Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 30 illik yolun qələbələri

30 illik yolun qələbələri

02.11.2022 [11:11]

Yaranmasının 30 ili tamam olan Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük Partiyasıdır. Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçilik maraqlarının, xalqın mənafelərinin etibarlı müdafiəçisidir. Yeni Azərbaycan Partiyası böyük güc mərkəzi olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 800 minə yaxın üzvü olan, sıralarında cəmiyyətin bütün təbəqələrindən olan fəalları birləşdirən, yüksək nüfuza sahib Yeni Azərbaycan Partiyası ümumxalq Partiyasıdır.

30 il əvvəl Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurət diktə etdi. Belə ki, 1992-ci ildə Respublikada ağır ictimai-siyasi vəziyyətin hökm sürdüyü, xaos, anarxiyanın yaşandığı, Ermənistanın işğalçılıq siyasətinin genişləndiyi bir vaxtda xalqı bu çətin durumdan çıxarmaq bacarığı olan güclü bir liderə ehtiyac var idi. Azərbaycan xalqı bu məsələdə dahi şəxsiyyət Heydər Əliyev fenomeninin üzərində dayandı. Ziyalıların Ulu Öndərə Yeni Azərbaycan Partiyasının yaradılması və rəhbərlik etməsi ilə bağlı müraciəti müasir Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Ümummilli Lider müraciətə müsbət cavab verərək Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, belə partiyanın Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayacağına inamını ifadə etdi. Bununla da Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə baş verdi. 1992-ci il noyabrın 21-də dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda keçirilən təsis konfransında yaradılan Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən siyasi partiya kimi rəsmi qeydiyyata alındı. 

Ulu Öndərin Yeni Azərbaycan Partiyasına Sədr seçilməsi və qısa zaman kəsiyində Azərbaycan xalqının iradəsi əsasında siyasi hakimiyyətə gəlməsi ilə dövlətçiliyimiz xilas edilərək, ölkədə siyasi sabitlik bərqərar olundu. Ümummilli Lider Azərbaycanın siyasi və iqtisadi inkişafı üçün fundamental əsaslar yaratdı. Cəbhədə atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı, “Əsrin müqaviləsi” kimi beynəlxalq neft Sazişi imzalandı. Dünyanın ən nüfuzlu şirkətləri tərəfindən iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda investisiyalar yatırıldı.

1995-ci ilin noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP ümumxalq inamını qazanaraq iqtidar partiyasına çevrildi. Həmin dövrdən etibarən hakim siyasi təşkilat ona olan inam və etibarı doğrultmaqda davam edir. Yeni Azərbaycan Partiyası yaradılarkən siyasi təşkilatın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi idi. Bu gün əminliklə demək olar ki, dahi şəxsiyyət Heydər Əliyevin bünövrəsini qoyduğu və Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası son 30 ildə Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi üçün üzərinə düşən tarixi missiyanı uğurla həyata keçirib və bu gün də bu inkişaf göz önündədir. 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində xalqın etimadını qazanaraq inamlı qələbə çalan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edilib, ölkəmiz güclü beynəlxalq nüfuza sahib olub. Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikirləri sosial siyasətin əsasını təşkil edir. Ölkəmizdə sosial proqramların əhatə dairəsi gündən-günə genişlənir, bütün bunlar vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində Qəhrəman Ordumuz Ermənistanın 30 illik işğalına son qoyub, torpaqlarımız azad edilib. Hazırda azad olunan ərazilərimizdə sürətli bərpa-quruculuq işləri aparılır, iri infrastruktur layihələri icra olunur, yaşayış massivləri salınır. Artıq “Böyük Qayıdış”a Zəngilanın Ağalı kəndindən başlanılıb. Digər azad olunan ərazilərimizdə məskunlaşmanın təmin edilməsi üçün zəruri addımlar atılır. Bununla yanaşı, Ermənistanla sülh sazişinin imzalanması, bölgədə kommunikasiyanın bərpası, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan qətiyyətli və birmənalı mövqe nümayiş etdirir. Rəsmi Bakının irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması sülh razılaşmasının əsas komponentidir. Əsas məqam isə ərazi bütövlüyüdür. Müharibədə və diplomatiyada sarsıdıcı məğlubiyyətlə üzləşən Ermənistanın üçtərəfli Bəyanatın tələblərinə əməl etməkdən, sülh gündəliyi çərçivəsində aparılan danışıqlara uyğun öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolu qalmayıb. Azərbaycanın bölgədə təmin etdiyi yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilməkdədir. Hazırkı çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirən Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevirilib. Belə bir şəraitdə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor, eləcə də Şərq və Qərb arasında nəqliyyat-logistika mərkəzi kimi rolu artmaqdadır.

Torpaqlarını azad edən Azərbaycan bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni dövr cəmiyyətimiz, o cümlədən hakim Yeni Azərbaycan Partiyası qarşısında yeni vəzifələr, hədəflər müəyyənləşdirir. Partiyanın 2021-ci il martın 5-də keçirilən VII Qurultayında dövlətimizin başçısı, YAP-ın Sədri İlham Əliyev çıxışı zamanı Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin bölgədə yeni reallıqlar yaratdığını vurğulayaraq, qarşıya qoyulan vəzifələrdən danışdı və bildirdi ki, yeni reallıqlar daha səylə çalışmağı bir tələb kimi qarşıya qoyur: “Hesab edirəm ki, Partiya yenilənmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zaman dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, Partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, Partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, Partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm”. Beləliklə, 30 illik şərəfli yol qət edən Yeni Azərbaycan Partiyası daha güclü Azərbaycan naminə yeni hədəflərə doğru uğurla irəliləyir.

Yeni Azərbaycan Partiyasında daha bir mühüm tarixi hadisə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Partiya Sədrinin I müavini təyin olunmasıdır. Mehriban xanımın Partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun artması, siyasi təşkilatın daha da güclənməsi baxımından mühüm böyük əhəmiyyətə malikdir. Xalqımızın dərin rəğbətini və sevgisini qazanan Mehriban xanım Əliyevanın milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyəti, ölkəmizin ictimai-siyasi həyatında tutduğu mövqe, aktiv fəaliyyəti hakim Partiyanın işinə mühüm töhfələr verməkdədir. Ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət, Cənab Prezident İlham Əliyevin siyasətinə inam və Mehriban xanım Əliyevaya olan ümumxalq məhəbbəti Partiyamızın yeni mərhələdə daha böyük ugurlar qazanacağının təminatıdır.

Ulu Öndərin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Onu da vurğulamaq lazımdır ki, Yeni Azərbaycan Partiyasında gənclərə öz potensial imkanlarından maksimum istifadə etmələri üçün bütün şərait yaradılıb. Bu, partiyamızın işində fəal iştirak edən gənclərin strateji vəzifələrin uğurla yerinə yetirməsini təmin edərək, ölkəmizin dinamik inkişafı üçün daha çevik və səmərəli fəaliyyətlərinə yol açır. Yeni Azərbaycan Partiyası hər zaman gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində Vətən sevgisinin nə qədər böyük olduğunu sübut etdi. Gənclərimiz silaha sarılaraq torpaqlarımızı işğaldan azad edib, üçrəngli bayrağmızı azad edilmiş ərazilərimizdə dalğalandırdılar. İgid əsgərlərimiz gözlərini qırpmadan Vətən torpağı uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.

Biz Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünü müstəqil, güclü və Qalib bir dövlətdə qeyd edirik. Mən Qalib ölkənin qalib Partiyasının üzvü olmağımla fəxr edirəm! Qarabağ Zəfərini xalqımıza yaşadan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyası xalqımızın inam və etimadı sayəsində bundan sonra da parlaq qələbələrə imza atacaq!

Emin Hacıyev

Milli Məclisin deputatı

Paylaş:
Baxılıb: 718 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31