Çinin elektrik avtomobilləri istehsalçısı BYD Fransanın Hambax şəhərində yerləşən “Ineos Automotive” zavodunu almaq üçün danışıqlara başlayıb.
AZƏRTAC “Resuters” istinadən xəbər verir ki, bununla BYD Avropa İttifaqının yerli istehsal tələblərini nəzərdə tutan yeni qaydaları qüvvəyə minməzdən əvvəl Avropada istehsal imkanlarını genişləndirməyə çalışır.
Çinin ən böyük avtomobil istehsalçısı Avropa İttifaqının “Avropada istehsal olunub” (Made in Europe) qaydalarını tətbiq etməyə hazırlaşdığı bir vaxtda digər Çin şirkətləri ilə birlikdə regionda istehsal müəssisələri axtarır. Yeni qaydalara əsasən, elektrik avtomobilləri subsidiyalardan və dövlət sifarişlərindən yararlana bilmək üçün müəyyən həcmdə Avropada istehsal olunmuş komponentlərdən istifadə etməlidir.
Bu, Çin avtomobil istehsalçısının Avropada avtomobil zavodunu almaqla bağlı ilk təşəbbüsüdür. BYD-nin 2027-ci ilin əvvəlində Macarıstanda inşa etdiyi yeni zavodda kütləvi istehsala başlaması da gözlənilir.
Çinin digər avtomobil istehsalçıları isə Avropada mövcud zavodların istehsal sahələrini icarəyə götürməyə üstünlük verirlər. Belə ki, “Dongfeng” şirkəti Fransada “Stellantis”ə məxsus zavodda avtomobil istehsal edəcək. “Leapmotor” şirkəti İspaniyada “Stellantis” zavodunda elektrik avtomobillərinin istehsalına başlayacaq. “Geely” isə İspaniyada “Ford”a məxsus avtomobil yığımı müəssisəsində nəqliyyat vasitələri istehsal edəcək.
BYD-nin məlumatına görə, Ineos ilə nəzərdə tutulan sövdələşmə “müvafiq müəssisə işçilərinin nümayəndəlik orqanları ilə məsləhətləşmələrdən” asılı olacaq.
Şirkət bildirib ki, əvvəllər “Mercedes-Benz”ə məxsus olmuş Hambax zavoduna investisiya qoymaq niyyəti Fransaya inamını və Avropa bazarında fəaliyyətini genişləndirmək əzmini nümayiş etdirir.