Kəlbəcər – Zəfərin, qayıdışın və dirçəlişin tarixi simvolu

Kəlbəcər – Zəfərin, qayıdışın və dirçəlişin tarixi simvolu

25 noyabr Azərbaycan tarixində mühüm əhəmiyyətə malik günlərdən biri kimi yaddaşlara həkk olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi bu qədim yurdun azadlığının, milli qürurun və tarixi ədalətin təcəssümüdür. Kəlbəcərə 1930-cu ildə inzibati rayon statusu verilmiş, zəngin təbii sərvətləri, füsunkar təbiəti, tarixi-mədəni abidələri və strateji coğrafi mövqeyi ilə Azərbaycanın seçilən bölgələrindən birinə çevrilmişdir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər əsrlər boyu özünəməxsus tarixi, arxeoloji və mədəni irsi ilə diqqət çəkmişdir. Bölgənin ərazisində aşkar edilmiş qədim yaşayış məskənləri, qayaüstü təsvirlər, tarixi abidələr və digər arxeoloji nümunələr burada qədim dövrlərdən etibarən insanların yaşadığını və zəngin mədəniyyətin formalaşdığını təsdiqləyir.

Lakin Kəlbəcərin dinc inkişafı 1993-cü il aprelin 2-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən rayonun işğal edilməsi ilə yarımçıq qaldı. İşğal nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, yaşayış məntəqələri dağıdıldı, tarixi və mədəni irsə ciddi ziyan vuruldu. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsində Kəlbəcər rayonunun və Azərbaycanın digər işğal olunmuş ərazilərinin zəbt olunması pislənilir, işğalçı qüvvələrin ərazidən dərhal çıxarılması tələb edilirdi. Buna baxmayaraq, Ermənistan uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadı, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdi. Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci ilin noyabrında erməni əhalisinin Kəlbəcəri tərk etməsi zamanı evlərin, meşələrin və digər yaşayış infrastrukturlarının yandırılması, dağıdılması işğalçılıq siyasətinin və bölgəyə vurulmuş ziyanın daha bir acı mənzərəsini ortaya qoydu.

2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi qüdrətini, xalqın birliyini və dövlətin qətiyyətli iradəsini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələyə qədəm qoyuldu. Kəlbəcərin strateji mövqeyi, xüsusilə yüksəklikləri, dağlıq relyefi və kommunikasiya imkanları onun azad edilməsini hərbi və geosiyasi baxımdan mühüm əhəmiyyətə malik edirdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də uzun illər davam edən işğala son qoyulması, milli iradənin və tarixi ədalətin təntənəsi idi. Siyasi strategiyanın, hərbi gücün, düzgün taktiki planlaşdırmanın və diplomatik fəaliyyətin uzlaşdırılması bu tarixi nəticənin əldə olunmasında mühüm rol oynadı. 2020-ci il noyabrın 26-da isə Kəlbəcərin azad olunmasında iştirak edən hərbi qulluqçuların xidmətlərinin qiymətləndirilməsi məqsədilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi.

Kəlbəcərin azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri bölgənin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi oldu. Bu istiqamətdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bölgənin nəqliyyat əlçatanlığının artırılması, iqtisadi əlaqələrin genişləndirilməsi və turizm potensialının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Çətin dağlıq relyefdə həyata keçirilən yol və tunel layihələri Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqəsini daha da gücləndirir. Eyni zamanda, şəhərdə 524 ailəlik yaşayış məhəlləsinin salınması, müasir yaşayış binalarının, sosial obyektlərin və mühəndis-kommunikasiya sistemlərinin qurulması insanların rahat və təhlükəsiz yaşayışı üçün mühüm şərait yaradır. “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” isə şəhərin gələcək inkişaf istiqamətlərini, yaşayış və ictimai məkanların təşkilini, nəqliyyat və kommunal infrastrukturun formalaşdırılmasını müəyyən edən mühüm strateji sənəddir.

Kəlbəcər rayonunda məskunlaşma prosesinin davam etdirilməsi Böyük Qayıdış Proqramının əsas istiqamətlərindən biridir. Şəhərlə yanaşı, rayonun kəndlərinin də yenidən qurulması və keçmiş sakinlərin doğma yurdlarına qaytarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə Yanşaq kəndində ümumilikdə 421 ailənin, Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması planlaşdırılıb. Həmin layihələr çərçivəsində yaşayış evlərinin tikintisi ilə yanaşı, yolların, elektrik, su və digər kommunal təchizat sistemlərinin yaradılması, sosial infrastrukturun qurulması nəzərdə tutulur. Məqsəd sakinlərin yalnız yaşayış evləri ilə təmin edilməsi deyil, həm də onların məşğulluq imkanlarının genişləndirilməsi, sosial rifahının yüksəldilməsi və kənd həyatının davamlı inkişafının təmin olunmasıdır. Kəlbəcərdə məskunlaşmanın genişlənməsi uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların ata-baba yurdlarına qayıdışının gerçəkləşməsi, bölgədə həyatın yenidən canlanması və tarixi yaşayış ənənələrinin bərpası deməkdir.

Bölgənin iqtisadi potensialının hərəkətə gətirilməsi istiqamətində təbii sərvətlərdən, xüsusilə mineral su və enerji ehtiyatlarından səmərəli istifadə də mühüm prioritetlərdəndir. Kəlbəcərin dünyaca məşhur “İstisu” mineral suyu əsrlərdir müalicəvi xüsusiyyətləri ilə tanınır və rayonun turizm potensialının əsasını təşkil edən təbii sərvətlərdən hesab olunur. Sovet dövründə fəaliyyət göstərmiş “İstisu” mineral su zavodunun yenidən qurulması və müasir texnologiyalar əsasında fəaliyyətinin təşkili bu qiymətli sərvətin iqtisadi dövriyyəyə qaytarılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, “İstisu” Müalicə-İstirahət Kompleksinin yaradılması Kəlbəcərin sağlamlıq turizmi istiqamətində inkişafına, yerli və xarici turistlərin bölgəyə cəlb olunmasına geniş imkanlar açır. Rayonun zəngin su ehtiyatları, əlverişli relyefi və təbii şəraiti enerji istehsalı baxımından da mühüm potensiala malikdir. Bərpa olunan enerji mənbələrindən, xüsusilə su və günəş enerjisindən səmərəli istifadə bölgənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Kəlbəcərə etdiyi səfərlər dövlətimizin bu qədim torpağın dirçəldilməsinə verdiyi xüsusi əhəmiyyətin bariz nümunəsidir. Həmin səfərlər zamanı həyata keçirilən layihələrlə tanışlıq, yeni infrastruktur obyektlərinin açılışı və gələcək inkişaf planlarının müəyyənləşdirilməsi Kəlbəcərin bərpasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu göstərir. Dövlət başçısının bölgəyə səfərləri həm də doğma yurdlarına qayıdan sakinlərə mənəvi dəstək, quruculuq prosesinə isə əlavə stimul verir. Bu gün Kəlbəcərdə aparılan tikinti, abadlıq, yol, enerji və sosial infrastruktur layihələri işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulmasının mühüm göstəricisidir. 25 noyabr – Kəlbəcər şəhəri günü isə bütün bu nailiyyətlərin arxasında dayanan qəhrəmanlığın, siyasi iradənin, milli birliyin və tarixi Zəfərin rəmzi kimi qeyd olunur. Kəlbəcər artıq dağıntıların deyil, quruculuğun, ümidsizliyin deyil, qayıdışın, işğalın deyil, azadlığın və inkişafın ünvanıdır. Bu qədim Azərbaycan torpağında həyatın yenidən canlanması xalqımızın iradəsinin, dövlətimizin gücünün və gələcəyə inamının əbədi təcəssümüdür.

 

Nicat Quliyev 

YAP Laçın rayon təşkilatının məsləhətçisi