Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır

Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır

07.07.2009 [10:31]

Novruz Məmmədov: Azərbaycan Prezidentinin tutduğu açıq, konkret, ədalətli, qəti, prinsipial mövqe, Azərbaycanın bir dövlət kimi maraqlarının təmin olunmasına yönəlmiş addımlar beynəlxalq birliyi tərpədə bilib. İndi münaqişənin həllinə maraq daha da artıb
Azərbaycan Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü Novruz Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Novruz müəllim, məlum olduğu kimi, bu günlərdə Azərbaycan Respublikasının diplomatik orqanlarının yaranmasının 90 illiyi qeyd olunur. Belə bir vaxtda, sizin bir məsələyə münasibətinizi öyrənmək istərdik. Sizcə, 90 illik yubileyini qeyd edən Azərbaycan diplomatiyası qarşısında duran vəzifələrin öhdəsindən hansı səviyyədə gəlir?
- Bugünkü müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir. Bu nöqteyi-nəzərdən, Azərbaycan diplomatiyasının 90 illiyinin belə geniş qeyd olunması təbiidir. Bildiyiniz kimi, bu məqsədlə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox rayonlarında da yubiley tədbirlərinin keçirilməsi planlaşdırılır.
Mən qeyd etmək istəyirəm ki, beynəlxalq aləmin şərtləri, dövlətlərarası münasibətlər, ümumiyyətlə, siyasət aləmini nəzərə alsaq, Azərbaycan diplomatiyasının 90 illiyi o qədər də yaxşı bir dövrə təsadüf etmir. Bilirsiniz ki, dünyada ötən ildən başlayan iqtisadi böhran özünün ən yüksək həddinə çatıb. Və bu böhranın təsirlərinin gələn il də hiss ediləcəyinə dair müxtəlif proqnozlar səslənməkdədir. Hazırda hətta aparıcı dövlətlər belə bu qlobal böhranın nəticələrindən əziyyət çəkirlər, yəni hər bir dövlət üçün vacib olan inkişaf prosesi dayanıb, bəzilərində isə bu proses yavaşıyıb. Amma böyük bir xoşbəxtlik ondadır ki, müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyev ölkəmizin konseptual formada inkişafını elə bir zəmin üzərində qurub ki, bu gün Azərbaycan dövləti dünyada baş verən böhrandan ən az zərər çəkən ölkələrdən biridir. Bu prosesin ölkəmizə təsiri hətta dünyanın aparıcı dövlətləri ilə müqayisədə olduqca zəifdir. Təbii ki, bunu ölkəmizin iqtisadi sahədə həyata keçirdiyi siyasətlə yanaşı, xarici siyasətin də, diplomatiyamızın da uğuru kimi qiymətləndirmək olar. Bu da bir daha Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı xarici siyasətin həm ölkəmiz üçün, həm də region üçün nə qədər uğurlu, düşünülmüş, əsaslandırılmış və gələcək perspektivləri böyük olan xarici siyasət kursu olduğunu göstərir.
- Novruz müəllim, dünyada yay fəsli siyasi sakitliyin, “istirahətin” hökm sürdüyü bir dövr kimi qiymətləndirilir. Buna baxmayaraq, Azərbaycanda son dövrlərdə siyasi fəallığın artdığını müşahidə edirik. Müxtəlif dövlətlərin rəhbərlərinin və hökumət nümayəndələrinin Azərbaycana səfərləri, Bakıda aparılan danışıqlar və imzalanan müqavilələr bunu göstərir...
- Bəli, Azərbaycanın xarici siyasət kursu düşünülmüş, gələcəyə hesablanmış qərarlara söykənməklə yanaşı, eyni zamanda, kifayət qədər çevik və mövcud situasiyanı özündə əks etdirən, buna uyğunlaşdırılan bir siyasi kursdur. Son bir neçə gün ərzində Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif vektorları - Şimalı, Şərqi təmsil edən ölkələrin dövlət başçıları - Rusiya prezidenti Dmitri Medvedev, İsrail prezidenti Şimon Peres, bununla yanaşı, Avropada kifayət qədər çox dəstəklənən Polşanın Prezidenti Lex Kaçinski ilə görüşlər keçirdi. Yaxın vaxtlarda Suriyanın prezidenti ölkəmizə gələcək, eləcə də Azərbaycan Prezidentinin xarici səfərləri gözlənilir. Bu isə Azərbaycanın xarici siyasətinin nə dərəcədə uğurlu, nə qədər balanslaşdırılmış olduğunu və bütün vektorlara çox böyük əhəmiyyət verərək öz məqsədinə doğru irəliləməyə xidmət etdiyini bir daha göstərdi. Mən hesab edirəm ki, bundan sonra da xirici siyasətdəki uğurlarımız davam edəcək.
- Rusiya prezidenti Dmitri Medvedevin ölkəmizə son səfəri zamanı Azərbaycanla Rusiya arasında qaz müqaviləsi imzalandı. Bununla yanaşı, son bir neçə ay ərzində iqtisadi əməkdaşlığı dərinləşdirməyə xidmət edən başqa sazişlər də imzalanıb. Bu iki dövlət arasında iqtisadi münasibətlərin inkişafı siyasi əlaqələrin gələcək perspektivləri ilə bağlı nə vəd edir?
- ümumiyyətlə, siyasətlə iqtisadiyyat bir-birinə çox bağlıdır. Bəzən deyirlər ki, siyasət iqtisadiyyatın, yaxud da iqtisadiyyat siyasətin davamıdır. Azərbaycanın da xarici siyasəti iqtisadi siyasətini tamamlayır. Bunun da banisi ümummilli liderimiz Heydər Əliyevdir. Ulu öndər bu istiqamətlər arasında əlaqələri elə mükəmməl bazis əsasında formalaşdırıb ki, bu gün dünyanın bütün dövlətləri Azərbaycanın xarici siyasət kursuna müəyyən mənada heyranlıqla yanaşırlar.
Bu gün çox mürəkkəb bir geosiyasi məkanda yerləşməsinə baxmayaraq, ölkəmiz bütün dövlətlərlə yüksək səviyyədə əlaqələr qura bilibdir.
Qeyd etdiyiniz kimi, bir neçə gün öncə Azərbaycanla Rusiya arasında qaz müqaviləsi imzalandı. Rusiya bizim qonşumuz olmaqla bərabər, dünyanın böyük dövlətlərindən biridir. Rusiya ilə istər siyasi, istər iqtisadi əlaqələrimizin səviyyəsi hər iki tərəfdə razılıqla ifadə olunur. Bu dövlətlər arasında mövcud olan əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir.
- Rusiya ilə qaz müqaviləsi imzalandıqdan sonra bir sıra dairələr Azərbaycanın NABUCCO layihəsində iştirakdan imtina edəcəyini söyləyir. Bu iddialara münasibətiniz necədir?
- Azərbaycanın xarici siyasəti çoxşaxəli, balanslı olduğu kimi, enerji siyasəti də müxtəlif istiqamətləri özündə ehtiva edir. Bu mənada qeyd etməliyəm ki, biz Rusiya ilə yanaşı, başqa dövlətlərlə də bu sahədə əməkdaşlığımızı davam etdiririk və gələcəkdə də davam etdirəcəyik. NABUCCO layihəsi də bunlardan biridir. Biz bu layihədə iştirak etməklə bağlı mövqeyimizdə qalırıq. Bu istiqamətdə Türkiyə ilə əməkdaşlığımız bizim üçün prioritet olaraq qalmaqdadır. Yəni bu istiqamətlərin heç biri bir-birinə mane olmur. Amma kimlərsə bunu siyasiləşdirir, bizim mövqeyimizin əksinə müxtəlif şərhlər verirsə, bunlar həqiqətə uyğun deyil.
- Yeri gəlmişkən, haqqında danışdığımız səfər çərçivəsində Dmitri Medvedev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da bir sıra optimist bəyanatlar səsləndirdi. Həmçinin, bəlli olduğu kimi, iyul ayının ortalarında Moskvada Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün keçirilməsi gözlənilir. Son zamanlar baş verən bu hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair aparılan danışıqların gələcək perspektivləri barədə nə deyə bilərsiniz?
- Mən bu məsələ ilə bağlı mühüm bir məqamı bir daha qeyd etmək istəyirəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətində olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də fəaliyyətində Dağlıq Qarabağ münaqişəsinin həlli əsas prioritetlərdən biri, hətta deyərdim ki, birincisidir. Azərbaycan münaqişənin həlli üçün böyük səy göstərir. Bunun nəticəsidir ki, hazırda münaqişənin tənzimlənməsinə vasitəçilik edən dövlətlər də, bütün beynəlxalq təşkilatlar da, ümumiyyətlə, bütün dünya ictimaiyyəti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını tanıyır və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bəyan edirlər. Eyni zamanda, dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin nəinki Azərbaycanın və Ermənistanın, hətta bütün regionun inkişafında başlıca maneə olduğunu vurğulayır. Buna baxmayaraq, müəyyən problemlər bugünədək münaqişənin həllinə imkan verməyib. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın yeni seçilmiş prezidenti Serj Sərkisyanla 5 dəfə görüşüb. Və bu görüşlərin hər birində Azərbaycanın dəyişməz, konkret mövqeyi ortaya qoyulub, münaqişənin ədalətli, beynəlxalq hüququn normalarına uyğun olaraq həllinə Azərbaycanın hazır olduğu bəyan olunub.
Azərbaycan Prezidentinin tutduğu açıq, konkret, ədalətli, qəti, prinsipial mövqe, Azərbaycanın bir dövlət kimi maraqlarının təmin olunmasına yönəlmiş addımlar beynəlxalq birliyi tərpədə bilib. İndi münaqişənin həllinə maraq daha da artıb. Son zamanlar səsləndirilən bəyanatlar da bu reallığı ortaya qoyur. Məsələn, ABŞ prezidenti Barak Obama da, dövlət katibi Hillari Klinton da bu məsələni xüsusi qabardaraq, münaqişənin yekun həllinə nail olunması üçün səylərin artırılacağını bəyan etdilər. Eyni zamanda, digər vasitəçi dövlətlərin və dünyanın aparıcı dövlətlərinin liderlərinin də bu yöndə fikirlərini müşahidə etmişik. Ermənistan rəhbərliyi, bütün bu hadisələrin fonunda planlaşdırılan növbəti görüş ərəfəsində öz qeyri-konstruktiv mövqeyinə yenidən nəzər salmalı, hadisələri dəqiq təhlil edərək konstruktiv nəticəyə gəlməlidir. Onlar bir şeyi bilməlidir ki, Ermənistanın bir dövlət kimi təhlükəsizliyi, gələcəyi, inkişafı Azərbaycandan, münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri əsasında həllindən çox asılıdır. ümid edirəm ki, onlar bu məsələləri artıq başa düşüblər. İndi danışıqların irəli aparılması üçün zəmin var. Rusiya prezidentinin də bəyan etdiyi kimi, münaqişənin həllində bir nikbinlik hökm sürməkdədir. Amma hadisələrin gələcəkdə hansı formada inkişaf edəcəyini biz növbəti görüşdən sonra daha dəqiq söyləyə biləcəyik.
- Bir neçə gün öncə, Azərbaycan və Ermənistan ziyalılarının, ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdı. Münaqişənin həllinin mövcud mərhələsində “Xalq diplomatiyası”na xidmət edən bu tip səfərlər nə dərəcədə əhəmiyyətlidir?
- Bu məsələyə də yanaşmada müxtəlif mövqelərin ortaya çıxması mümkündür. Hətta fərqli fikirlər ortaya qoyan insanlar da özlüyündə haqlı ola bilər. Amma bir məsələni unutmamaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu gün ən başlıca məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır. Bunun üçün isə bütün vasitələrdən istifadə etmək lazımdır. Ermənilərlə azərbaycanlılar arasında müxtəlif dövrlərdə də münaqişələr olub. XX əsrin əvvəlləri, ondan da öncəki dövrlərdə bu tip problemlər yaşanıb. Sonra elə bir dövr gəlib ki, bu xalqlar bir yerdə yaşayıblar. Bu, heç də uzaq olmayan tarixdir. Mən hesab edirəm ki, ziyalıların qarşılıqlı səfərlərinə münasibət bildirərkən bir qədər daha əhatəli və dərin düşünmək lazımdır. Onu başa düşməliyik ki, biz istəsək də, istəməsək də ermənilərlə əbədi qonşuyuq. Münaqişənin həllindən sonra bu xalqlar bir yerdə yaşayacaqlar. Həmin bu səfərlər də situasiyanı, gələcək perspektivləri təhlil etməyə imkan verir. Ona görə də hesab edirəm ki, bu cür təmaslar lazımdır və burada Azərbaycanın mənafeyinə, maraqlarına zidd olan heç bir məsələ yoxdur.

Paylaş:
Baxılıb: 1296 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30