Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

 

Deputatlar 10 qanun layihəsini qəbul ediblər

Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ daxil edilib.

Əvvəlcə çıxış edən spiker Sahibə Qafarova 25 noyabr tarixinin ölkəmizdə Kəlbəcər Şəhəri Günü kimi qeyd olunduğunu bildirib. Onun  sözlərinə görə, bu şəhərimizin də erməni işğalından azad edilməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həm hərbi, həm də diplomatik Zəfərinin nəticəsi olub. Azad edilmiş digər rayonlarımız kimi, bu gün Kəlbəcər də ikinci həyatını yaşayır. Bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər.

S.Qafarova, həmçinin noyabrın 18-dən 20-dək başçılıq etdiyi parlament nümayəndə heyətinin Türkmənistanda işgüzar səfərdə olduğunu xatırladıb. Səfərdə məqsəd MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və 61-ci plenar iclasında iştirak etmək idi. Keçirilən tədbir və görüşlər barədə məlumat verən S.Qafarova bu səfəri uğurlu hesab edib.

Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Zahid Oruc, Ceyhun Məmmədov, Elman Nəsirli, Siyavuş Novruzov, Fazil Mustafa, Razi Nurullayev, Vüqar Bayramov və digərləri müxtəlif aktual mövzularla əlaqədar fikirlərini bildiriblər.

Daha sonra gündəlikdəki məsələlər müzakirə edilib. Əvvəlcə “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi qəbul olunub.

Sonra “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsi qəbul olunub.

İclasda, həmçinin “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib. Qanun layihəsi Azərbaycan Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nın 1.6-cı bəndinin icrası çərçivəsində (dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müvafiq qanunvericilik aktlarının hazırlanması) hazırlanıb. Sənəd vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı məsələləri, eləcə də vəzifəli şəxslərin xidməti vəzifələrini icra etdikləri və ondan sonrakı dövrdə maraqlar toqquşmasının qarşısının alınması məqsədi ilə onlara tətbiq edilən məhdudiyyətləri müəyyən edir.

Qeyd edilib ki, maraqlar toqquşmasının (vəzifəli şəxsin xidməti səlahiyyətləri ilə şəxsi maraqları arasındakı ziddiyyətin) aradan qaldırılması üzrə səmərəli idarəetmənin olması yarana biləcək hüquq pozuntularının qarşısını alır, bu baxımdan qanun layihəsi maraqlar toqquşmasının qarşısının alınması üçün preventiv tədbirlərin görülməsini nəzərdə tutur. Maraqlar toqquşmasının idarə edilməsi onun vaxtında aşkar edilməsini, bəyan olunması və həllini təmin edir, vəzifəli şəxslərin fəaliyyətində səmərəliliyin, şəffaflığın yüksəldilməsinə və cəmiyyətdə onlara etimadın artmasına xidmət edir. Vicdanlı davranış, dövlət və ya ictimai maraqların üstünlüyü, maraqlar toqquşması risklərinin erkən aşkar edilməsi, hesabatlılıq, məsuliyyət, dürüstlük, obyektivlik və qərəzsizlik maraqlar toqquşmasının idarə edilməsinin əsas prinsipləri kimi müəyyən olunur.

Qanun layihəsinə əsasən, vəzifəli şəxs şəxsi marağına toxunan məsələlərə dair hüquqi və inzibati aktların hazırlanmasında iştirak etmir. Kollegial qurumun üzvü olan vəzifəli şəxs həmin qurum tərəfindən baxılan məsələlər şəxsi marağına toxunduğu hallarda həmin qurumu qabaqcadan məlumatlandırmalıdır. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Milli Məclisin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyaları və dövlət qurumlarının səlahiyyətli struktur bölmələri (şəxsləri) maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli subyektlərdir. Vəzifəli şəxslər maraqlar toqquşması ehtimalı olduğu halda aidiyyəti subyektlərdən maraqlar toqquşmasının qarşısını almaq üçün konfidensial məsləhət ala bilərlər.

Layihə hazırlanarkən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Beynəlxalq Valyuta Fondunun (IMF) və Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrindən, eləcə də bir sıra xarici ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsindəki mütərəqqi təcrübəsindən istifadə edilib.

Sonra “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunda dəyişiklik (birinci oxunuş) edilib.  Belə ki, qanunun 11-ci maddəsində məhkəmə ekspertinə qoyulan ixtisas tələbləri dəqiqləşdirilir. Qüvvədə olan qanunda məhkəmə ekspertinə ali təhsil və xüsusi biliklərə malik olmaq tələbi qoyulsa da, şəxsin ali təhsil ixtisasının fəaliyyət göstərəcəyi məhkəmə eksperti ixtisasına uyğunluğu məsələsi tənzimlənmir. Amma dəyişikliyə əsasən, məhkəmə eksperti olmaq istəyən şəxsin xüsusi bilikləri müvafiq məhkəmə eksperti ixtisası üzrə olmalıdır. Həmçinin hər bir məhkəmə eksperti ixtisası üzrə fəaliyyət göstərmək üçün tələb olunan ali təhsil ixtisasları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən siyahı ilə normativ qaydada müəyyən edilir. Bundan başqa, Qanunun 11-ci maddəsində “məhkəmə ekspertizası ixtisası” anlayışı əvəzinə “məhkəmə eksperti ixtisası” anlayışından istifadə edilməklə maddədə işlədilən terminologiya dəqiqləşdirilir.

Təklif olunan dəyişikliklər məhkəmə ekspertlərinin fəaliyyət göstərdikləri sahəyə uyğun ali təhsilə malik olmasının təmin edilməsinə, şəhadətnamələrin verilməsində vahid meyarların tətbiqinə və ekspert rəylərinin keyfiyyətinin artırılmasına xidmət edir.

Millət vəkilləri “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini də birinci oxunuşda qəbul ediblər. Sənəd gömrük orqanlarında kadrların xidmət üzrə başqa vəzifələrə keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirməyə və rotasiya institutunun tətbiqi üçün normativ hüquqi bazanı yaratmağa, bununla da gömrük sistemində peşəkar idarəetmənin, xidməti intizamın, institusional çevikliyin və korrupsiya risklərinin qabaqlanmasının təmin edilməsinə yönəlib.

Qeyd edək ki, iclasın gündəliyində digər qanun layihələri də qəbul olunub. Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının noyabrın 27-də keçiriləcəyini bildirib.

Nardar BAYRAMLI