BRİCS-ə gedən yol...
22.08.2024 [09:50]
Azərbaycanın multiregional xarici siyasət kursunda müxtəlif beynəlxalq təşkilatlarda təmsilçilik xətti xüsusi yer tutur. Bununla ölkəmiz həm siyasi, həm də iqtisadi dividentlər qazanmağı hədəfləyir. Müstəqil Azərbaycan hazırda BMT, QH, TDT, İƏT, MDB kimi beynəlxalq qurumlarda uğurla təmsil olunaraq onların fəaliyyətinə özünün sanballı töhfələrini verir. Azərbaycan daha bir beynəlxalq təşkilata - BRİCS-ə qoşulmaq istəyir. Ölkəmiz artıq bu təşkilata daxil olmaq üçün rəsmi müraciət edib. Bunu KİV-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
Sürətlə inkişaf edən ölkələr qrupu - BRİCS
BRİCS (BRİCS - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının baş hərflərinin abreviaturasıdır) dövlətlərarası assosiasiya kimi qurulub. Təşkilat sürətlə inkişaf edən ölkələr qrupu kimi səciyyələndirilir. Tərkibində doqquz dövləti - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, BƏƏ, İran, Misir və Efiopiyanı birləşdirən təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan, Çin iqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb.
BRİCS ölkələri arasında ikitərəfli münasibətlər siyasi
kurslara qarışmamaq şərti ilə, bərabərlik və qarşılıqlı fayda əsasında qurulub. Təşkilatın təsisçilərindən olan Rusiya, Çin, Hindistan və Braziliya əhali, ərazi və ÜDM baxımından dünyanın on ən böyük ölkəsi sırasındadır. O cümlədən,
- Braziliya - kənd təsərrüfatı məhsulları ilə zəngindir;
- Rusiya - dünyada ən böyük mineral resurslar ixracatçısıdır;
- Hindistan - ucuz intellektual resurslara malikdir;
- Çin - böyük əmək resurslarına, sürətlə genişlənən iqtisadiyyata sahibidir.
BRİCS-də birləşən ölkələrin hökumət başçıları 2009-cu ildən etibarən illik rəsmi sammitlərdə bir araya gəlirlər. Sammitlə paralel şəkildə xarici işlər, maliyyə və digər nazirliklərin rəhbərlərinin görüşləri də keçirilərək aktual müzakirələr aparılır.
BRİCS ölkələrinin ümumi sahəsi 45,726,508 km və ümumi əhalisi təqribən 3,41 milyard nəfər təşkil edir - bu isə dünya quru səthinin təxminən 26,7 faizidir. Təşkilatın genişlənmə siyasəti açıqdır. Qurumun sıralarının ilk dəfə genişlənməsi Cənubi Afrika Respublikası hesabına baş verib. Bu ölkə 2010-cu ildə təşkilata qoşulmaq istəyini açıqlayıb və müvafiq prosedur qaydaları keçilməklə bu istək təmin olunub. 2023-cü ilin avqust ayına olan məlumata görə, 40 ölkə BRİCS-ə qoşulmaqda maraqlı olduğunu bildirib, onlardan 20-yə yaxını rəsmi olaraq qəbul üçün müraciət belə edib. Son olaraq 2024-cü ilin yanvarında daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya təşkilatın sıralarına qəbul olunub. Verilən məlumatlara görə, üzvlük üçün rəsmi müraciət edən ölkələr sırasında Əlcəzair, Banqladeş, Belarus, Venesuela, Pakistan və digərləri də var. Qrupun 2024-cü ilin sonuna kimi Şərqi Afrika ölkələri ilə qarşılıqlı əlaqələrinin daha da güclənəcəyi proqnozlaşdırılır . Ümumiyyətlə, BRİCS-in əsas ideyası üzv dövlətlərin zəngin resurslarına və potensialına əsaslanmaqla güclü iqtisadi blok formalaşdırmaqdan qaynaqlanır.
Çinin dəstəyi ilə...
Son illərdə dünyada qütbləşmə meyyllərinin daha da intensivləşdiyi müşahidə olunur. Biz görürük ki, ayrı-ayrı beynəlxalq təşkilatlar, xüsusilə də Avropa İttifaqı (Aİ) genişlənmə siyasətində ikili standartlardan çıxış edir - quruma üzv olmaq istəyən bəzi ölkələrə qapılar taybatay açılır, digərlərinə gəldikdə isə belə “qonaqpərvərlik” göstərilmir, əksinə onların qarşısına bir sıra hallarda icrası mümkünsüz görünən tələblər qoyulur. Məsələn, iqtisadiyyatını sürətlə inkişaf etdirən qardaş Türkiyə onilliklərdir ki, Aİ-nin qapısı arxasında saxlanılır.
Sürətlə baş verən geosiyasi proseslər və meydana çıxan yeni çağırışlar fonunda milli dövlətlər üçün “kimin kimlə olacağı” seçiminin aktuallığını artırıb. Bu kimi reallıqlar fonunda Azərbaycanın BRİCS-ə üzv olmaq istəyi tam başadüşüləndir. Ölkəmiz rəsmi müraciətədək BRİCS-ə üzv qəbul olunmaq istəyini müxtəlif səviyyələrdə ifadə edib. Xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkləyib.
Son olaraq bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində bildirib. “BRİCS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, - deyə səfir vurğulayıb.
Azərbaycanın imkanları və gözləntiləri
Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi qarşılıqlı maraqlar üzərində qurulub. Ermənistan kimi ölkələrin üzv olduqları beynəlxalq təşkilatlarda təmsilçiliyi formal xarakter daşıyır. Bu ölkə üzv olduğu təşkilatlardan ancaq umacaqlarının, ala biləcəklərinin fərqindədir. Azərbaycanın isə potensialı ölçüyəgəlməz qədər genişdir. Respublikamız əməkdaşlıq etdiyi təşkilatların fəaliyyətinə həm töhfələr vermək iqtidarındadır, həm də, əlbəttə ki, bundan faydalanmağa çalışır.
Ölkəmiz BRİCS-də təmsilçiliklə müəyyən iqtisadi və siyasi məqsədləri hədəfləyir. Ölkəmiz xarici siyasətini davamlı olaraq şaxələndirir. BRİCS-ə üzvlük bu strateji kursa maneçilik yaratmır, əksinə imkanları daha da artırır. Qurumun yaxşı cəhətlərindən biri ondan ibarətdir ki, burada üzvlük digər beynəlxalq platformalarla əməkdaşlığı inkar etmir, yəni ölkələrin qarşısına məhdudiyyətlər qoyulmur. Beləliklə də, Azərbaycan BRİCS sıralarına qatılmaqla yeni coğrafiyalarda yeni əməkdaşlıq əlaqələri qura bilmək imkanı qazanacaq.
Azərbaycanla qurumda təmsil olunan Rusiya və Çin arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. Respublikamız hər iki ölkə ilə müttəfiqlik münasibətlərini özündə ehtiva edən sənədlər imzalayıb. Həmin sənədlərdə qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri öz əksini tapıb. Üç ölkə arasında siyasi dialoqun yüksək səviyyəs?nə uyğun olaraq müxtəlif istiqamətlərdə iqtisadi əlaqələr də genişlənir. Rusiya və Çin bizim ən çox ticarət etdiyimiz üçüncü və dördüncü ölkələrdirlər. BRİCS-də təmsilçilik ölkəmizin iqtisadi əlaqələrinin coğrafiyasını genişləndirmək üçün yeni perspektivlər aça bilər.
Ən mühüm məqamlardan biri kommunikasiyalarla bağlıdır. İndiki geosiyasi gərginliklər fonunda Avrasiyada nəqliyyat bağlantılarına maraq heç vaxt olmadığı qədər artıb. Məlum səbəblərdən ölkələr və daşıma şirkətləri yeni, daha təhlükəsiz marşrutlar axtarışındadırlar. Burada da Azərbaycanın həm təqdim edə biləcəyi imkanlar, həm də qazana biləcəyi dividentlər kifayət qədər çoxdur. Ölkəmizin niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Çin-Avropa, Rusiya-Hindistan-İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər. Söhbət qlobal Qərblə qlobal Şərq arasında əməkdaşlığın zəruriliyindən gedirsə, burada həm siyasi-iqtisadi, həm də coğrafi və nəqliyyat bağlantıları nöqteyi-nəzərindən Azərbaycan unikal mövqeyə malikdir. İlk növbədə onu vurğulamaq istərdik ki, bu gün Azərbaycan Qərblə Şərq arasında birləşdirici, sülh, barışıq yaradan bir dövlət qismində çıxış edir. Respublikamızın həm Avropa dövlətləri, həm də Asiya ölkələri, Şərq dünyası ilə çox yaxşı münasibətləri var. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, irqçiliyə, ksenofobiyaya qarşı qəti mövqe tutur və multikulturalizmi təşviq edir. Bunun nəticəsidir ki, bu gün respublikamızda milli zəmində hər hansı bir ixtilaf yaşanmır. Eyni zamanda, ölkənin daxili mühiti uzunmüddətli sabitliklə səciyyələnir. Bütün bunlar tranzit daşımaları üçün çox önəmli amillərdir.
Azərbaycanın digər üstünlüyü isə uzun illər ərzində böyük həcmlərdə sərmayə qoyuluşu hesabına yaradılan müasir infrastrukturla bağlıdır. Ölkə ərazisindən Şərq-Qərb, Şimal-Cənub dəhlizləri, Transxəzər marşrutu (Orta Dəhliz) keçir. Bütün marşrutlar üzrə yüksəksəviyyəli yollar çəkilib, Ələtdə Xəzər sahillərində ən böyük liman inşa olunub, dəniz donanmasının maddi-texniki bazası yeni tankerlər hesabına möhkəmləndir?lib, Bakı - Tbilisi - Qars dəmir yolu xətti çəkilib. Həmçinin ölkə rəhbərliyi perspektivdə nəqliyyat infrastrukturunun genişləndirilməsinə güclü siyasi iradə göstərir. Xüsusilə Şimal-Cənub Dəhlizi BRİCS ölkələri üçün çox önəmli bir marşrutdur. İndiyədək Azərbaycanın ərazisində bu dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda ölkəmizdə bəhs olunan marşrutun ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi istiqamətində fəal çalışmalar həyata keçirilir. Bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilmə tədbirlərinə təxminən 120 milyon dollar ekvivalentində vəsait ayrılması nəzərdə tutulub. Söhbət ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından gedir və bu, tamamilə realdır. Bundan başqa, yaradılacaq Zəngəzur Dəhlizi Transxəzər marşrutunun bir qolu kimi inkişaf etdiriləcək. Hazırda ölkəmizin ərazisində bu dəhlizin bütün seqmentləri üzrə layihələr sürətlə icra olunmaqdadır. Eyni zamanda, Azərbaycan BRİCS-in üzvü olan İranla yeni nəqliyyat bağlantısı yaradır. Bu marşrut Zəngəzur Dəhlizi ilə paralel şəkildə fəaliyyət göstərəcək ki, bu da Avropa ilə Asiya arasında daşımalar üçün yeni imkanlar açacaq.
Azərbaycanın BRİCS-ə üzv qəbul olmaq istəyindən bəhs edərkən digər bir vacib amili də qeyd etmək lazımdır. Bu da Türkiyə faktorudur. Qardaş ölkə də BRİCS-ə üzv olmaq niyyətindədir. Azərbaycanla Türkiyə bütün istiqamətlərdə fəaliyyələrini, o cümlədən də xarici siyasətlərini həmişə bir-biri ilə uzlaşdırırlar. Şübhə yoxdur ki, iki qardaş ölkənin BRİCS-ə doğru yolu uğurlu olacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45

