Bələdiyyə seçkiləri ilə bağlı pulsuz təbliğat-təşviqat aparmaq hüququnu yalnız YAP qazanıb

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı İctimai Televiziya və Radioda, həmçinin, dövlət büdcəsindən maliyyələşən qəzetlərdə pulsuz təbliğat-təşviqat aparmaq hüququnu yalnız Yeni Azərbaycan Partiyası (YAP) qazana bilib. APA-nın məlumatına görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq YAP ölkə ərazisindəki bələdiyyələrin 50 faizindən çoxunda namizəd irəli sürüb. Digər partiyalar isə bu baryeri aşa bilməyiblər. Buna görə də YAP televiziya və radioda alternativləri olmadan kampaniya aparmaq imkanı əldə edib. Seçki Məcəlləsinin tələbinə əsasən partiya rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına müraciət etdikdən sonra təbliğat-təşviqat kampaniyası dövründə ona efir vaxtı ayrılacaq.