Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud münasibətlərin inkişaf istiqamətlərini və gələcək perspektivlərini əhatə edir. Müsahibədə siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin genişləndirilməsi, strateji tərəfdaşlığın möhkəmləndirilməsi xüsusi diqqət çəkir. Azərbaycan ilə Vyetnam arasında uzun illərdir davam edən dostluq münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulub. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldən mühüm hadisə kimi qiymətləndirilir.

Azərbaycan-Vyetnam münasibətlərinin möhkəm tarixi əsasları mövcuddur. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri iki xalq arasında dostluğun inkişafında mühüm başlanğıc nöqtəsi olub. Həmin dövrdən etibarən xalqlarımız arasında mədəni dialoq, qarşılıqlı səfərlər və humanitar əlaqələr davamlı xarakter alıb. Bu gün də humanitar əməkdaşlıq dövlətlərimizi və xalqlarımızı birləşdirən möhkəm körpü rolunu oynayır. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi xeyriyyəçilik və sosial layihələr, eləcə də elm və təhsil sahəsində əməkdaşlıq dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Mədəniyyət və təhsil sahəsində əlaqələr də ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Sovet dövründə minlərlə vyetnamlı gəncin Azərbaycanda təhsil alması bu sahədə formalaşmış ənənələrin göstəricisidir. Bu gün universitetlər arasında əməkdaşlıq, tələbə və akademik mübadiləsi, birgə elmi təşəbbüslər əlaqələrin inkişafına yeni imkanlar yaradır. Azərbaycanda keçirilən Vyetnam mədəniyyət günləri, ədəbi tədbirlər və qarşılıqlı mədəni layihələr xalqların bir-birinin mədəni irsini daha yaxından tanımasına şərait yaradır. Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır və xalqlar arasında mənəvi yaxınlığı gücləndirir.

İqtisadi və ticarət əməkdaşlığı Azərbaycan-Vyetnam münasibətlərinin perspektivli istiqamətlərindəndir. İki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarından artıq olması iqtisadi əlaqələrin inkişaf etdiyini göstərir. Bununla belə, mövcud potensial daha böyükdür və tərəflər ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdırlar. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Tranzit daşımaları sahəsində müşahidə olunan müsbət dinamika da Azərbaycanın əlverişli coğrafi mövqeyinin və beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunun Vyetnam üçün yaratdığı imkanları nümayiş etdirir.

Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında əlaqələrin genişləndirilməsi hər iki ölkənin enerji sektorunda təcrübə və imkanlarından qarşılıqlı fayda əldə etməsinə şərait yaradır. Neft-qaz sənayesi, yataqların kəşfiyyatı, texniki xidmətlər və mütəxəssis hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Bununla yanaşı, Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Vyetnam şirkətlərinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə maraq göstərməsi investisiya əlaqələrinin gələcəkdə daha da genişlənəcəyini göstərir.

Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlıq edir. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda aparılan dialoq iki dövlətin ortaq maraqlarının müdafiəsinə və beynəlxalq münasibətlər sistemində əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Siyasi məsləhətləşmələr, yüksək səviyyəli qarşılıqlı səfərlər və hökumətlərarası əlaqələr münasibətlərin institusional əsaslarını möhkəmləndirir. Prezident İlham Əliyevin müsahibəsində diqqətə çatdırılan məsələlər göstərir ki, Azərbaycan və Vyetnam gələcəkdə də siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi dostluqdan strateji tərəfdaşlığa doğru inkişaf etdiyini bir daha nümayiş etdirir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, artan ticarət dövriyyəsi, enerji və tranzit sahəsində əməkdaşlıq, humanitar və mədəni əlaqələr bu münasibətlərin əsas dayaqlarını təşkil edir. Dövlət başçısının vurğuladığı kimi, dost Vyetnama səfər Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq. Bu səfərin və qarşılıqlı təşəbbüslərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, yeni iqtisadi layihələrin həyata keçirilməsinə və xalqlarımızın rifahına töhfə verməsi gözlənilir.

 

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi