Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / QHPŞ və Pan-Afrika Parlamenti arasında Anlaşma Memorandumu...

QHPŞ və Pan-Afrika Parlamenti arasında Anlaşma Memorandumu...

18.09.2026 [10:21]

Memorandum iki parlament platforması arasında əməkdaşlığı inkişaf etdirəcək

Azərbaycan beynəlxalq platformalarda fəal təmsil olunur. Ölkəmizin xarici siyasət kursunda parlament diplomatiyasının da mühüm rolu var. Ümumən, müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının artan nüfuzu artıq reallıqdır. Məhz bu tendensiyanın nəticəsidir ki, son illərdə qanunverici orqan vasitəsilə atılan addımlar Azərbaycanın dövlət strategiyasının mühüm komponentinə çevrilib. Parlament diplomatiyasının məqsədi dövlətlər və regionlar arasında əlaqələrin və inteqrasiyanın dərinləşdirilməsinə nail olmaqdır.

Milli Məclisin beynəlxalq əlaqələri genişlənir

Bütün bunların nəticəsidir ki, Milli Məclisin beynəlxalq əlaqələri genişlənir. Yeri gəlmişkən, sentyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Pan-Afrika Parlamentinin Afrika qitəsində parlamentlərarası dialoqun təşviqində, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində və ümumi inkişaf məqsədlərinin irəli aparılmasında mühüm rol oynadığı qeyd olunub.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi Afrika ölkələrinin parlamentləri ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Bu baxımdan, parlament diplomatiyasının inkişafı, parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi, siyasi dialoqun möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (GHGT) fəaliyyəti, Azərbaycanın QHPŞ-yə sədrliyi dövründə görülmüş işlər, ölkəmizin irəli sürdüyü təşəbbüslər barədə məlumat verib. Spiker bundan sonra Pan-Afrika Parlamentinin Afrika dövlətlərinin parlamentləri ilə əlaqələrimizin inkişaf etdirilməsi üçün daha bir uğurlu platforma olacağına əminliyini ifadə edib.

Qonağın Pan-Afrika Parlamentini təmsil etməklə yanaşı, eyni zamanda, Əlcəzair parlamentinin üzvü olduğunu bildirən spiker Sahibə Qafarova, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə məmnunluq hissi doğurduğunu qeyd edib.

Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq isə bu vəzifəyə seçiləndən sonra Afrika hüdudlarından kənarda səfər etdiyi ilk ölkənin Azərbaycan olduğunu vurğulayıb. Parlament diplomatiyasının artan rolundan danışan qonaq, rəhbərlik etdiyi təşkilatın ölkələrin parlamentləri, həmçinin beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Söhbət zamanı Pan-Afrika Parlamenti ilə Azərbaycan Milli Məclisi, habelə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Pan-Afrika Parlamenti ilə QHPŞ arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova və Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq imzalayıblar. Spiker Sahibə Qafarova bu sənədin iki parlament platforması arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm addım olduğunu diqqətə çatdırıb. Fatih Boutbiq isə Pan-Afrika Parlamenti ilə QHPŞ arasında imzalanan Memorandumun iki parlament təsisatı arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə və gələcək fəaliyyət üçün möhkəm zəmin yaradılmasına xidmət edəcəyini deyib.

Pan-Afrika Parlamenti Afrika İttifaqının qanunverici orqanıdır

Qeyd edək ki, Pan-Afrika Parlamenti  Afrika İttifaqının qanunverici orqanıdır. Qurum ilk iclasını 2004-cü ilin mart ayında keçirib. Parlament nəzarət funksiyasını həyata keçirir, həmçinin məsləhət və konsultasiya səlahiyyətlərinə malikdir. Pan-Afrika Parlamentinin qərargahı əvvəlcə Efiopiyanın Əddis-Əbəbə şəhərində yerləşirdi, lakin sonradan Cənubi Afrikanın Midrand şəhərinə köçürülüb. Təşkilatın təsis edilməsində məqsəd bütün Afrika ölkələrini təmsil edən parlamentarilərin bir araya gəlib müzakirələr apara biləcəyi və bütün qitəyə təsir edən məsələlərlə bağlı siyasət müəyyənləşdirəcəyi bir platforma  yaratmaqdır. Qurum üzvlərin ümumi seçki hüququ əsasında seçilən və tam qanunvericilik səlahiyyətlərinə malik bir təsisat olmağı hədəfləyib.

Pan-Afrika Parlamenti, onu təsis edən Protokolu ratifikasiya etmiş hər bir üzv dövlətdən (həmin dövləti təmsil edən ən azı bir qadın da daxil olmaqla) maksimum beş üzvdən ibarətdir. Bu üzvlər müvafiq üzv dövlət və onun daxili qanunvericilik orqanı tərəfindən seçilir.

Ümumiyyətlə, Pan-Afrika Parlamenti üç əsas orqandan ibarətdir: plenar iclas, büro və katiblik. Həmçinin, səlahiyyət və funksiyaları PAP-ın Daxili Nizamnaməsində müəyyən edilmiş on daimi komitə və bir xüsusi təyinatlı komitə mövcuddur. Plenar iclas parlamentin əsas qanunvericilik və müzakirə bölməsidir. Burada nümayəndələr Afrika ilə bağlı məsələləri və mümkün həll yollarını müzakirə etmək üçün mütəmadi olaraq bir araya gəlirlər. Büro isə parlamentin rəhbər orqanı olub, bir sədr və dörd sədr müavindən ibarətdir. Onların hamısı plenar iclasda nümayəndələr tərəfindən seçilir. Parlamentin digər orqanı olan Katibliyin də müəyyən funkisyası var. Bu orqana katib və katib müavinləri rəhbərlik edir. Bu strukturlar birlikdə Pan-Afrika Parlamentinin fəaliyyətini tənzimləyən  məqsədləri müəyyənləşdirir, qərarlar verir və həyata keçirir.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30