Milli ideya və bu ideya ətrafında bütün cəmiyyətin, xalqın birləşməsi hər bir dövlətin mövcudluğu və inkişafı üçün əsas amildir. Qloballaşma dövründə isə milli gücün rəmzi qismində çıxış edən milli ideyanın aktuallığı heç vaxt olmadığı qədər artıb. İndiki dövrün xüsusiyyəti elədir ki, milli dövlətlər, xalqlar böyük təzyiqlərlə üz-üzə qalıblar, milli kimlik təhdid altındadır. Belə bir şəraitdə milli dövlətlər və xalqlar üçün xilas yolu bir toplum olaraq vahid ideologiya ətrafında möhkəm birləşməkdən keçir.
Xalqın öz dövləti və Lideri ətrafında sıx birliyi
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və sonrakı mərhələdə Prezident İlham Əliyevin daim sadiq qalmaqla daha da möhkəmləndirdiyi azərbaycançılıq məfkurəsi ölkəmiz və xalqımız üçün məhz milli birlik ideyasıdır. Prezident İlham Əliyev bu günlərdə Bakının ev sahiblii ilə keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında ölkəmizin reallığına dqqət çəkərək vurğulayıb: “Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib”.
Azərbaycanın müstəqillik dönəmində keçdiyi yola istinad etməklə azərbaycançılıq məfkurəsini ölkəmizdə yaşayan bütün xalqları, cəmiyyətin bütün təbəqələrini, ayrı-ayrı yaş qruplarından olan insanları vahid amal naminə bir araya gətirən ideologiya kimi dəyərləndirmək mümkündür. Bu gün müstəqil Azərbaycan dünyaya uğurlu inkişaf modeli təqdim edir. Ölkəmizin mənzərəsi hər cəhətdən müsbətdir. Dünyada artan kataklizmlər, müharibələr və münaqişələr fonunda respublikamız sabitlik adası kimi fərqlənir. Bunun təməlində dayanan əsas amil isə cəmiyyətimizin monolitliyi, öz dövlətinin və Liderinin ətrafında sıx birləşməsidir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan qısa müstəqillik tarixində müxtəlif mərhələlərdən keçib və bir sıra çətin sınaqlarla üzləşib. Otuz illik işğal, xarici güclərin ssenariləri əsasında qurulan dövlət çevrilişi planları, müstəqilliyimizə yönələn təhdidlər və s. bu sırada yer alır. Lakin çətinliklər qarşısında iradəmizi itirməmişik, bir xalq olaraq ümummilli ideyalar ətrafında birləşərək sınaqlardan keçməyi, Vətənimizi, suverenliyimizi, dövlətçiliyimizi qorumağı bacarmışıq. Bəli, haradakı milli maraqlar var, orada xalqın iradəsi ortadadır. Bu isə Azərbaycanı yenilməz və güclü edir! Azərbaycançılıq ideologiyası onu aşılayır ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq respublikamızın hər bir vətəndaşı Azərbaycan dövləti üçün dəyərlidir, eləcə də hər bir vətəndaş öz imkanlarını ölkənin inkişafına, qüdrətinin artmasına, suverenliyinin möhkəmlənməsinə yönəltməlidir. Çoxmillətli dövlət olan Azərbaycan bu gözəl diyarı özlərinin ümumi evi sayan bütün xalqların birliyi sayəsində güclüdür və bu əsasda özünün inamlı inkişafını təmin edir.
Azərbaycançılıq ideologiyasının əsas təməl prinsiplərindən biri - yüksək vətənpərvərlik
Biz Azərbaycan cəmiyyətinin monolitliyini, həmrəyliyini, ana Vətənə, dövlətə bağlılığını ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin I və II Qarabağ müharibələrində göstərdikləri misilsiz fədakarlıqların timsalında əyani şəkildə izləmişik. Onlar üçrəngli bayrağımızı başları üstünə qaldıraraq döyüşlərə doğma Vətənimiz, doğma Azərbaycanımız naminə atılırdılar. Müxtəlif etnik və dini mənsubiyyətə malik əsgər və zabitlərimiz səngərlərdə bir-birlərinə qardaş, arxa idilər, onların hamısının əsas məqsədi düşməni Vətən torpaqlarından qovub çıxarmaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək idi. “Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Əsas məqamlardan biri də gənc nəslin milli ideologiyanı həyat amalı kimi qəbul etməsidir. Bu da gənclərin hansı mühitdə yetişmələrindən, necə təhsil almalarından asılıdır. Açıq deyək ki, dünyada Azərbaycanofob qüvvələr gəncləri öz təsir dairələrinə çəkmək və ölkəmizə qarşı məkrli planlarını məhz onların üzərindən realaşdırmaq istəyirlər. Lakin alınmır və alınmayacaq da! Çünki güclü və məsuliyyətli Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev hər zaman gənclərimizin yanında olmaq nümunəsi sərgiləyir. Son 23 ildə Azərbaycanın çoxmillətli gənclər ordusu Prezident İlham Əliyevin hərtərəfli qayğısı ilə əhatə olunub. İlk növbədə, onu vurğulamaq istərdik ki, Prezident İlham Əliyevin Vətən, xalq, Azərbaycanın güclənməsi, dünya birliyində layiqli yerini tutması, milli maraqlarımızın qorunması naminə çoxşaxəli fəaliyyəti hər bir gənc üçün yaxşı nümunədir. Xalqımızın tarixdən gələn ənənələri və dəyərləri, ölkəmizin milli maraqları dövlətimizin başçısı üçün qırmızı xətdir və gənclər də bundan dərs götürürlər. Eyni zamanda, ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında müasir çağırışlara adekvat olan uğurlu gənclər siyasəti həyata keçirilir. Respublikamızda gənclərin keyfiyyətli təhsilə əlçatanlığının təmin olunmasını hədəfləyən bir neçə Dövlət Proqramı qəbul olunub və bu məqsədlə böyük həcmlərdə maliyyə vəsaiti ayrılıb. Respublikamızda neft gəlirləri məqsədyönlü şəkildə insan kapitalına yönəldilir.
Azərbaycan dövlətinin gənclər siyasətini həmişə diqqət mərkəzində saxlaması öz bəhrəsini verir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə respublikamızda yaşayan bütün xalqları təmsil edən gənclərin göstərdikləri şücaətlər bir daha təsdiqləyir ki, Azərbaycanda Vətənə, xalqa, dövlətə, milli ideyaya bağlı olan gənclər formalaşıb. Onlar təhsildə, əmək fəaliyyətində böyük uğurlar qazandıqları kimi, torpaqlarımızın müdafiəsi üçün canlarından, qanlarından keçməyə də hazırdırlar. 44 günlük Vətən müharibəsində şanlı qələbəmizin təmin olunmasına müxtəlif nəsillərin nümayəndələri öz töhfələrini veriblər, ancaq Prezident, Müzəffər Ali Baş Komanan İlham Əliyevin vurğuladığı kimi, bu qələbəmizin təmin olunmasında gənclərin hamıdan çox rolu var. Müharibənin əsas yükü məhz gənclərin üzərinə düşüb. Qürurverici haldır ki, Azərbaycan gəncləri Vətən sınağından alınıaçıq çıxdılar.
Mübariz FEYİZLİ