Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şənbə üçün nəzm

Şənbə üçün nəzm

17.10.2026 [08:35]

Xatirə Xatun

Taleyim yarpaq kimi əlində küləklərin,

Bu sevda dənizində bir yelkənsiz gəmiyəm.

Soruşma ki necəyəm, necə keçir günlərim,

Yaşayıram birtəhər, görmədiyin kimiyəm...

Bilmədiyin kimiyəm...gəl ki biraz dərdləşək,

Yenə əvvəlki kimi qopaq bu yer üzündən.

Peşmanlıqlar tökülsün gözlərindən yuxu tək,

Mən də şikayət edim sənə sənsizliyimdən.

Qoy kənardan baxanlar dəli desinlər mənə,

Sevincimdən gah bir az gülüm, bir az ağlayım.

Uşaq kimi qısılım, baş söykəyib sinənə,

Burnumu köynəyinə silim, bir az ağlayım

Həsrətindən hər gecə damla-damla əridim

gün altında qar kimi...

taleylə barışmışam.

Adını söyləməkdən nə fayda var?

Kiridim...

Hər şey bir yana qalsın,səsinçün darıxmışam...

Ötüb keçdi o günlər, çətin ki geri dönər,

Burdan- bura nə qalıb daha ömrün qışına?

Yenidən təzələnər köhnəlmiş xatirələr

Unutdun sandıqların qəfil çıxsa qarşına...

Soruşma ki necəyəm, necə keçir günlərim,

yaşayıram birtəhər, görmədiyin kimiyəm

Taleyim yarpaq kimi əlində küləklərin,

Bu sevda dənizində bir yelkənsiz gəmiyəm

***

Özün çox uzaqdasan, intizarın yanımda,

Bu həsrəti, hicranı daşıyıram canımda.

Nə qədər xatırlayım, yada salım, anım da,

Nə sevincim deyilsən, nə də qəmim deyilsən,

Mənimçün doğulmusan, amma mənim deyilsən.

Səni necə unudum, ay uzaq yadım mənim,

Lal harayım, üsyanım, səssiz fəryadım mənim,

Heç vaxt qoşa çəkilməz adınla adım mənim,

Nə sevgilim deyilsən, nə həmdəmim deyilsən,

Mənimçün doğulmusan, amma mənim deyilsən.

Yastığa üz söykəyib de nə qədər ağlayım,

Sənlə keçən günləri, ayları varaqlayım,

Səni harda axtarım, de, harda soraqlayım,

Köməyimə, dadıma sən yetənim deyilsən,

Mənimçün doğulmusan, amma mənim deyilsən.

Nədir səndən ötəri çəkdiyim bu əziyyət,

Bu məşəqqət, bu zülm, bu intizar, bu həsrət,

Belə sevgi olarmı, de, bu necə məhəbbət?

Mən sənə pərvanəyəm, sənsə şəmim deyilsən,

Mənimçün doğulmusan, amma mənim deyilsən.

Sənsiz keçən gün yalan, ay yalan, yalan zaman...

Kövrələndə, küsəndə, gözlərim dolan zaman,

Ya bu sınıq ürəyim pərişan olan zaman,

,,Heç darıxma, mən varam”-söyləyənim deyilsən.

Mənimçün doğulmusan, amma mənim deyilsən...

   

***

Bərəkalllah ilqarına, əhdinə,

Buza yazdın, günə qoydun bu eşqi.

Sən kiminin ilqarı nə, əhdi nə,

Yaman bərbad günə qoydun bu eşqi.

Könül sevər sevənlərin mərdini,

Xoş üzünü, bəd üzünü, sərtini.

Çəkəmmədin cəfasını, dərdini,

Axır yenə mənə qoydun bu eşqi.

And içmişdik bu sevgini qoruyaq,

Küllənməsin, soyumasın bu ocaq.

Hardan gəldi sevgimizə bu sazaq?

Qar-borana, çənə qoydun bu eşqi.

Nə təhərəm, bir yadına salmadın,

Nələr çəkdim, heç vecinə almadın.

Qorumadın, qayğısına qalmadın,

Getdin dönə-dönə, qoydun bu eşqi.

Elə vurdun, yarasından dağladın,

Sənə gələn yollarını bağladın.

Qəlbisınıq, gözü yaşlı saxladın,

Yalqız, tənha yenə qoydun bu eşqi.

Xatun deyər saçlarıma düşdü dən,

Təqsirkarı zamanmıdır, yoxsa sən?

Gözün aydın, bitdi daha, bu gündən,

Ağlın töhmətinə qoydun bu eşqi.

***

Könlüm evi bir zindandır.

Bu zindanın neçə-neçə əsiri var.

Hər əsirin öz sirri var.

Əl çatmayan arzularım, xəyallarım,

Ümidlərim, istəklərim, amallarım,

Ömürlük həbs alanı var-yatır burda,

Bir vaxt azad olanı var-yatır burda.

Neçə arzum zindandadır gör nə vaxtdır,

Necə hissim zindandadır gör nə vaxtdır.

Bu da baxtdır?

Öz əlinlə öz arzunu,

istəyini zəncirə vur,

Sonra otur yasını qur?

Amma bir tək-

yeri gəlib deyəm gərək-

Göz yaşımı,

qəlbimdəki damla-damla o əriyən buz daşını

tutammamdım.

Nə zindana salammadım,

Nə zəncirə vurammadım.

 Yalnız bir tək

göz yaşımı əsir etmək mənlik deyil.

O azaddır,

canı çəksə hey axacaq veyil-veyil.

Gözlərimin bulağından daşacaq o.

Özüm üçün bərkitdiyim sərhədləri

 və hədləri aşacaq o.

,,Burda olmaz,

orda dayan,hamı baxır,

İndi olmaz, başqa zaman...

“O isə axır...

Nə ağlıma qulaq asır,

 nə könlümü dinləyir o.

Gör nə vaxtdır yalvarmaqdır ona peşəm,

Bir zindanın rəisiykən,

bir əsirə çevrilmişəm...

Paylaş:
Baxılıb: 19 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31