas natiqlər qismində iştirakı ilə keçirilib. Panel müzakirəsi çərçivəsində parlamentlərarası əməkdaşlığın perspektivləri, parlament diplomatiyasının xarici siyasətdə rolu, xarici siyasətin kommunikasiyası, hibrid təhdidlər və dezinformasiya ilə mübarizədə strateji kommunikasiya, ictimai diplomatiya və süni intellektin kommunikasiyada tətbiqi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xankəndi şəhərində xüsusi sessiya keçiriləcək

Altıncı panel müzakirəsi isə  “Xəzər dənizi, sərhədlərin delimitasiyası, beynəlxalq müqavilələr” mövzusunda olub və xarici işlər nazirinin müavini Samir Şərifovun əsas natiq qismində iştirakı ilə reallaşıb. Tədbir çərçivəsində Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində cari vəziyyət, Azərbaycan-Ermənistan arasında sərhəd delimitasiyası və demarkasiyası üzrə planlar, habelə ikitərəfli və çoxtərəfli beynəlxalq-hüquqi bazanın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, 9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə isə müşavirə işini Xankəndi şəhərində xüsusi sessiya ilə davam etdirəcək.

Beləliklə, xarici siyasət sahəsində əldə edilmiş nəticələr qarşıya növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından geniş imkanlar açır. Azərbaycanın xarici siyasət prioritetləri sırasına ölkəmizin suverenliyinin və müstəqilliyinin gücləndirilməsi, habelə bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər məsələlər daxildir. Son illərdə regionda baş verənlər onu göstərir ki, güclü Azərbaycan dövləti qarşıya qoyulan məqsədlərə daim nail olur və bu tendensiya bundan sonra da davam etdiriləcək.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30