Antalya Diplomatiya Forumu - Ortaq strategiyalar və perspektivlər
18.04.2026 [12:44]
Dünən qardaş Türkiyədə beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) işə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə reallaşan tədbir bu il “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda təşkil edilib.
Üç gün davam edəcək forum çərçivəsində, liderlər panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur.
Sessiyalarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər, transformasiya prosesləri və regional inkişaflar ətrafında geniş spektrdə fikir mübadiləsi aparılır. Bununla yanaşı, müzakirələrdə siyasi, ekoloji, iqtisadi və texnoloji istiqamətlərdə formalaşan əsas gündəm mövzuları diqqət mərkəzində saxlanılır.
Ənənəvi olaraq Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə V Antalya Diplomatiya Forumuna qatılıblar.
Qlobal geosiyasətdə qardaş Türkiyənin artan rolunun təcəssümü
Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində Türkiyə XİN tərəfindən təşkil olunan ADF diplomatiya, beynəlxalq əlaqələr və qlobal çağırışlar üzrə fikir mübadiləsi aparmaq üçün yüksək səviyyəli beynəlxalq platformadır. Onun əsas məqsədləri qlobal diplomatik dialoqa töhfə vermək, çoxtərəfli əməkdaşlıq formatını təşviq etmək, yeni qlobal problemlərə diplomatik cavablar tapmaq və Türkiyənin diplomatik təşəbbüslərini qlobal platformada tanıtmaqdır.
Antalya Diplomatiya Forumunun ilk dəfə 2020-ci ilin martında keçirilməsi planlaşdırılmışdı. Lakin COVID-19 pandemiyası səbəbindən planlar təxirə salındı və ilk ADF 2021-ci ildə baş tutdu.
Dünyada beynəlxalq müzakirə platformalarının sayı çoxdur. ADF bu siyahıda yeni başlanğıc olsa da, elə ilk toplantısından qlobal səviyyədə belə bir müzakirə platformasına ehtiyac olduğunu təsdiqləyib. Bu gün dünya çox narahat bir dönəmdən keçir. İkinci dünya müharibəsindən sonra beynəlxalq ictimaiyyət dağıdıcı savaşlara “yox” deyirdi. Elə düşünülürdü ki, dünya müharibələrin fəsadlarından, ən əsası da milyonlarla insanın həyatına son qoyulmasından ibrət götürəcək və müharibə səhifəsini birdəfəlik bağlayacaq. Yeni beynəlxalq münasibətlər sisteminin idarə olunmasında, dünya nizamının qorunmasında, hamı üçün bərabər prinsiplərin gözlənilməsində Birləşmiş Millətlər Təşkilatına böyük ümidlər bəslənilirdi.
İllər ötdükcə dünya nizamında transformasiyalar baş verdi və təəssüf ki, bu transformasiyalar beynəlxalq prinsiplərin pozulması, BMT-nin rolunun azalması istiqamətində getdi. Deyə bilərik ki, son illərdə mənfi proseslər kuliminasiya nöqtəsinə yüksəlib. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır. Bəli, dünyanın ayrı-ayrı regionlarında güc mərkəzləri zorakı yollarla, hətta BMT qətnamələrinə məhəl qoymadan milli dövlətlərə qarşı aqressiyalar həyata keçirirlər. Qəzzada müharibənin aktiv fazası başa çatsa da, burada baş verən qətliamlar, 70 mindən çox insanın həyatını itirməsi unudulmur. Hazırda Yaxın Şərqin, Şərqi Avropanın müharibə alovuna bürünməsini, qlobal təchizatın təhdidlərlə üzləşməsini izləmək son dərəcə kədərlidir. Hətta nüvə silahlarından istifadə edilməsi ehtimalları ətrafında da tez-tez müzakirələr aparılır.
Belə acı reallıq fonunda dünyanın xilası naminə diplomatiyanın nə qədər önəmli olduğu aydın şəkildə başa düşülür. Bu, bəlkə də, hazırda bəşəriyyətin bir nömrəli çağırışıdır. Beynəlxalq birlik müharibələrdən imtina edərək diplomatiyaya üz tutmalıdır. Antalya Forumu da məhz bu çağırış fonunda yaranan platformadır. İndiyədək bu çərçivədə baş tutan tədbirlərdə ayrı-ayrı ölkələrin yüksəksəviyyəli rəsmiləri, müxtəlif beyin mərkəzlərinin təmsilçiləri, ekspertlər birmənalı şəkildə münaqişələrin həllində diplomatiyaya önəm verilməsinin zəruriliyini vurğulayıblar və optimal həll variantları təklif ediblər.
Belə bir platformanın Türkiyədə formalaşması da təsadüfi deyil. Son illərdə Türkiyə regional və qlobal proseslərə fəal müdaxilə etmək iqtidarında olan aktor qismində qəbul olunur. Buna qardaş ölkənin hər cür potensialı var. Əvvəla, Türkiyə hərbi qüdrəti ilə NATO-nun ikinci dövləti səviyyəsinə yüksəlib. Lakin Türkiyə hər zaman geosiyasətdə diplomatiyanı önə çəkir. Təkcə son illərdə rəsmi Ankara yaxın və uzaq coğrafiyalarda gedən müharibələrə məhz diplomatiya yolu ilə son qoyulmasına təşəbbüslər göstərib, müxtəlif səviyyələrdə aparılan danışıqlara məmnuniyyətlə ev sahibliyi edib. Eyni zamanda, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünyada hətta güc mərkəzləri tərəfindən də qəbul edilən və hörmət bəslənilən nüfuzlu liderdir. Mötəbər beynəlxalq təşkilatlarda onunla hesablaşırlar və irəli sürdüyü təşəbbüsləri qəbul edirlər. Beləliklə də, Antalya Diplomatiya Forumu çox doğru olaraq regional və qlobal geosiyasətdə qardaş Türkiyənin artan rolunun təcəssümü kimi dəyərləndirilir. İndiki reallıqlar şəraitində bu platforma Türkiyənin Avrasiya, Yaxın Şərq və Türk dünyası arasında bir körpü rolu oynadığını və yeni güc mərkəzinə çevrildiyini simvolizə edir. Forum regional və qlobal proseslərə güclü Türkiyənin ədalətə, beynəlxalq hüquqa əsaslanan vizionunu dünyaya nümayş etdirir. Son illərin təcrübəsi də təsdiqləyir ki, qardaş ölkənin mövqeyi dünya gündəliyinin müxtəlif məsələlərinin həllində bir növ açar funksiyasını yerinə yetirir.
ADF-nin tarixinə qısa baxış
ADF ildən-ilə əhatə dairəsini genişləndirir. İlk dəfə 2021-ci ildə keçirilən Antalya Diplomatiya Forumuna ümumilikdə 11 dövlət və hökumət başçısı, 45 nazir qatılıb. Bundan əlavə, tədbirdə beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələri, eləcə də biznes və akademik dairələrdən qonaqlar, 50-dən çox universitetin bakalavr, magistr və doktorantları da daxil olmaqla ümumilikdə 256 gənc iştirak edib. Forum çərçivəsində iki lider sessiyası, 15 panel iclas, 25 tədbir və iki gənclər forumu təşkil edilib.
2022-ci ilin 11-13 mart tarixlərində baş tutan növbəti Antalya Diplomatiya Forumu “Diplomatiyanın yenidən kodlaşdırılması” mövzusunda keçirilib. Tədbirdə ümumilikdə 17 dövlət və hökumət başçısı, 80 xarici işlər naziri və 39 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib. Forum çərçivəsində Demokratik İdarəetmə, Liderlik və Diplomatiya, Enerji Təhlükəsizliyi, İrqçilik və ayrı-seçkiliklə mübarizə, Avropa üçün strateji muxtariyyət, Afrikada inkişaf, Latın Amerikası və Karib hövzəsi, Asiya-Sakit okean regionunda əməkdaşlıq və rəqabət, Dezinformasiyaya qarşı mübarizə, Qeyri-qanuni miqrasiya, Yaxın Şərqdə regional əməkdaşlıq, Terrorla mübarizə, İqlim Dəyişikliyi və Enerji keçidi və digər mövzularda panel müzakirələri təşkil olunub.
ADF-nin üçüncü konfransının ilk olaraq 2023-cü il martın 10-dan 12-dək “Sülh və Nizam üçün Effektiv Diplomatiya” mövzusunda keçirilməsi planlaşdırılırdı. Lakin 2023-cü ildə Türkiyə-Suriya zəlzələsi səbəbiylə üçüncü forumun keçirilməsi vaxtı ilin axırlarına, daha sonra isə 1-3 mart 2024-cü il tarixinə dəyişdirilib. Paralel şəkildə mövzu da yenilənib. Belə ki, 2024-cü ildə baş tutan üçüncü ADF üçün “Çətinliklər dövründə diplomatiyanın inkişafı” əsas müzakirə mövzusu kimi müəyyənləşdirilib.
Antalyada IV Diplomatiya forumu 11-13 aprel 2025-ci il tarixində keçirilib. Forum “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunu əhatə edib. Dörd mindən çox qonağın qatıldığı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı iştirak edib. Tədbirə 50-dən çox ölkənin xarici işlər nazirləri, 70-dən artıq nazir qatılıb. Foruma, həmçinin təxminən 60 beynəlxalq təşkilatın yüksəksəviyyəli nümayəndələri təşrif gətirib. Forum çərçivəsində müxtəlif formatlarda 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılıb.
Dünyada V ADF-yə böyük maraq
ADF yeni diplomatik platforma kimi yüksəliş dövründən keçir. Onu Qərb mərkəzli forumlara alternativ kimi də dəyərləndirmək mümkündür. Forum ilk növbədə Avrasiya, Yaxın Şərq, Afrika və Türk dünyası ölkələrinin diplomatik səslərini gücləndirməyə xidmət edir. Lakin onun rolu heç də Qlobal Şərqlə Qlobal Qərb arasında bölücülük yaratmaq deyildir. Əksinə, yeni platformanın əsas missiyası qütblər arasında diplomatiya yolu ilə körpülər formalaşdırmaqdır. Xüsusilə gənc mütəxəssislərin forumla əməkdaşlığa cəlb edilmələri təqdirəlayiqdir. Bu həm də o anlama gəlir ki, forum daxilində müzakirələr bugünkü reallıqların perspektivləri nəzərə alınmaqla aparılır. Forumda təqdim olunan çıxışlar və panel müzakirələri ölkələrin diplomatik strategiyalarını müəyyənləşdirməsində, tərəfdaşlıq axtarışlarında və regional sabitlik təşəbbüslərində mühüm rol oynayır.
Builki V Antalya Diplomatiya Forumuna dünyada böyük maraq olduğu izlənilir. Foruma hazırlıq çərçivəsində tədbirə 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısının, 14 dövlət və hökumət başçısının müavininin, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazirin, eləcə də 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxsin qatılmasının gözlənildiyi barədə məlumat verilmişdi. Bildirilib ki, ayrı-ayrı sahələr üzrə təxminən 5 min nəfərin qatılacağı tədbir dünyanın müxtəlif ölkələrindən mindən artıq media mənsubu tərəfindən işıqlandırılacaq.
ADF 2026-da dövlət rəsmiləri ilə yanaşı akademiklər, iş dünyasının mütəxəssisləri, media və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gətirilərək qeyri-müəyyənliklərin ən yaxşı şəkildə idarə olunması, qlobal problemlərin həlli və gələcək çağırışlara hazırlıq yolları araşdırılacaq, mümkün həll yolları barədə fikir mübadiləsi aparılacaq və ən yaxşı təcrübə nümunələri paylaşılacaq. Builki tədbirdə Cənubi Qafqazdakı son vəziyyət də müzakirəyə çıxarılacaq mövzular arasında yer alır. Tədbir dialoqun təşviqi, etimadın yenidən bərpası və daha güclü əməkdaşlığın qurulmasını hədəfləyir.
Azərbaycanın fəal iştirakı...
Bu gün zirvədə olan Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz ruhuna uyğun olaraq respublikamız qardaş ölkənin liderliyi ilə ərsəyə gələn Antalya Diplomatiya Forumunda fəal iştirakçılığa malikdir. ADF Azərbaycanın hər cəhətdən müsbət reallıqlarını dünyaya təqdim etmək və unikal təcrübəsini bölüşmək üçün gözəl imkandır. Biz yuxarıda ADF-nin diplomatiya platforması olduğunu və dünyanı sülhə, sabitliyə çağırdığını vurğuladıq. Forumun missiyası ilə Azərbaycanın gündəliyi üst-üstə düşür. 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında şanlı zəfərlərə imza atmaqla Azərbaycan yalnız özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmədi. Bununla respublikamız eyni zamanda onilliklər boyunca müharibə riskləri ilə üz-üzə qalan Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün fundamental zəmin formalaşdırdı. Tarixdən bəllidir ki, müharibədə qalib gələn dövlətlər qarşı tərəfə şərtlər diqtə edirlər. Azərbaycan isə ortaya fərqli nümunə qoydu - heç bir iddia səsləndirmədən sülh yolu seçdiyini bəyan etdi və bu prosesi məntiqi sonluğa doğru inkişaf etdirməyə nail oldu. Məhz qalib Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin səylərinin nəticəsidir ki, bu gün Cənubi Qafqaz regionu heç vaxt olmadığı qədər sülhə yaxındır. Ölkəmizin keçdiyi yol dünya və çoxillik münaqişə vəziyyətində olan dövlətlər üçün nümunədir. Prezident İlham Əliyev digər nüfuzlu beynəlxalq platformalarda olduğu kimi Antalya Diplomatiya Forumunda da ölkəmizin təcrübəsini, sülh, əməkdaşlıq gündəliyini, regional və qlobal əhəmiyyətli layihələrdə fəal iştirakını özünə xas olan yüksək diplomatik məharətlə dünyanın diqqətinə çatdırır. Dövlətimizin başçısı IV ADF çərçivəsində qatıldığı çoxsaylı görüşlərdə və müzakirələrdə postmünaqişə dövründə Cənubi Qafqazda sülh təşəbbüslərinə, Zəngəzur dəhlizinin regional inteqrasiyaya təsirinə, Türk dünyasının vahid diplomatik strateqiyasının formalaşdırlmasına ehtiyac yarandığına, həmçinin respublikamızda həyat normasına çevrilmiş tolerantlıq mühitinə, Qlobal Qərblə Qlobal Şərq arasında körpü rolunu oynayan Bakı prosesinə diqqət çəkib.
Azərbaycan V Antalya Diplomatiya Forumunda da yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunur. Prezident İlham Əliyevin ənənəvi olaraq Antalya Diplomatiya Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Bu, bir reallıqdır ki, hazırda Azərbaycan yalnız Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rol almır, eyni zamanda davamlı olaraq sülh və diplomatiya təşəbbüsləri irəli sürməklə beynəlxalq birlikdə fəal mövqe tutur, regionun və dünyanın gələcəyinə öz töhfələrini verir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31

