Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanın demokratik inkişafı Alman iyada yüksək qiymətləndirilir

Azərbaycanın demokratik inkişafı Alman iyada yüksək qiymətləndirilir

26.06.2009 [11:31]

Rövşən Rzayev: ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da güclənir
Məlum olduğu kimi, Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) ilə Azərbaycan hökuməti, hüquq-mühafizə orqanları, həmçinin, Milli Məclis arasında uzun illərdən bəri davam edən əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nümunəsi olaraq bir neçə gün öncə Almaniyada növbəti konfrans keçirilib. Konfransda iştirak etmiş Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevlə söhbətimiz bu haqdadır:
- GTZ ilə əməkdaşlıq çərçivəsində mühüm layihələr həyata keçirilir. Bu layihələr Azərbaycanda həyata keçirilən hüquqi islahatlara, hüquqi dövlət quruculuğuna, bu sahədə Almaniya ilə tərəfdaşlığa önəmli töhfə verir. Bugünlərdə Berlin şəhərində GTZ-nin, Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Davamlı inkişaf hüquqi dövlətçilik tələb edir - əməkdaşlığın imkanları” adlı beynəlxalq konfrans da bu qəbildəndir.
Konfransda hüquqi müstəvidə əməkdaşlıq imkanları və təcrübə, Avropa İttifaqının “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları üzrə əməkdaşlıq, məhkəmələrin müstəqilliyi, mülkiyyət hüququnun qorunması, investisiya mühitinin yaxşılaşdırılması və digər məsələlər müzakirə olundu. Tədbirdə Almaniya, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan ədliyyə orqanlarının rəhbərləri, ali məhkəmələrin sədrləri, parlamentlərin və ombudsman institutlarının 200-dək nümayəndəsi iştirak edirdi.
ölkəmiz konfransda böyük nümayandə heyəti ilə təmsil olunurdu. Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Ədliyyə Nazirliyinin idarə rəisi Azər Cəfərov, habelə, Ombudsman Aparatının, Vəkillər Kollegiyasının və QHT-lərin nümayəndələri tədbirdə iştirak edirdilər. Konfrans yüksək səviyyədə təşkil edilmişdi. Tədbirin ikinci günü 4 qrup üzrə komitələrdə çox maraqlı çıxış və müzakirələr oldu. Bu xüsusda ədliyyə naziri Fikrət Məmmədovun Azərbaycandakı hüquqi dövlət quruculuğu prosesi, demokratikləşmə, insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində aparılan genişmiqyaslı islahatlar haqqında əhatəli çıxışını xüsusi qeyd etmək istərdim. Fikrət Məmmədov çıxışını tutarlı arqumentlərlə əsaslandırmaqla yanaşı, ona verilən sualları da dəqiqliklə, peşəkarlıqla cavablandırırdı. Eyni sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev barəsində də deyə bilərəm. Ali Məhkəmənin sədri ölkəmizdə məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübədən, hüquq islahatlarının həyata keçirilməsində beynəlxalq əməkdaşlıqdan danışaraq bu sahədə Almaniya ilə işbirliyinin əhəmiyyətini vurğuladı. Bu konfrans bir daha göstərdi ki, Azərbaycan islahatlar, hüquqi dövlət quruculuğu yolunda mütərəqqi dünya və Avropa təcrübəsini uğurla tətbiq edir və bu uğurlar xaricdə yüksək qiymətləndirilir. çünki həqiqətən də Azərbaycanın tutduğu yol aydındır. Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət qurur və getdikcə dünyada daha böyük nüfuz sahibi olur. Bu baxımdan Almaniya ilə, o cümlədən, GTZ ilə əlaqələrimizin bundan sonra daha da yüksələn xətt üzrə davam edəcəyinə inanıram.
- ümumiyyətlə, Avropanın hüquqi islahatlar təcrübəsinin keçmiş sovet respublikalarında, o cümlədən, Azərbaycanda tətbiqi barədə konfransda ümumi qənaət necə idi?
- Qeyd etdiyim kimi, konfransda əsas müzakirələr 4 qrup üzrə komitələrdə keçirilirdi. Mən “hakimiyyət bölgüsü” qrupunda iştirak edirdim və müzakirələrdə Azərbaycanda hüquqi islahatlar, o cümlədən, parlament səviyyəsində görülən işlər barədə öz fikirlərimi söylədim. Digər çıxışlara gəldikdə isə, Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Erix Stater və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin konfransdakı çıxışlarını qeyd etmək istərdim. Hər iki natiq Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçmiş sovet ölkələrində qanunun aliliyinin və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri dəstəklədiklərini vurğuladılar.
Bundan əlavə, Berlin Şəhər Məhkəməsinin sədri Monika Nyere, Almaniya Federal Administrasiya Məhkəməsinin vitse-prezidenti Mixael Xund, Gürcüstanın Ali Məhməsinin sədri Konstantin Kublaşvili, Gürcüstanın ədliyyə naziri Zurab Adeişvili, Ermənistanın Apellyasiya Məhkəməsinin sədri, ədliyyə nazirinin müavini, Moldovanın, Ukraynanın ədliyyə nazirlərinin müavinləri, parlamentarlar, QHT təmsilçiləri tədbirdə çıxışlar etdilər. Həmçinin, konfrans əsnasında bir sıra görüşlərimiz də oldu.
- Bildiyimizə görə, siz konfransdan öncə Almaniya Bundestaqının vitse-spikeri ilə də görüşmüsünüz. Bu görüş barədə nə deyə bilərsiniz?
- Bu səfərdən öncə mənə Almaniya Bundestaqının vitse-spikeri xanım Petra Paunun bürosundan dəvət gəlmişdi. Mən də həmin dəvəti məmnuniyyətlə qəbul edərək iyunun 8-də Berlində Petra Pau ilə görüşdüm. Bu qəbildən olan bütün görüşlərdə olduğu kimi, bu dəfə də mən Azərbaycanın problemləri barədə danışdım və təbii ki, ilk olaraq Qarabağ problemi, Azərbaycanın ərazi bütövlüyünün işğalçı Ermənistan tərəfindən pozulması məsələsinə diqqət çəkdim. çünki bu gün Azərbaycanın bir nömrəli problemi məhz Qarabağ problemi, ərazi bütövlüyümüzün pozulmasıdır. Təəssüf ki, hələlik Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail ola bilməmişik. Bununla belə, onu da qeyd etməliyik ki, Azərbaycanın bu məsələdə haqlı, ədalətli mövqeyi getdikcə dünyada, o cümlədən, Almaniyada daha böyük dəstək qazanır.
Xatırdadım ki, bu il mayın 15-də Almaniya Bundestaqı Avropa, bütövlükdə Qərb ölkələrinin parlamentləri arasında ilk parlament olaraq Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması faktını önə çəkən və işğal olunmuş torpaqların qeyd-şərtsiz geriyə qaytarılması tələbi ilə çıxış edən qətnamə qəbul edib. Həmin qətnamədə açıq-aydın qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü Almaniya dövləti tərəfindən tanınır, Azərbaycanın işğal altında olan torpaqları qaytarılmalı və bir milyona yaxın qaçqın və məcburi köçkün öz doğma torpaqlarına qayıtmalıdır. Mən fürsətdən istifadə edərək, görüş zamanı xanım Petra Puaya Almaniya Bundestaqının belə əhəmiyyətli və tarixi qətnamə qəbul etməsilə bağlı öz minnətdarlığımı bildirdim. Eyni zamanda, bu ilin payızında Almaniyada növbəti parlament seçkiləri keçiriləcək və həmin seçkilərdə ona uğur arzuladım. ümumilikdə söhbətimiz çox maraqlı alındı və inanıram ki, biz bu münasibətləri gələcəkdə də davam etdirə biləcəyik. O cümlədən, Qarabağ məsələsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini bu münasibətlər sayəsində daha da geniş dünya auditoriyasına çatdıra biləcəyik.
Yeri gəlmişkən bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm ki, bu yaxınlarda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qurultayı keçirildi. Şəxsən mənim üçün çox sevindirici haldır ki, qurultayda həmin qurumun İdarə Heyətinin üzvü seçilmişəm. Görüş zamanı mən bu məlumatı da xanım Petra Pauya çatdırdım və bu istiqamətdə onlarla işləmək istəyimi qeyd etdim. öz növbəsində xanım Petra Pau bu məlumatı çox müsbət qarşıladı, bu istiqamətdə bizi dəstəklədiyini söylədi.
- Söhbət Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qurultayından düşmüşkən, bir məsələyə də münasibətinizi bilmək istərdik. Qurultayla bağlı cəmiyyətin müxtəlif dairələrində, o cümlədən, deputat həmkarlarınız arasında heç də birmənalı olmayan mövqelər var. çoxları belə bir qurumun yaranmasının, qurultay keçirilməsinin Azərbaycanın maraq və mənafeləri baxımından düzgün olmadığı qənaətindədirlər...
- Mən qəti şəkildə bu fikirlərin əleyhinəyəm. Bu fikirlər əslində mənə 1991-92-ci illəri xatırladır. Ancaq anlamaq lazımdır ki, bu cür fikirlərin, Qarabağ məsələsində populist çıxışların hamısı artıq arxada qalıb. Azərbaycan dövlətinin, onun rəhbərinin Qarabağ probleminin ədalətli, beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün düşünülmüş, aydın strateji xətti var. Bu xəttin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi üçün ən böyük qarantdır.
Ona görə də, belə bir qurultayın keçirilməsi bizim üçün çox vacib idi. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyətinin gücləndirilməsi, onun daha effektli şəkildə təşkilatlanması, dünyaya tanıdılması Qarabağ probleminin həlli ilə bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. İnanıram ki, indiyədək atılmayan addımlar qurultaydan sonra atılacaq. Bu gün məsələ ilə bağlı populist çıxışlar edənlər də həmin addımların nəticələrini görəcəklər.
NARDAR

Paylaş:
Baxılıb: 1272 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30