Qərbi Azərbaycanın təhsil tarixi xalqımızın milli şüurunun, mədəniyyətinin inkişafında və formalaşmasında böyük rol oynamış şəxsiyyətlərlə zəngindir. Onlar cəhalətə qarşı mübarizədə, milli oyanışda və bütöv bir nəslin yetişməsində alışıb yanan, sönməyən çıraqlar olmuşlar. Bu şəxsiyyətlər hər cür təqibə, maddi-mənəvi çətinliklərə baxmayaraq, xalqın gələcəyini təhsildə görmüşlər. Ömürlərini xalqın ömrünə qatmış bu böyük maarifpərvər və pedaqoqların örnək həyatını, zəngin irsini öyrənib onu gələcək nəsillərə ötürmək özü də bir milli qeyrət və təəssübkeşlik tələb edir. Bunu bacarmaq da hər kəsin işi deyil. Məhz cəfakeşlərin, min bir əziyyətə qatlaşmağı bacaran kəslərin işidir. Bu mənada, xalqımızın fəxri ziyalılarından olan, görkəmli alim, tibb elmləri doktoru, professor Eldar Abbasovun ideya müəllifliyi və redaktorluğu ilə nəşr edilmiş “Sönməyən çıraqlar: Qafan müəllimləri” adlı kitab maraqlı və təqdir olunası zəhmətin nəticəsidir. Burada Qafanda milli maarifçilik mühiti ilə bağlı olan fədakar pedaqoqların barəsində yığcam məlumat verilir və onların kimliyi oxucuya təqdim olunur. Əslində, belə bir üslubda kitab ilk işlərdən biridir. Tərtibçilərin bu kitaba daxil etdikləri materiallar unudulmuşları, yaddan çıxmışları tarixə çevirməyin nə qədər vacib olduğunu gündəmə gətirir. “Sönməyən çıraqlar: Qafan müəllimləri” adlı topluda 500 maarif xadiminin barəsində yığcam məlumat verilir. Onların sırasında Qafan maarifçilik mühitinin nəhəng sütunları Cəlal Zeynalov, Nurəli Qurbanov, Cahangir Rüstəmov, Ağabala Babayev, Həbib İsmayılov, Səriyyə Həsənova, Həsən Şəkərəliyev, Durna Qədiməliyeva, Firəngiz İmaməliyeva, Dadaş Orucəliyev, Əliş Qarayev, Səməd Qarayev, Ağəli Bədəlov, Nüsrət Şıxəliyev, Qabil Həsənov və digərlərinin adları xüsusi yer alır. Onu da qeyd edək ki, adlarını çəkdiyimiz bu şəxsiyyətlərin əksəriyyəti İrəvan Azərbaycan Pedaqoji Texnikumundan çıxıb nəinki Qafanın, demək olar ki, bütün coğrafiyanın dörd bir yanına işıq saçmışlar. Ümumiyyətlə, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu Qərbi Azərbaycanda böyük bir ziyalı ordusu yetişdirmişdir. Bu müəllimlərin fəaliyyətini qəhrəman pedaqoqlar zirvəsinə yüksəldən həm də onların erməni şovinizmi əhatəsində son dərəcə ağır, dözülməz, min əziyyətlərlə dolu bir şəraitdə çalışmaları idi. Onlar ən çətin maneələri belə böyük mərdlik və mübarizliklə dəf edərək bölgədə Azərbaycan təhsilinin möhkəmlənməsinə çalışmışdılar. Hətta sağlamlıqlarını bu yolda fəda etməkdən belə çəkinməmişdilər.
“Sönməyən çıraqlar: Qafan müəllimləri” kitabı təhsil tariximiz üçün çox dəyərli bir töhfədir. Bu toplu həm də Qərbi Azərbaycanda milli təhsil tariximizin öyrənilməsi baxımından ən gərəkli mənbə, qaynaq rolunu oynayır. Burada toplanmış materiallar Qafanda milli təhsil tariximizlə bağlı möhürdür, silinməyən, itməyən abidədir. Bəli, onlar tariximizin yaddaşına elə bir imza atmışlar ki, bu silinməz imzanı hər bir gələcək nəsil zirvələrə daşımağa məhkumdur.
Cəlal Zəngi,
filologiya üzrə fəlsəfə doktoru, dosent