Zəngəzur dəhlizinin (TRİPP) tam şəkildə işə düşməsi Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək
Azərbaycan dövlətinin yürütdüyü praqmatik, əməkdaşlığa istinad edən, xüsusilə bərabərhüquqlu şəkildə qarşılıqlı maraqların qorunmasını özündə birləşdirən siyasət ölkəmizi qlobal dünyada etibarlı tərəfdaş kimi xarakterizə edir. Bakı bölgədə formalaşan reallıqlar əsasında vacib və müasir çağırışlara əsaslanan konfiqurasiya yaradır, yeni siyasi-iqtisadi nizama töhfə verir. Bu isə, əməkdaşlıqda maraqlı olan dövlətlər üçün əlaqələrin daha da güclənməsi perspetkivini ön plana çəkir. Həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu geniş diapazonlu fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Bu mənada, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər xüsusilə diqqəti cəlb edir.
Son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri bu mənada, xüsusi vurğulanmalıdır. Ötən ilin avqustunda Vaşinqtonda keçirilən görüşlər, bu ilin fevralında Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması münasibətləri yeni bi mərhələyə daşıyır. ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir - rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə maraqlı olduğunu sübut edir. Bunu ölkəmizə səfər edən ABŞ rəsmiləri də təsdiqləiyrlər.
ABŞ-ın daxili təhlükəsizlik naziri Azərbaycan Prezidentinin qəbulunda...
Qeyd edək ki, noyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini və onunla görüşünü məmnunluqla xatırladı, yeni vəzifəsi ilə bağlı qonağı təbrik edib.
Dövlətimizin başçısı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyev bu xüsusda ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri və bu çərçivədə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının münasibətlərimizin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin ən yüksək səviyyəyə qalxmasında və regionda sülhün təmin edilməsində Prezident Donald Trampın səylərini yüksək qiymətləndirib, ölkəmizin də ABŞ ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitini xatırladan Prezident İlham Əliyev artıq regionda yeni vəziyyətin yarandığını, bir ildən çox müddətdir ki, sülh şəraitində yaşadığımızı bildirib.
ABŞ-ın daxili təhlükəsizlik naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı və bu xüsusda Prezident Donald Trampın rolunu qeyd edib.
Markveyn Mullin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, bu dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, müxtəlifsəviyyəli qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaratdığı qeyd olunub.
Tərəfdaşlıq mühüm təməllərə söykənir
Qeyd olunmalıdır ki, ikitərəfli münasibətlərdə qarşılıqlı maraqlar prinsipi əsas götürülür və enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat marşrutları, terrorizmlə mübarizə, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi amillər dialoqu daha da dərinləşdirir. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına təhlükəsiz çatdırılmasında Azərbaycanın oynadığı rol, Orta Dəhlizin artan əhəmiyyəti, eləcə də Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik arxitekturası Vaşinqtonun Bakı ilə əməkdaşlığı strateji prizmadan qiymətləndirməsinə yol açır. Bu yeni mərhələnin ən mühüm siyasi ifadəsi isə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammit olub. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş təkcə Azərbaycan - Ermənistan münasibətlərində deyil, həm də Bakı - Vaşinqton əlaqələrinin tarixində yeni səhifə açıb. Sammit göstərdi ki, ABŞ artıq Azərbaycanı yalnız regionun aparıcı dövləti kimi deyil, həm də Avrasiya məkanında sülhün, enerji təhlükəsizliyinin və nəqliyyat-kommunikasiya layihələrinin əsas tərəfdaşlarından biri kimi qiymətləndirir. Məhz buna görə də Vaşinqton sammiti iki ölkə arasında münasibətləri ənənəvi əməkdaşlıq formatından çıxararaq daha yaxın strateji tərəfdaşlıq müstəvisinə yüksəldən mühüm siyasi dönüş nöqtəsi kimi tarixə düşüb.
Bu ilin fevralında imzalanan Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya isə ikitərəfli münasibətlərə yeni bir status qazandırdı. Bu sənədin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə ən yeni mərhələsinin başlanğıcına çevrildi. Qeyd edək ki, Xartiya özündə bir sıra mühüm məqamları ehtiva edir - diplomatik əlaqələrin genişlənməsi, strateji iqtisadi münasibətlər sisteminin formalaşdırılması, müasir çağırışlara əsasən dialoqun daha da gücləndirilməsi ilə yanaşı, sənəd həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq müstəvidə qəbulunun göstəricisi sayıla bilər. Qarabağ müharibəsində əldə olunan zəfərdən sonra regionda yaranmış geosiyasi vəziyyət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur. Xartiyanın preambulasında əksini tapan müddəalar Vaşinqtonun bu reallığı nəzərə aldığını və Bakı ilə münasibətləri yeni status və yeni əməkdaşlıq müstəvilərində inkişaf etdirmək niyyətində olduğunu göstərir.
Zəngəzur dəhlizi (TRİPP) ideyası Bakının qlobal dünyaya töhfəsidir
Zəngəzur dəhlizinin (TRİPP) yaradılması ideyası Azərbaycan dövləti tərəfindən irəli sürülüb. Məhz Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycanın əsas hissəsi ilə blokadada qalan Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpa edilməsi istiqamətində mühüm addımlar atılıb. Bu dəhlizin yaradılması Azərbaycanın milli və strateji maraqları çərçivəsindədir. Eyni zamanda, dəhlizin fəaliyyətə başlaması ilə regionun tranzit imkanları daha da genişlənəcək. Zəngəzur dəhlizinin (TRİPP) yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Xüsusilə, Orta Dəhlizin yeni seqmenti kimi Zəngəzur dəhlizi (TRİPP) həm rentabelliyinə, həm də effektivliyinə görə mühüm əhəmiyyət daşıyır. Ötən ilin avqustunda Vaşinqtonda reallaşan razılaşma isə bu layihənin qlobal siyasi təsdiqinə çevrildi.
Zəngəzur dəhlizinin reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Başqa sözlə, Zəngəzur dəhlizi qlobal iqtisadi maraqlara cavab verən amil kimi çıxış edir. Vurğulandığı kimi, Zəngəzur dəhlizi ümumən regionun inkişaf dinamikasını artırma imkanına malikdir. Dəhliz Şərq-Qərb marşurutu üzərində ən qısa yoldur. Təbii ki, istər yükdaşımalarında, istərsə də digər ticarət mübadilələrində ən qısa yolun seçilməsi iqtisadi baxımdan da böyük mənfəət vəd edir. Bu dəhlizin realaşmasına verdiyi dəstək isə ABŞ-ın Azərbaycanla tərəfdaşlığa verdiyi dəyərin növbəti sübutudur.
P.İSMAYILOV