Kəlbəcər – qayıdışın, qürurun və Zəfərin ünvanı

Kəlbəcər – qayıdışın, qürurun və Zəfərin ünvanı

Kəlbəcər Azərbaycanın tarixində və xalqımızın yaddaşında özünəməxsus yeri olan qədim yurd yerlərimizdəndir. Gözəl təbiəti, uca dağları, buz bulaqları və zəngin sərvətləri ilə seçilən bu diyar uzun illər işğal altında qalsa da, heç vaxt xalqımızın yaddaşından silinmədi. Kəlbəcər həsrəti illərlə ürəyimizdə yaşadı, doğma torpaqlarına qayıtmaq arzusu isə hər zaman canlı qaldı.

Bu arzunun gerçəkləşməsində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunun və güclü Azərbaycan strategiyasının xüsusi əhəmiyyəti oldu. Ulu Öndərin siyasi irsini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, prinsipial mövqeyi və uzaqgörən diplomatiyası Azərbaycanın tarixi Zəfərinə gedən yolu müəyyənləşdirdi.

2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması xalqımız üçün unudulmaz hadisəyə çevrildi. Bu, təkcə bir ərazinin geri qaytarılması deyil, həm də illərlə doğma yurd həsrəti çəkən insanların ümidlərinin gerçəkləşməsi idi. Kəlbəcərin diplomatik yolla azad olunması dövlətimizin siyasi gücünün və qətiyyətinin mühüm göstəricisi oldu.

Bu böyük Zəfərdən danışarkən şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını və xalqımızın birliyini xüsusi qeyd etməliyik. Vətən uğrunda canından keçən igidlərimizin haqqı heç vaxt unudulmayacaq. Qazilərimizin göstərdiyi şücaət hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri, yenilənən infrastruktur və sakinlərin doğma torpaqlarına qayıdışı bizi sevindirir. Vaxtilə həsrətlə xatırladığımız bu gözəl diyar indi yenidən canlanır. Kəlbəcər öz əvvəlki gözəlliyinə qovuşmaqla yanaşı, müasir Azərbaycanın inkişafının da bir parçasına çevrilir.Ən böyük sevincimiz odur ki, artıq Kəlbəcərə qayıdış sadəcə bir arzu deyil, reallıqdır. Bu torpaqlarda yenidən uşaqların səsi eşidilir, evlər tikilir, həyat davam edir. Bütün bunlar dövlətimizin gücünün, xalqımızın əzminin və birliyinin nəticəsidir.

Kəlbəcər şəhər günü münasibətilə bütün kəlbəcərliləri və bu qədim diyarı sevən hər kəsi təbrik edirəm. Arzumuz budur ki, Kəlbəcərdə daim quruculuq, inkişaf və firavanlıq olsun. Doğma yurdumuzun hər guşəsində Azərbaycan bayrağı əbədi dalğalansın!

Kəlbəcər bizim tariximiz, qürurumuz və gələcəyə olan inamımızdır! 

Anar Əhmədov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi