Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-Serbiya: Dostluq və faydalı əməkdaşlığın yeni mərhələsi

Azərbaycan-Serbiya: Dostluq və faydalı əməkdaşlığın yeni mərhələsi

17.02.2026 [10:17]

Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında yeni strateji məqsədlərə çatmaq üçün möhkəm zəmin yaradır

Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirməklə yeni strateji məqsədlərə çatmaq üçün potensial imkanların müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyeva Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etməsi mədəni-humanitar dostluğa dərin hörmətin ifadəsi hesab edilə bilər.

Azərbaycan və Serbiya dövlət başçılarının keçirilən təkbətək görüşündə yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı ilə bağlı faydalı müzakirələr aparılıb, siyasi-iqtisadi və humanitar platformalarda ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını vəziyyəti müsbət dəyərləndirilib.

Tərəfdaşlıq Planı münasibətləri yüksək səviyyəyə qaldırıb

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam etməkdədir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.

Azərbaycan və Serbiya strateji tərəfdaşlıq əlaqələrinə malik ölkələrdir. 8 fevral 2013-cü ildə Bakıda “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, 21 may 2018-ci ildə Bakıda “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” və 23 noyabr 2022-cü ildə Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalanıb ki, bu da münasibətlərin yüksəksəviyyəli ruhunu əks etdirir və son 4 ildə əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.

Azərbaycan Serbiya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Tərəflər arasında qurulmuş fəal siyasi dialoq beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəkləməsi ilə xarakterizə olunub. Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilib.

Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası

Belqradda Prezident İlham Əliyevin və Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi də mühüm siyasi-iqtisadi hadisə hesab edilə bilər. Tərəflər Şurada bir sıra mühüm mesajlar verməklə yaxın dostluq əlaqələrinin daim irəli getdiyini vurğulayıblar. Prezident Aleksandar Vuçiçin vurğuladığı kimi, bu tədbir xüsusi önəm daşıyır. “Bu gün keçirilən görüşün və Şura iclasının xüsusi rəmzi əhəmiyyəti var. Çünki o, Serbiya Respublikasının ən mühüm milli bayramı günündə - Dövlətçilik Günündə keçirilir və bu tarixi biz ən yaxın dostlarımızla - Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik” ifadəsi Azərbaycana olan böyük ehtiram və etimadın nümunəsi deməkdir.

A. Vuçiç bildirib ki, bu iclas ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsidir və ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir, formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir: “Prezident Əliyevin, o cümlədən Azərbaycan Respublikası və Serbiya Respublikası hökumətlərinin yüksəksəviyyəli rəsmilərinin və nazirlərin burada olması bu Şuraya hər iki tərəfin verdiyi əhəmiyyəti aydın şəkildə göstərir. Əminəm ki, bu gün gördüyümüz iş konkret nəticələrə, aydın razılaşmalara və uzunmüddətli əməkdaşlığa aid mövqeyə əsaslanır”.

Serbiya Prezidenti bildirib ki, biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq. Bu məqsədə doğru gedəcəyik və müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq: “Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki, dostluq, daha yaxşı münasibətlərin qurulması, qarşılıqlı əlaqələr daha sürətlə və intensiv inkişaf etsin”.

Serbiya Prezidenti cənab İlham Əliyevin liderliyinə xüsusi qiymət verərək ondan çox şeyi öyrəndiyini də etiraf edib: “Mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin digər vaxtlarda. Elə bu səbəbdən bu gün həmin məqsədlə daha çox vaxt sərf etdim. Mən gələcəkdə də belə edəcəyəm. Bilirəm ki, o, çox sədaqətli dostdur. Bilirəm ki, biz Azərbaycandan çox yaxşı işlər gözləyə bilərik və inanıram ki, Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər. Serbiya nazirlərindən xahiş edərdim ki, onlar azərbaycanlı tərəfdaşlarımız kimi ürəkdən çalışsınlar”.

Əməkdaşlıq planlarına əsasən, yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşların açılması, mədəniyyət, idman, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, hərbi-texniki əməkdaşlıq kimi müxtəlif sahələrdə mümkün imkanların genişləndirilməsi nəzərdə tutulur. Yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini deyən A. Vuçiç yeni faydalı nəticələr əldə ediləcəyinə inandığını bəyan edib. Hazırda yeni əməkdaşlıq istiqamətlərindən biri Dubrovka elektrik enerjisi stansiyasının qurulmasıdır. Bu elektrik infrastrukturunun yaradılması da məhz Azərbaycan Prezidentinin köməyi sayəsində mümkünləşir və hazırda texniki əsaslandırma işləri aparılır. Bu proses başa çatdıqdan sonra həmin stansiyanın işləməsi və Serbiyanın enerji sisteminə qoşulacağı təmin ediləcək.

Balkanlarda və Cənubi Qafqazda vəziyyət çox sürətlə inkişaf edir

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Serbiya dost ölkələrdir,  bu dövlətin milli bayram günündə rəsmi səfərin baş tutmasının özü aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir: “Dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur. Bu gün Dövlətçilik Günüdür, dövlətçilik haqqında düşündüyümüz bir gündür. Serbiya xalqını və Prezidentini Serbiya dövlətçiliyinin möhkəmləndirilməsindəki nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Ölkə Prezidentinin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlətçiliyini, dövlət qurumlarını gücləndirir. Biz bunu müşahidə etməkdən çox şadıq, çünki Azərbaycan və Serbiya çox dost ölkələrdir. Strateji Şuranın bugünkü ilk iclası da qərar verilmiş və razılaşdırılmış məsələlərin həyata keçirildiyinin bariz bir nümunəsidir. Bu gün hökumət üzvlərinin demək olar ki, yarısı məni müşayiət edir. Bu, özü də onu göstərir ki, nümayəndə heyətlərinin üzvləri arasında, hamımızın arasında müzakirə ediləcək çoxlu məsələlər var. Dostum Aleksandarın Azərbaycana bu il tezliklə baş tutacaq səfərindən əvvəl bugünkü səfərin nəticələrini artıq əldə etməliyik. Mən Azərbaycan nümayəndə heyətinin bütün üzvlərindən xahiş edirəm, buna maksimum dərəcədə ciddi yanaşsınlar ki, həmişə olduğu kimi, razılaşdıqlarımızı nisbətən qısa müddət ərzində həyata keçirək”.

Azərbaycan Prezidenti həmkarı Vuçiçlə geniş müzakirələr apardığını bildirib və onun geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı baxışı, bilik və təcrübəsinin güclü təəssürat yaratdığını xatırladıb. Belə ki, Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmaq hədəflərə maksimum dərəcədə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Serbiyanın elektrik enerjisi təminatında Azərbaycanın dəstəyi

Azərbaycan və Serbiya arasında yeni tərəfdaşlıq sahələrinə gəlincə, gündəlikdən və iclasda təmsil olunan geniş nümayəndə heyətinin üzvlərinin təqdimatlarından da aydın olur ki,  gündəlik çox genişlənir. Hər iki ölkə təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmir, eyni zamanda, iqtisadiyyatlar, sənaye sektorları üçün vacib layihələr icra edir. Azərbaycanın Serbiyanın sənaye sektorunda mühüm yer tutan elektrik stansiyasının tikintisinə önəm verməsi də müasir enerji gündəliyinin istiqamətlərindən biri kimi əhəmiyyət daşıyır. Eyni zamanda, bu, enerji sektorunda əməkdaşlığın şaxələndirilməsinin vacib göstəricisidir. Azərbaycan xeyli müddətdir ki, Serbiya ilə qaz əməkdaşlığını həyata keçirir, indi isə növbəti mərhələyə - qazın yekun məhsul olan elektrik enerjisinə çevrilməsi üzrə layihənin başlanması hər iki tərəf üçün maksimal enerji səmərəliliyi baxımından imkanlar açacaq.

Bu, həm də Avropa regionunda sərmayə planında əlavə mərhələ açır. Cənab İlham Əliyevin də vurğuladığı kimi bu, Azərbaycanın son illərdə Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq: “Bu, həmçinin yüksəksəviyyəli qarşılıqlı etimadı nümayiş etdirir. Çünki siz yalnız yaxşı münasibətlərinizin olduğu ölkəyə və tərəfdaşlarınıza etibar etdikdə investisiya yatırırsınız. Siz Aleksandar Vuçiçin müdrik rəhbərliyi ilə Serbiyada sabitliyin və inkişafın uzun müddət ərzində vacib amil olacağını bilirsiniz”.

İclasda hökumətlərarası komissiyaların sədrləri və digər aidiyyəti nazirlər məruzələrlə çıxış edib və münasibətlərin irəliyə aparılması üçün sənərəli təkliflər irəli sürüblər. Həmin çərçivədə Azərbaycanla Serbiya arasında energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Dövlət başçıları bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin təqdim olunması ilə əlaqədar tapşırıqlarını veriblər. Əməkdaşlığın turizm və mədəniyyət sahəsində inkişafında yeni imkanlardqan biri kimi Bakı-Belqrad aviareyslərinin bu ilin mayından başlayacağına dair razılıq əldə olunub. Bununla yanaşı, ölkələrimiz arasında humanitar təmasların və turizmin inkişafına töhfə verəcək digər addımların atılacağına da inam ifadə olunub.

Qeyd edək ki, prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının Qərarını imzalayıblar.

Yeni hədəf prioritetləri - sənədlərin mübadiləsi

Prezident İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi əlaqələrin yeni vizyonunu müəyyən etməklə mühüm hüquqi bazanın yaradılması kimi səciyyələndirilə bilər. Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”i, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiya Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu” mübadilə edilib. Həmçinin, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Serbiya Respublikasının İnformasiya və Telekommunikasiya Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Serbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” da mübadilə olunan sənədlər sırasındadır.

Əlaqələrin inkişafı üçün güclü potensial mövcuddur

Ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilər real potensialı əks etdirmir və siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmir. A.Vuçiçin də vurğuladığı kimi, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanları səfərbər etmək vacibdir. Mətbuata bəyanatında Serbiya Prezidenti qeyd etdi ki, biz bir-birimizlə məsləhətləşdik, bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, bir-birimizə açığıq və bir-birimizlə danışırıq. “Bizim əməkdaşlığımız həyatın hər bir sahəsində inkişaf edir. 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəmiz əvvəlkindən 16 dəfə, 16 faiz deyil, 16 dəfə çoxdur. Həmçinin strateji tərəfdaşlıq sayəsində biz Azərbaycanla yeni əlaqələr, mümkün olan ən yaxın əlaqələr qurmuşuq. Mən hesab edirəm ki, bu, Serbiya Respublikası və onun vətəndaşları üçün olduqca vacibdir. Bizim sosial həyatın müxtəlif sahələrində əməkdaşlığımız daha mühüm və daha böyük ola bilər və olmalıdır. Mən hesab edirəm ki, daha çox iş və səylərlə, bizim tərəfimizdən daha çalışqan yanaşma ilə gələcəkdə hətta daha yaxşı nəticələrə nail olacağıq”.

Qeyd edək ki, ötən dövrdə tərəflər arasında 57 sənəd imzalanıb və fevralı 15-də mübadilə olunan sənədləri də əlavə etdikdə onların sayı 65-ə yaxınlaşır.

Bu sənədlər isə siyasi, iqtisadi, sosial həyatın bütün sahələrində münasibətləri yaxşılaşdırmaq üçün möhkəm zəmin rolunu oynayacaq. Ümumilikdə, əvvəlki sənədlər və yeni imzalanmış anlaşma memorandumları müasir əməkdaşlıq gündəliyinin genişlənməsinə və potensialların reallaşdırılmasına, o cümlədən enerji sektorunda dayanıqlı təminatlara möhkəm hüquq baza yaradır.

Hər iki ölkənin biznes və investisiya qurumları arasında çox müsbət əlaqələr var. Biznes-forumlar iqtisadi təmasları əlalələndirmək üçün mühüm rol oynayır. Sentyabr ayında Azərbaycanda keçiriləcək investisiya forumunda biznes icması yeni təklif və təşəbbüslərlə layihələrin icrası istiqamətində əlavə prioritetləri müəyyənləşdirəcək. Eyni zamanda, Serbiya Prezidentinin də ölkəmizə səfəri gözlənilir ki, səfərdə biznes dairələri, bank sektoru və digər maliyyə-iqtisadi dairələrin nümayəndələrinin təmsliçiliyi iqtisadi-investisiya mübadilələrində yeni fürsət olacaq. Bu, həm də qlobal biznes təqdimatı layihəsi olan EXPO üçün imkan olacaq. Çünki Serbiyada 2027-ci ildə keçiriləcək ən böyük “EXPO 2027” tədbirində Azərbaycan da iştirak edəcək ki, sərgi öncəsində bizneslərin bir araya gəlməsi faydalı təşviqlərə yol açır.

Kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni qapı

İqtisadi əməkdaşlıq, kənd təsərrüfatı, eləcə də kənd təsərrüfatı məhsullarının mübadiləsi haqqında səylərin artırılması da vacib prioritetlərdəndir. Azərbaycanın, ələlxüsus da Zirənin və Naxçıvanın qida və kənd təsərrüfatı məhsulları Serbiya bazarı üçün xüsusi əhəmiyyət daşıyır. Digər mənbələrdən daxil olan məhsulların qiyməti ilə müqayisədə Azərbaycan mallarının ucuz təchizatı yerli fermerlər və emal tədarükçüləri üçün fürsət deməkdir. Bu, kənd təsərrüfatı məhsullarının Rusiya və digər ənənəvi bazarlardan yeni ixrac coğrafiyalarına, Avropanın, Serbiyanın yeni bazar strukturlarına daxil olmasını təşviq edən mühüm stimullardır. Bu baxımdan, azərbaycanlı sahibkarlar üçün yeni ticarət qapısı açıla bilər.

Qarşıda müasir enerji dövrü başlayıb. Serbiya müxtəlif dövrlərdə elektrik enerjisi ilə təchizatda fasilələrlə üzləşib, 20 il əvvəl gündəlik 6 saat ərzində elektrik enerjisi təmin edib, bugünkü vəziyyət sabitləşsə də, eyni vəziyyətin sabah yaşanması istisna deyil. Bu baxımdan bu ölkənin dayanıqlı elektrik enerjisi ilə təchizatında da Azərbaycan həlledici rol oynayacaq. A.Vuçiçin etiraf etdiyi kimi, Azərbaycanın giqavatlarla ölçülən elektrik enerjisi olacaq ki, bu, Serbiyanın da gələcək təminatına müsbət təsir edəcək. Həmçinin, Azərbaycan Serbiyanın daha çox elektrik enerjisi istehsalı üçün qaz təminatına kömək edəcək. SOCAR bu prosesdə qlobal şirkət kimi layihənin icrasında əsas partnyor olacaq və 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasının açılması gözlənilir. Qazla işləyən 500 meqavatlıq elektrik enerjisi stansiyası Avropa region üçün investisiya nümunəsinə çevriləcək.

Serbiyanın iqtisadi inkişaf yolu müəyyən qədər Azərbaycana yaxındır, heç bir dövlətdən asılı olmadan öz inkişaf modeli ilə irəliləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Serbiya - təbii sərvətləri olmayan bir ölkələr, buna baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır.

Pan-Avropa enerji ailəsinin üzvü

Serbiya hökuməti Azərbaycanın regionda və qlobal miqyasda etibarlı enerji ölkəsi kimi durmadan nüfuzunun artdığını, ələlxüsus da qaz sahəsində yeni tərəfdaşların enerji ailəsinə daxil olduğunu təqdir edərək, bu enerji zəncirində ölkəsinin də yer aldığını xatırladıb. Qeyd edək ki, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi koalisiyasında yer alan Avropa İttifaqı (Aİ) ölkələrindən biri kimi Serbiya ilə sıx əməkdaşlıq 3 ildir ki, müsbət dinamika üzrə davam etməkdədir. 2023-cü ildə Azərbaycanın Energetika Nazirliyi ilə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi, eləcə də SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu və qaz satışına dair müqavilə imzalanıb. Həmin sənədlərin icrası 2023-cü ildən təmin edilməyə başlayıb və Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Serbiyaya çatdırılması mümkün olub.

Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir ki, 12-si Avropa dövlətidir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamızdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.

Əsas ixrac istiqamətimiz Avropa məkanıdır...

Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Prezident İlham Əliyev bu baxımdan Serbiyanın enerji təhlükəsizliyində də köməyimimizi əsirgəməyəcəyimizi bəyan etdi: “İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq”.

Azərbaycan 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcək və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün ölkəmizin yeni və daha genişhəcmli transmissiya imkanları olmalıdır. Çünki əsas ixrac istiqamətimiz Avropa məkanıdır və bu ticarət şaxəsində Serbiyanın da yer alması üçün imkanlar artır.

Azərbaycan Prezidenti hədəf prioritetlərin təkcə enerji ilə kifayətlənmədiyini, bütün inkişaf kommunikasiya kanallarının müştərək icrasının vacibliyinə diqqət çəkdi: “Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”ndə Serbiyanın iştirakı

Serbiya ənənəvi yanacaq tədarükü ilə yanaşı, Azərbaycanın bərpaolunan enerji mənbələrinin tədarükündə də maraqlı tərəf kimi fəallıq nümayiş etdirir. Rəsmi Belqrad dəfələrlə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsinə xüsusi maraq göstərdiklərini və həmin dəhliz vasitəsilə nəql olunacaq Azərbaycanın “yaşıl enerji” ehtiyatlarının  əldə edilməsinə maraqlarını ifadə edib. Bu əməkdaşlıq Azərbaycanın bərpaolunan enerji resurslarını tədarük etməklə yanaşı, Serbiyanın enerji təchizatının şaxələnməsi və təmiz enerjiyə keçidinə, “yaşıl iqtisadiyyat” quruculuğuna töhfə verəcək.

Azərbaycan artıq bir çox ölkədə potensial səhmdar və sərmayədar obrazı ilə məşhurlaşmaqdadır. Bu investisiya zəncirinə Serbiyanı da əlavə edərək böyük həcmdə sərmayə qoymağa hazırlaşır.

Ümumilikdə, hər iki ölkə qarşılıqlı əlaqələri daha da irəliyə aparmaq, strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək və birgə layihələrin icrasını təşviq etmək üçün iradəyə malikdir və bu dayanıqlı potensialdan istifadə etmək niyyətini gizlətmir. A.Brnabiç qeyd edib ki, enerji, infrastruktur, aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud əməkdaşlıq imkanları qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün geniş perspektivlər açır.

Bir sözlə, Prezident İlham Əliyev və Aleksandar Vuçiçin mətbuata bəyanatlarında səsləndirilən fikirlər də təsdiqləyir ki, imkanlar daha böyükdür və qarşıda daha yeni dövr başlayır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28