Cənubi Qafqazda sülhü hədəfə almaq istəyindən doğan “dinləmələr”
Ermənistanın yeni Konstitusiya layihəsinin təqdimatı, rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddialarının hüquqi müstəvidə aradan qaldırılması istiqamətində addımlar atmaq niyyəti və xarici siyasət prioritetlərini sülh gündəliyi üzərində formalaşdırmaq cəhdi regionda yeni siyasi reallığın möhkəmlənməsinə xidmət edir. Lakin bu proses heç də bütün dairələr tərəfindən eyni rəğbətlə qarşılanmır. Xüsusilə, onilliklər ərzində Ermənistanın siyasi kursuna təsir göstərməyə, bölgədəki münaqişə mühitindən öz maraqları naminə istifadə etməyə çalışan xaricdəki erməni lobbisi yaranmış vəziyyətdən ciddi narahatlıq keçirir. Çünki sülhün bərqərar olması, qarşılıqlı ərazi bütövlüyünün tanınması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması bu dairələrin illərdir istinad etdiyi siyasi manipulyasiya vasitələrini tam zərərsizləşdirir. Məhz buna görə də erməni lobbisi köhnə təbliğat mexanizmlərini yenidən işə salır, nəzarətindəki siyasi platformaları və təsir imkanlarını hərəkətə gətirir. Noyabrın 18-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Tom Lantos İnsan Hüquqları Komissiyasının keçirdiyi dinləmələr də bu baxımdan təsadüfi xarakter daşımır. Azərbaycan və Türkiyəyə qarşı irəli sürülən ittihamlar, bir-biri ilə mahiyyət etibarilə əlaqəsi olmayan məsələlərin vahid siyasi “ittiham paketi”nə çevrilməsi və Vaşinqtona ünvanlanan hərbi-siyasi məhdudiyyət çağırışları eyni məqsədə xidmət edir. Görünən isə budur ki, dəyişən yalnız siyasi şəraitdir, ermənipərəst dairələrin yanaşması, arqumentləri və təzyiq metodları hələ də davam etməkdədir. Onlar sülhün yaratdığı yeni imkanları qəbul etmək əvəzinə, qarşıdurmanın köhnəlmiş ritorikasını yenidən beynəlxalq gündəliyə daşımağa çalışırlar.
Növbəti ermənipərəst “dinləmə”...
ABŞ Konqresində Azərbaycana qarşı növbəti ittiham kampaniyası başlayıb. Noyabrın 18-də Nümayəndələr Palatasının Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə Azərbaycan və Türkiyə hədəfə alınıb. Tədbirdə çıxış edənlər Bakı və Ankaranı ermənilərə qarşı təzyiqlərdə, dini icmaların sıxışdırılmasında və Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaqda ittiham ediblər.
Müzakirə predmetlərinə isə artıq tarixə qovuşmuş Qarabağ məsələsindən tutmuş “Qərbi Azərbaycan” mövzusuna, Ermənistan Apostol Kilsəsi ətrafındakı qarşıdurmadan Bakıda saxlanılan erməni əsilli şəxslərə qədər müxtəlif məsələlər daxildir. Məqsəd isə açıq şəkildə ifadə olunub: ABŞ-ın Azərbaycana və Türkiyəyə hərbi yardımını, silah satışını və diplomatik dəstəyini məhdudlaşdırmaq.
Dinləmələrə respublikaçı konqresmen Kris Smit və demokrat Ceyms Makqovern həmsədrlik ediblər. “Christian Solidarity International” təşkilatının prezidenti Con Aybner çıxışında Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” prinsipinə əsaslanan əməkdaşlığını xristian icmaları üçün təhlükə kimi təqdim edib. O, Azərbaycanı Ermənistanın suveren ərazilərini işğal etməkdə, Bakıda saxlanılan erməni əsilli şəxslərdən siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib.
Lakin çıxışlarda Azərbaycanın mövqeyinə, 30 ilə yaxın davam etmiş işğala, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi dağıntılara və işğal dövründə məhv edilən dini-mədəni irsə yer verilməyib. Başqa sözlə, dinləmələrdə münaqişənin tarixi yalnız erməni tərəfinin təqdim etdiyi çərçivədə izah olunub. Con Aybnerin çıxışında xüsusi yer tutan mövzulardan biri “Qərbi Azərbaycan” məsələsi olub. O, Prezident İlham Əliyevin bu ifadədən istifadə etməsini Ermənistan Respublikasına qarşı ərazi iddialarının sübutu kimi təqdim edib. Halbuki Azərbaycan tərəfinin mövqeyinə görə, Qərbi Azərbaycan konsepsiyası indiki Ermənistan ərazisindən müxtəlif dövrlərdə deportasiya edilmiş azərbaycanlıların hüquqlarının müdafiəsi, onların tarixi yurdlarına sülh yolu ilə qayıdışının təmin edilməsi ilə bağlıdır. Bu məsələnin avtomatik şəkildə ərazi iddiası kimi təqdim edilməsi Azərbaycanın irəli sürdüyü qayıdış hüququ gündəliyini təhrif edir.
Maraqlıdır ki, dinləmələrdə Ermənistanın Azərbaycana qarşı keçmiş ərazi iddiaları, işğal dövründə azərbaycanlılara qarşı törədilmiş cinayətlər və Qərbi Azərbaycandan deportasiya olunmuş insanların taleyi barədə bir kəlmə də danışılmayıb.
Aybner Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin bölgəni tərk etməsini də “etnik təmizləmə” kimi təqdim edib. Halbuki Azərbaycan öz ərazisində suverenliyini bərpa etdiyini, erməni sakinlərin reinteqrasiyası üçün imkanlar yaratdığını bəyan etmişdi. Bakı bölgədə qalan erməni sakinlərin hüquqlarının Azərbaycan qanunları çərçivəsində təmin olunacağını açıqlamışdı.
Ermənipərəst konqresmen Kris Smit Vaşinqtonun Azərbaycan siyasətini pisləyib, Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı və Bakının Vaşinqtonda artan diplomatik fəallığından narazılıq edib.
Qeyd olunduğu kimi, dinləmələrdə Azərbaycanla yanaşı, Türkiyə də hədəfə alınıb. Aybner Türkiyədə xristian icmalarının sayının azalmasını ölkənin siyasi və ideoloji xətti ilə əlaqələndirib. O, ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının Türkiyənin xüsusi nəzarət siyahısına salınması barədə tövsiyəsini xatırladıb. Kris Smit isə Türkiyənin dini azadlıqları pozan ölkələr siyahısına daxil edilməsini və Ankaraya qarşı sanksiyaların tətbiqini istəyib. O, Türkiyənin F-35 qırıcılarını əldə etməsi ehtimalını da tənqid edib. Dinləmələrin sonunda Aybner ABŞ administrasiyasını Azərbaycan və Türkiyəyə münasibətdə siyasətini dəyişməyə çağırıb. O, bu ölkələrə silah satışının, maliyyə yardımının və diplomatik dəstəyin dayandırılmasını istəyib.
Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hambaryan Vaşinqtonu hər iki ölkəyə qarşı təzyiq mexanizmlərindən istifadə etməyə çağırıb.
“İnsan hüquqları”, yoxsa siyasi təzyiq mexanizmi?
Bu “dinləmələr” bir daha göstərir ki, erməni lobbisi Azərbaycanla Ermənistan arasında formalaşan yeni reallıqları qəbul etmək niyyətində deyil. İnsan hüquqları və dini azadlıqlar kimi həssas mövzuların müzakirə predmetinə çevrilməsi və prinsiplərin yanlış, maraqları çərçivəsində qabardılması, tarixi faktların və münaqişənin səbəblərinin nəzərə alınmaması həmin təşəbbüsün obyektivliyinə ciddi şübhələr yaradır. Dinləmələrdə Azərbaycanın 30 ilə yaxın işğala məruz qalması, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələr, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından didərgin salınması nədənsə diqqətdən kənarda qalıb. Halbuki insan hüquqları selektiv yanaşma ilə müdafiə edilə bilməz. Qarabağda onilliklər ərzində azərbaycanlılara qarşı törədilmiş zorakılıqlar, yaşayış məntəqələrinin dağıdılması, məscidlərin təhqir edilməsi və dini-mədəni abidələrin məhv olunması da eyni hüquqi və mənəvi qiyməti almalıdır. İnsan hüquqlarının müdafiəsi adı altında yalnız erməni tərəfinin təqdim etdiyi saxta “tarixçə”nin səsləndirilməsi isə müdafiəçilik deyil, siyasi qərəzdir. Xüsusilə də bu dinləmələrin yekununda Azərbaycan və Türkiyəyə hərbi yardımın, silah satışının və diplomatik dəstəyin dayandırılması tələbinin irəli sürülməsi göstərir ki, məqsəd Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərmək, Azərbaycanın artan geosiyasi çəkisini məhdudlaşdırmaq və regionda yaranmış yeni güc balansını dəyişməkdir.
Azərbaycanın haqlı mövqeyi...
Dinləmələrdə xüsusi olaraq Prezident İlham Əliyevin Qərbi Azərbaycan ifadəsindən istifadəsinin Ermənistanın ərazi bütövlüyünə qarşı iddia kimi təqdim edilməsi erməni lobbisinin mövqeyindəki əsas ziddiyyətlərdən biridir. Azərbaycan tərəfinin irəli sürdüyü Qərbi Azərbaycan gündəliyinin mahiyyəti tarixi torpaqlardan deportasiya edilmiş azərbaycanlıların hüquqlarının tanınması, onların təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasıdır. Bu yanaşma hər hansı dövlətin suverenliyinə qarşı güc tətbiqini və ya sərhədlərin dəyişdirilməsini nəzərdə tutmur. Əksinə, könüllü, təhlükəsiz və ləyaqətli qayıdış beynəlxalq hüququn tanıdığı humanitar prinsiplərdən biridir. Maraqlıdır ki, erməni tərəfi Qarabağ ermənilərinin qayıdış hüququnu beynəlxalq gündəmdə saxlamağa çalışdığı halda, Ermənistan ərazisindən müxtəlif dövrlərdə qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının müzakirəsini ərazi iddiası kimi təqdim edir. Bu, açıq-aşkar ikili standartdır. Eyni zamanda, Qarabağ məsələsinə münasibətdə də oxşar yanaşma nümayiş etdirilir. Azərbaycan 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri nəticəsində özünün beynəlxalq səviyyədə tanınmış ərazilərində suverenliyini bərpa etdi. Paralel olaraq Qarabağdan köçən ermənilərin hüquqlarını müdafiə etdiyini iddia edənlərin Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların taleyinə susması onların insan hüquqları məsələsində nə qədər qeyri-obyektiv olduğunu ortaya qoyur.
Azərbaycan-Türkiyə müttəfiqliyi erməni lobbisinin hədəfində
Dinləmələrdə Azərbaycanla yanaşı, Türkiyənin də hədəfə alınması təsadüfi deyil. Çünki Bakı ilə Ankara arasında formalaşmış müttəfiqlik münasibətləri Cənubi Qafqazda təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika əlaqələrinin inkişafında mühüm amildir. Azərbaycan və Türkiyənin əməkdaşlığını xristian icmaları üçün təhlükə kimi təqdim etmək isə siyasi reallıqlarla heç bir əlaqəsi olmayan süni qarşıdurma yaratmaq cəhdidir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada müxtəlif dini icmaların fəaliyyəti dövlət tərəfindən qanunvericilik əsasında tənzimlənir, dini konfessiyalar arasında münasibətlərin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkəmizin tolerantlıq və multikulturalizm təcrübəsi beynəlxalq platformalarda dəfələrlə nümayiş etdirilib. Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xristian dini abidələrinin qorunması və bərpası istiqamətində həyata keçirilən tədbirlər də bu siyasətin praktik ifadəsidir. Türkiyəyə qarşı səsləndirilən ittihamlar da oxşar siyasi motivlərdən qaynaqlanır. Ankaranın F-35 proqramına qayıtmaq ehtimalının dini azadlıqlar mövzusu ilə eyni dinləmələrdə gündəmə gətirilməsi məsələnin əsl mahiyyətini göstərir: söhbət tək dini hüquqlardan deyil, Türkiyənin müstəqil xarici və müdafiə siyasətindən gedir. ABŞ-ın iki mühüm regional tərəfdaşına qarşı sanksiya və silah embarqosu tələbləri isə Vaşinqtonun öz strateji maraqları baxımından da suallar doğurur. Aram Hambaryanın və erməni lobbisinin digər nümayəndələrinin çağırışları bir daha təsdiqləyir ki, onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı olmaq əvəzinə, ABŞ-ın bu prosesə təzyiq vasitəsilə müdaxiləsinə çalışırlar. Halbuki Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün Ermənistanın qonşuları ilə normal münasibətlər qurması, ərazi iddialarından imtina etməsi və regional əməkdaşlığa qoşulması vacibdir. Azərbaycanın və Türkiyənin beynəlxalq mövqelərini zəiflətmək cəhdləri isə bu məqsədə xidmət etmir, əksinə, regionda etimad mühitinin formalaşmasına mane olur.
Smit və Makqoverin ermənipərəst mövqeyi...
Bu “müzakirədə” fəallıq göstərənlərin siyasi kimliyi isə uzun illərdir ki, hamıya yaxından tanışdır. Məsələn, konqressmen Kris Smit uzun illərdir ki, erməni lobbisinin dirijor çubuğu ilə hərəkət edir. Bilavasitə onun fəal iştirakı ilə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilmiş 907-ci düzəlişlə Azərbaycana Amerikanın birbaşa yardımına qadağa qoyulmuşdu. Kris Smit ABŞ-ın “erməni soyqırımı”nı tanınması ilə bağlı ən çox fəallıq göstərən bir konqresmendir. O konqresdə ən fəal ermənipərəst kimi tanınır. Hətta 2015-ci ilin aprelində qondarma “erməni soyqırımının 100 illiyi” dinləməsi üzrə Helsinki komissiyasını belə təşkil etmişdi. Ardından isə “Azərbaycan demokratiya aktı” layihəsini irəli sürmüşdü ki, bu da ölkəmizə qarşı ən mühüm antimilli iddialardan sayıla bilərdi. Həmin dövrdə konqresmen Kris Smitin rəhbərlik etdiyi ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə “Azərbaycan Demokratiya aktı” qanun layihəsini Konqresə təqdim etməklə ölkəmizə qarşı mühüm təbliğat kampaniyası başlatmışdı.
ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvü Ceyms Makqoverin də Azərbaycana qarşı münasibəti uzun müddətdir erməni lobbisinin mövqeyi ilə üst-üstə düşür. O, Konqresin erməni məsələləri üzrə qrupunun üzvüdür və müxtəlif dövrlərdə Azərbaycana qarşı məhdudlaşdırıcı tədbirlərin tərəfdarı kimi çıxış edib. Makqover 2023-2024-cü illərdə Azərbaycanın sanksiyalaşdırılmasını, hərbi yardımın dayandırılmasını tələb edən bir sıra məktublara imza atıb, erməni tərəfinin mövqeyini müdafiə edən qanun layihələrini dəstəkləyib. 2025-ci ildə isə Azərbaycana qarşı sanksiyaların tətbiqi və ABŞ-ın hərbi yardımının məhdudlaşdırılması tələblərini əks etdirən təşəbbüslərə qoşulub. Erməni Milli Komitəsinin (ANCA) onun fəaliyyətinə 2024-cü ildə “A+” qiyməti verməsi də Makqoverin ermənipərəst siyasi xəttinin göstəricisidir.
P.İSMAYILOV