Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

                    

   Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətləri uzun illərə söykənir. Hər iki ölkə müxtəlif sahələrdə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Bu münasibətlər qarşılıqlı hörmətə, etimada və faydalı əməkdaşlığa əsaslanır. Prezident İlham Əliyevin Vyetnama səfəri də iki ölkə arasında mövcud əlaqələrin daha da genişlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının xarici ölkələrə həyata keçirdiyi səfərlər Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edir. Belə səfərlər zamanı ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunur. Vyetnama səfər də Azərbaycanla bu dost ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi üçün imkan yaradır. Azərbaycan və Vyetnam coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, bu məsafə onların dostluq münasibətlərinin inkişafına mane olmur. Əksinə, hər iki ölkənin qarşılıqlı maraqları əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şərait yaradır. Əsas məqsəd mövcud əlaqələri qorumaq, yeni sahələrdə birgə layihələr həyata keçirmək və xalqlarımız arasında dostluq münasibətlərini gücləndirməkdir. Azərbaycan ilə Vyetnam arasında dostluğun tarixi kökləri vardır. Bu dostluğun əsasının qoyulmasında Ümummilli Lider Heydər Əliyevin də xüsusi rolu olub. Hələ 1959-cu ildə Vyetnamın böyük dövlət xadimi Ho Şi Min Bakıya səfər etmişdi. 1983-cü ildə isə Ulu öndər Heydər Əliyevin Vyetnama səfəri iki xalq arasında əlaqələrin inkişafına mühüm təsir göstərmişdi. Həmin dövrdən başlayaraq ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənməyə başlayıb. Bu gün həmin dostluq münasibətləri yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri də münasibətlərin inkişafında mühüm hadisə olub. 2025-ci ilin may ayında Vyetnamın rəhbəri To Lamın Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsi əlaqələrə yeni məzmun qazandırıb. Bu sənəd ölkələrimizin bir-birinə verdiyi əhəmiyyətin və gələcək əməkdaşlığa olan marağının göstəricisidir.

   2026-cı il noyabrın 19-21-də Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri bu münasibətlərin daha da inkişaf etdirilməsi baxımından diqqət çəkir. Səfər çərçivəsində Prezident İlham Əliyev Vyetnam Prezidenti To Lam, Baş nazir və digər yüksək səviyyəli şəxslərlə görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında mövcud əlaqələrin genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Azərbaycan və Vyetnam arasında əməkdaşlığın əsas istiqamətlərindən biri iqtisadiyyatdır. Hər iki ölkənin özünəməxsus imkanları və üstünlükləri var. Bu imkanlardan düzgün istifadə olunması ticarətin artmasına, yeni müəssisələrin yaradılmasına və qarşılıqlı investisiyaların genişlənməsinə şərait yarada bilər. Azərbaycan zəngin enerji ehtiyatlarına, əlverişli coğrafi mövqeyə və inkişaf edən nəqliyyat infrastrukturuna malikdir. Ölkəmiz Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmək istiqamətində fəaliyyət göstərir. Vyetnam isə Cənub-Şərqi Asiyada sənaye və istehsal sahələrinin inkişafı ilə seçilən ölkələrdəndir. Bu imkanlar iki dövlətin bir-birini tamamlaması üçün yaxşı şərait yaradır. Xüsusilə enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycan Vyetnam bazarına öz məhsullarını çıxarmaq, Vyetnam isə ölkəmiz vasitəsilə digər bazarlara çıxış imkanlarını genişləndirmək üçün yeni addımlar ata bilər.

   Səfər zamanı enerji sahəsində də konkret əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Azərbaycan Energetika Nazirliyi ilə Vyetnamın ROX Group şirkəti arasında Azərbaycanda günəş və külək elektrik stansiyası layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi imzalanıb. Bu, ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafı baxımından diqqətəlayiq hadisədir. Bu gün bütün dünyada alternativ enerji mənbələrinə maraq artır. Günəş və külək enerjisindən istifadə həm ətraf mühitin qorunmasına, həm də gələcək nəsillər üçün daha sağlam yaşayış şəraitinin yaradılmasına kömək edir. Vyetnam şirkətləri ilə bu istiqamətdə əməkdaşlıq Azərbaycanın yaşıl enerji sahəsində qarşıya qoyduğu məqsədlərə də töhfə verə bilər. Siyasi və humanitar əlaqələrin genişlənməsi Azərbaycan və Vyetnam arasında münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Siyasi, humanitar, təhsil, elm və mədəniyyət sahələrində də əməkdaşlığın inkişafı vacibdir. Xalqların bir-birinin tarixini, mədəniyyətini və milli dəyərlərini tanıması dostluq əlaqələrinin daha da möhkəmlənməsinə kömək edir. Səfər zamanı qəbul edilən Birgə Bəyanat iki ölkənin gələcək əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir.

   Təhsil və elm sahəsində əlaqələrin genişləndirilməsi də gələcək üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanlı və Vyetnamlı gənclərin qarşılıqlı səfərləri, tələbə mübadiləsi, elmi tədbirlər və mədəni proqramlar xalqlarımız arasında əlaqələri daha da yaxınlaşdıra bilər. Çünki dövlətlər arasında dostluğun uzunömürlü olması üçün insanların bir-birini tanıması və qarşılıqlı hörmət göstərməsi vacibdir.

    Gələcəyə hesablanmış əməkdaşlıq Prezident İlham Əliyevin Vyetnama səfəri bir daha göstərdi ki, Azərbaycan xarici siyasətində müxtəlif regionlarla əlaqələrin inkişafına xüsusi önəm verir. Ölkəmiz yalnız yaxın coğrafiyada deyil, dünyanın müxtəlif bölgələrində yerləşən dövlətlərlə də qarşılıqlı faydalı münasibətlər qurmağa çalışır. Vyetnamla əməkdaşlığın genişlənməsi Azərbaycanın Asiya ölkələri ilə əlaqələrinin inkişafına da müsbət təsir göstərə bilər. Bu münasibətlər gələcəkdə yeni ticarət yollarının, birgə istehsal müəssisələrinin və investisiya layihələrinin yaranmasına imkan verə bilər. Əlbəttə, əldə olunan razılaşmaların real nəticələr verməsi üçün onların ardıcıl şəkildə həyata keçirilməsi vacibdir.

    Nəticə olaraq demək olar ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında yeni imkanlar açan mühüm hadisədir. Bu səfər iki ölkə arasında mövcud dostluğun daha da möhkəmlənməsinə, siyasi dialoqun genişlənməsinə və iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin yaranmasına xidmət edir. Azərbaycan və Vyetnamı birləşdirən əsas amillər qarşılıqlı hörmət, dostluq və birgə inkişaf istəyidir. Bu münasibətlərin gələcəkdə daha da genişlənməsi hər iki xalqın maraqlarına uyğundur. Prezidentin də müsahibəsində vurğuladığı kimi, bu səfər qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq. Əsas məqsəd isə bu dostluğu konkret işlər və birgə uğurlarla gələcək nəsillərə çatdırmaqdır.

 

Adil Qarayev,

YAP Göygöl rayon təşkilatı üzrə Xəqani kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı