Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qarabağ dirçəlir: Böyük Qayıdışın Xankəndi mərhələsi və sabaha inam

Qarabağ dirçəlir: Böyük Qayıdışın Xankəndi mərhələsi və sabaha inam

17.09.2026 [10:50]

​Məskunlaşma yalnız yeni evlərin qapısını açmaq, sadəcə ünvan dəyişmək deyil. Bu, neçə-neçə ilin nisgilini, yarımçıq qalmış xatirələrini yenidən öz doğma torpağına bağlamaq, həyata sıfırdan, amma daha inamla başlamaq deməkdir. İllərlə yurd həsrəti ilə yaşayan soydaşlarımız üçün bu qayıdış həm də tarixi ədalətin bərpası, mənəvi bir dirçəliş hissidir.

​Bu gün Qarabağda Böyük Qayıdış sadəcə rəqəmlərlə ifadə olunan statistika deyil, dirçələn insan taleyidir. Xankəndidə və onun Kərkicahan qəsəbəsində işıqları yanan hər yeni mənzil bu torpaqların əbədi sahiblərinə qovuşmasının canlı sübutudur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 17 avqust 2026-cı il tarixinə olan rəsmi məlumatlarına nəzər salanda mənzərə tam aydın görünür: Xankəndi şəhərində 76 ailə (332 nəfər), Kərkicahanda isə 43 ailə (174 nəfər) artıq öz ev-eşiyinə qovuşub. Ümumilikdə 119 ailənin, 506 soydaşımızın doğma ocağına dönməsi sadəcə bir başlanğıcdır. Bu rəqəmlərin arxasında yenidən qurulan ailə təsərrüfatları, torpağa bağlanan yeni nəsillər dayanır.

​Bu məskunlaşmanın arxasında dövlətimizin yorulmaz zəhməti, genişmiqyaslı bərpa-quruculuq işləri və fasiləsiz təhlükəsizlik tədbirləri dayanır. Azad olunan hər bir qarış torpaqda müasir standartlara cavab verən infrastruktur layihələri həyata keçirilir — yeni avtomobil yolları çəkilir, elektrik, su və təbii qaz xətləri sıfırdan ən son texnologiyalarla bərpa olunur. Eyni zamanda təhsil, səhiyyə və sosial obyektlər müasir avadanlıqlarla təmin edilərək istifadəyə verilir. Xankəndi Qarabağ Universitetinin fəaliyyətə başlaması regionun həm də mühüm elm və təhsil mərkəzinə çevrilməsinin bariz nümunəsidir. Ərazilərin minalardan təmizlənməsi prosesinin də fasiləsiz aparılması sakinlərin tam təhlükəsiz şəraitdə yaşamasına təminat verir. Görülən bu kompleks işlər doğma yurduna qayıdan sakinlərin yalnız sığınacaq deyil, layiq olduqları rahat və təhlükəsiz yaşam mühitini tapmasını təmin edir.

​Gələcək məskunlaşma planları isə daha əhatəli və mərhələli şəkildə davam etdirilir. "Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı"na uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan yaşayış məntəqələrinin sayının artırılması, minlərlə yeni mənzilin istifadəyə verilməsi əsas prioritetlərdəndir. Ən mühüm məqamlardan biri sakinlər üçün daimi iş yerlərinin yaradılmasıdır. Şəhərdə kiçik və orta sahibkarlığın inkişafı, sənaye parklarının və xidmət obyektlərinin istifadəyə verilməsi sakinlərin daimi məşğullğunu təmin edir. Yaxın gələcəkdə növbəti köç karvanlarının Xankəndiyə və ətraf kəndlərə yola salınması ilə bu torpaqlara həyat tam gücü ilə qayıdacaq.

​İllərlə həsrətini çəkdiyimiz o küçələrdə uşaq səslərinin ucalması, həyətlərdən qonşu pıçıltılarının eşidilməsi Qarabağa vurulan ən böyük möhürdür. Xankəndi addım-addım, məhəllə-məhəllə öz əsl ruhuna qayıdır. İnsan doğulduğu, böyüdüyü torpaqda tam olur. Xankəndidə və Kərkicahanda qalan hər bir iz, çatılan hər bir ocaq göstərir ki, bu qayıdış daimidir, sarılan yaralar məhz bu torpaqda şəfa tapır. Qayıdan hər bir soydaşımızla Qarabağın nəfəsi daha da gurlayır, gələcəyə olan inamımız daha da möhkəmlənir.

Nurdən Cəfərova

Kükü kənd tam orta məktəbində müəllim, YAP fəalı

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30