Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nüvə təhdidi pik həddə çatır

Nüvə təhdidi pik həddə çatır

11.06.2026 [09:17]

Avropa ABŞ ilə “yarışa girib” - nəticə nə vəd edir?

Beynəlxalq aləm yenidən nüvə təhdidi ilə üz-üzədir. Qlobal rəqabətin hərbi müstəvidə yeni mərhələyə keçməsi ən təhlükəli və öldürücü silahdan istifadə gündəmini ortaya gətirib. Artıq bəzi dövlətlər bununla bağlı hərəkətə keçməyə çalışır. Qeyd edək ki, bir müddət əvvəl Fransanın ölkə hüdudlarından kənarda nüvə silahı yerləşdirməklə bağlı təşəbbüsü irəli sürülmüşdü. Fransanın təklifi bir sıra Avropa ölkələrinin marağına belə səbəb olmuşdu - prezident Emmanuel Makronun nüvə silahı daşımaq qabiliyyətinə malik “Rafale” təyyarələrinin tərəfdaş ölkələrin bazalarında yerləşdirmək ideyasına Almaniya, Niderland, Belçika, Yunanıstan, Polşa, İsveç və Danimarka həvəslə yanaşmışdı. ABŞ-ın “nüvə çətirinə” üstünlük verən bəzi ölkələr, o cümlədən İtaliya və Baltikyanı dövlətlər isə təşəbbüsü dəstəkləməmişdi.

Vaşinqton nüvə əhatəsini genişləndirir...

Bu ayın əvvəlində isə “Financial Times” qəzeti ABŞ administrasiyasının NATO-ya üzv olan Avropa dövlətlərində əlavə nüvə silahlarının yerləşdirilməsi ehtimalını müzakirə etdiyini yaymışdı. Qəzetin dərc etdiyi materialda müzakirələr barədə məlumatlı üç rəsmi şəxsə istinadla qeyd olunub: “ABŞ rəsmiləri nüvə silahına malik bombardmançı təyyarələrə ev sahibliyi edən mövcud altı ölkədən kənarda əlavə yerləşdirmələrə açıq olduqlarını bildiriblər”.

Qəzet qeyd etmişdi ki, bu addım nüvə zərbələri endirə bilən ABŞ-ın ikiqat qabiliyyətli təyyarələrinin (DCA) daha çox ölkəni əhatə etməsini nəzərdə tutur. Məqalədə bildirilmişdi ki, NATO-nun şərq cinahında yerləşən dövlətlər, o cümlədən Polşa və Baltikyanı ölkələr potensial olaraq DCA bazalarına ev sahibliyi etməkdə maraqlıdır. Vurğulayaq ki, məsələ ilə bağlı  Ağ Ev, Müdafiə Nazirliyi və NATO rəsmiləri hələ şərh verməyiblər. Pentaqonun siyasət rəhbəri Elbric Kolbi bundan əvvəl açıq şəkildə bildirib ki, ABŞ-nin Avropa müttəfiqləri ənənəvi silahlı qüvvələrdə liderliyi ələ alsalar da, Vaşinqton NATO üzvlərini qorumaq üçün nüvə silahlarından istifadə etməyə davam edəcək.

Qeyd edək ki, ABŞ 1950-ci illərdən bəri nüvə paylaşımı proqramının bir hissəsi olaraq Avropadakı NATO ölkələrinə nüvə silahları yerləşdirir. Hazırda Amerikanın B61 bombaları Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədəki bazalarda yerləşir. Alyansın özü nüvə silahına malik deyil və Vaşinqton silahlara nəzarəti özündə saxlayır.

ABŞ nüvə xərclərini artırıb...

Bu arada ABŞ-ın 2025-ci ildə nüvə silahlarına xərcləri ötən illə müqayisədə 22 faiz artaraq 69,2 milyard dollara çatıb. Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniyanın (İCAN) məlumatına görə, Vaşinqton nüvə arsenalına dünyanın qalan hissəsindən daha çox pul xərcləyib. Qeyd edək ki, 69,2 milyard dollar bütün digər nüvə güclərinin cəmindən çoxdur. Ümumilikdə, nüvə silahına malik doqquz ölkə (ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq, Fransa, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) arsenallarına xərcləri 19 faiz artıraraq rekord həddə - 119 milyard dollara çatıb.

Çin bu siyahıda 13,5 milyard dollar xərcləyərək ikinci yeri tutub. Böyük Britaniya Rusiyanı keçərək 12,6 milyard dollarla ikinci, Fransa isə 7,7 milyard dollarla üçüncü yerə yüksəlib. İCAN hesabatında göstərilir ki, son beş ildə nüvə gücləri öz arsenallarına ümumilikdə 471 milyard dollar xərcləyiblər. 2025-ci ildə bir gündə nüvə silahlarına xərclənən məbləğ 2 milyon insanı bir il ərzində doyura bilər və illik xərclər BMT-nin 32 illik adi büdcəsini ödəyər.

12 min 187 nüvə başlığı...

Dünyada yaranan nüvə təhdidi təhlükəsi Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SİPRİ) analitikləri tərəfindən də təsdiqlənir. Vurğulanır ki, nüvə silahına malik dövlətlər getdikcə tərksilah öhdəliklərindən imtina edir və nüvə arsenallarını artırmağa başlayırlar. SIPRI-nin hesablamalarına görə, 2026-cı ilin yanvar ayı etibarilə dünyada 12 min 187 nüvə başlığı var idi ki, bu da 2025-ci ilin yanvar ayındakı saydan 54 ədəd azdır. Bunlardan 9745-i hərbi ehtiyatlardadır - yerləşdirilən döyüş başlıqları və əməliyyat yerləşdirmə qabiliyyətinə malik anbarlarda saxlanılır. Ballistik raketlərə yerləşdirilən 2100 ilə 2200 arasında döyüş başlığı isə yüksək əməliyyat hazırlığındadır. Bu döyüş başlıqlarının demək olar ki, əksəriyyəti Rusiya və ABŞ-da, daha az sayda isə Fransa və Birləşmiş Krallıqda saxlanılır. Analitiklər Çin və Hindistanın da ballistik raketlərə döyüş başlıqları yerləşdirməyə başladığını yazırlar. SİPRİ direktoru Kərim Haqqaq bildirib ki, bəzi dünya liderləri başqa dövlətin hücumuna qarşı müdafiənin təminatı kimi nüvə silahlarını ön plana çəkirlər. Lakin, milli strategiyalar üçün nüvə silahlarına etibar etmək nüvə risklərini əhəmiyyətli dərəcədə artıra bilər.

SİPRİ-nin baş tədqiqatçısı və Amerika Alimləri Federasiyasının (FAS) Nüvə Məlumat Layihəsinin direktoru Hans Kristensen isə bildirib ki, nüvə güclərinin tərksilah öhdəliklərindən imtina etdiyinə və nüvə imkanlarını getdikcə genişləndirdiyinə dair faktlar getdikcə daha çox artır. Dövlətlər nüvə həllərinə müraciət etməklə yeni risklər yaradır və silahlanma yarışını qızışdırırlar.

START bitən kimi nüvə arsenalının artırılmasına start verildi...

Qeyd edək ki, dünyadakı doqquz nüvə gücünün statusu 1968-ci il Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) ilə təsbit edilib. Müqavilənin imzalanmasından bəri nüvə sınaqları keçirən ölkələr - Hindistan, Şimali Koreya və Pakistan - qeyri-rəsmi nüvə gücləri hesab olunurlar. İsrail isə istisna təşkil edir - onun nüvə sınaqları haqqında məlumat yoxdur. Rusiya və ABŞ dünyanın istifadəyə yararlı nüvə başlıqlarının təxminən 83 faizinə sahibdir. Onların birgə nüvə silahlarına sahibliyi digər ölkələrin arsenallarının artması səbəbindən tədricən azalır.

SİPRİ analitikləri qeyd edirlər ki, Rusiya və ABŞ hərbi arsenallarının ölçüləri 2025-ci ildə nisbətən sabit qalıb və ya az miqdarda artıb. Lakin hər iki dövlətin geniş modernləşdirmə proqramları gələcəkdə onların arsenallarının ölçüsünü və müxtəlifliyini artıracaq. Nüvə proqramları həmişə məxfiliklə əlaqələndirilib, lakin son illərdə nüvə silahına malik dövlətlər arsenallarının modernləşdirilməsi və genişləndirilməsində getdikcə strateji qeyri-müəyyənlik və qeyri-şəffaflıqdan istifadə edirlər. Bu, qismən Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (Yeni START) 2026-cı ilin fevral ayında bitməsi və nüvə gücləri arasında strateji dialoqun və ya birbaşa ünsiyyət kanallarının olmaması ilə əlaqədardır.

Moskva etiraz edir - qlobal konsensus əldə olunmadı...

Avropada gedən bu proses isə Moskva tərəfindən diqqətlə izlənilir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov bildirib ki, Rusiya Amerika nüvə silahlarının Avropadan çıxarılmasını və onların yerləşdirilməsi üçün infrastrukturun sökülməsini tələb edir. Onun sözlərinə görə, Moskva bu cür silahları mahiyyətcə strateji hesab edir.

Xatırladaq ki, may ayında Nyu-Yorkda Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) təxminən dörd həftə davam edən 11-ci İcmal Konfransı başa çatıb. İştirakçılar son beş il ərzində müqaviləyə riayət olunmasını qiymətləndirən yekun sənəd üzərində razılığa gələ bilməyiblər - konsensus əldə olunmayıb.

Böyük Britaniya nüvədaşıyan təyyarələr alacaqmı?

Bu arada Böyük Britaniya hökuməti vəsait çatışmazlığı səbəbindən B61-12 taktiki termonüvə bombaları daşıya bilən F-35A qırıcı təyyarələrinin alınmasını ləğv edə bilər. Bu barədə “The Telegraph” qəzeti hərbi mənbələrə istinadən məlumat verib. Bunlar iki Britaniya təyyarədaşıyan gəmisi, Kraliça Yelizaveta və Uels Şahzadəsindən idarə olunmaq üçün nəzərdə tutulmuş 138 F-35B daşıyıcı əsaslı qırıcı təyyarənin alınmasını tamamlamaq üçün nəzərdə tutulmuşdu. Daşıyıcı əsaslı versiya nüvə bombaları daşıya bilməz.

“The Telegraph”ın məlumatına görə, məsələ ilə bağlı Britaniyanın müdafiə naziri Con Healey ilə maliyyə naziri Reyçel Rivz arasında münaqişəyə yaranıb. Nəşr mənbələrə istinadən bildirib ki, Müdafiə Nazirliyi növbəti dörd il ərzində 28 milyard funt sterlinq maliyyə çatışmazlığı ilə üzləşəcək. Bu çatışmazlığın bir hissəsini kompensasiya etmək üçün digər nazirliklərin, xüsusən də Nəqliyyat Nazirliyi və Energetika Nazirliyinin proqramlarının büdcələri azaldılıb.

Qeyd edək ki, altıncı nəsil F-35A döyüş təyyarələri ABŞ-da istehsal olunur. ABŞ həmçinin bu təyyarələrin daşıya biləcəyi B61 nüvə bombasının təchizatına da nəzarət edir. 2025-ci ildə Böyük Britaniya bu təyyarələrdən 12-ni alacağını açıqlamışdı.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30