YAP Xaçmaz rayon təşkilatının YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş silsilə müşavirələri uğurla davam edir

YAP Xaçmaz rayon təşkilatının YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş silsilə müşavirələri uğurla davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş silsilə müşavirələri uğurla davam edir. Növbəti görüş İstisu qəsəbə tam orta məktəbində İstisu, Susayqışlaq, Seyidlikəndyeri və Nabran kənd ərazi partiya təşkilatlarının iştirakı ilə baş tutub. Tədbirdən əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Giriş sözü ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev bildirib ki, Qurultaydan sonra keçirilən silsilə müşavirələrin əsas məqsədi partiya sədrinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqindən irəli gələn mühüm hədəfləri və tapşırıqları partiya üzvlərinə çatdırmaqdır. Sədr xüsusi olaraq vurğulayıb ki, dövlətimizin başçısının hər zaman partiya üzvlərinə, o cümlədən yerlərdə fəaliyyət göstərən təşkilatlara böyük etimadı və inamı var. Emil Tağıyev qeyd edib ki, ölkəmizin qüdrətlənməsində, əldə olunan tarixi Zəfərin qorunmasında və gələcək inkişaf strategiyasının həyata keçirilməsində hər bir partiya üzvünün üzərinə mühüm məsuliyyət düşür. Müasir dövrdə ideoloji təhlükəsizliyin qorunmasının, gənclərin milli-mənəvi dəyərlər ruhunda, vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini diqqətə çatdıran sədr, ərazi partiya təşkilatlarının bu istiqamətdə daha da aktiv fəaliyyət göstərməli olduğunu qeyd edib. Daha sonra çıxış edənlər YAP-ın VIII Qurultayının tarixi qərarlarından, ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs ediblər. Qurultay nümayəndəsi Yaşar Abbasov, İstisu qəsəbə tam orta məktəbin direktoru Aygün Hüseynova və Susayqışlaq kənd ƏPT sədri Amil Rəhimov çıxış edərək cənab Prezidentin qarşıya qoyduğu tapşırıqların yerlərdə uğurla icra olunduğunu bildiriblər. Görüşdə digər iştirakçılar da çıxış edərək ölkəmizdə və regionlarımızda vüsət alan sürətli inkişaf proseslərini yüksək qiymətləndirib, yerlərdə ideoloji işin təşkili və təbliğatı ilə bağlı dəyərli mülahizələrini bölüşüblər. Tədbirin sonunda gündəlikdə duran digər məsələ – təşkilati məsələyə baxılıb. İstisu qəsəbə ərazi partiya təşkilatına (ƏPT) sədr seçkiləri keçirilib və Zaur Mövsümov yekdilliklə İstisu qəsəbə ƏPT-nin sədri seçilib.