Şuşa Zəfəri – Tarixin döyüş meydanında yazılan qələbəsi

Şuşa Zəfəri – Tarixin döyüş meydanında yazılan qələbəsi

 

     Şuşa Zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi xalqımızın uzun illər davam edən həsrətinə son qoyan, Vətən müharibəsinin gedişində həlledici rol oynayan tarixi hadisə oldu. Qarabağın tacı adlandırılan Şuşa öz zəngin tarixi, mədəni irsi, strateji mövqeyi və Azərbaycan xalqının milli yaddaşındakı xüsusi yeri ilə hər zaman böyük əhəmiyyət daşıyıb. 1992-ci il mayın 8-də şəhərin işğal olunması xalqımız üçün ağır itki idi. Şuşanın sakinləri doğma yurdlarından didərgin düşmüş, şəhərin tarixi abidələri və mədəni irsi ciddi zərər görmüşdü. Buna baxmayaraq, Şuşaya qayıdış ümumxalq arzusu olaraq yaşadı və bu məqsəd uğrunda mübarizə heç vaxt dayandırılmadı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərimizin yüksək döyüş hazırlığını, xalqımızın birliyini nümayiş etdirdi. Müharibənin gedişində bir sıra yaşayış məntəqələri işğaldan azad edildi və döyüşlər tədricən Şuşa istiqamətində davam etdi. Şəhərin coğrafi mövqeyi onun azad edilməsini olduqca çətinləşdirirdi. Şuşa sıldırım qayalarla əhatə olunmuş, dağlıq ərazidə yerləşən və müdafiə baxımından əlverişli mövqelərə malik şəhər idi. Bu səbəbdən onun azad olunması xüsusi hazırlıq, dəqiq planlaşdırma və böyük şəxsi igidlik tələb edirdi. Azərbaycan xüsusi təyinatlıları mürəkkəb relyef şəraitində irəliləyərək qayalıqları və meşəlik əraziləri aşdılar. Ağır texnikanın hərəkətinin çətin olduğu istiqamətlərdə döyüşçülərimiz piyada hərəkət edərək şəhərə yaxınlaşdılar. Şuşa uğrunda gedən döyüşlərdə hər bir hərbçinin cəsarəti, dözümlülüyü və peşəkarlığı mühüm rol oynadı. Şəhər daxilində baş verən yaxın məsafəli döyüşlər Azərbaycan əsgərinin Vətənə bağlılığını və döyüş əzmini bir daha göstərdi. Noyabrın 8-də Azərbaycan xalqı çoxdan gözlədiyi müjdəni aldı - Şuşa şəhəri işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciət edərək bu tarixi xəbəri elan etdi. Bu xəbər ölkənin hər yerində böyük sevinc və qürurla qarşılandı. İnsanlar Azərbaycan bayraqlarını dalğalandıraraq illərdir gözlədikləri qələbəni qeyd etdilər. Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyinə ciddi təsir göstərdi. Bu qələbə düşmənin hərbi mövqelərini zəiflətdi və müharibənin başa çatmasını sürətləndirən əsas amillərdən biri oldu. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Şuşa zəfərinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi. Şuşanın azadlığı yalnız hərbi uğur deyil, həm də milli-mənəvi qələbə idi. Bu şəhər Azərbaycan musiqisinin, poeziyasının və incəsənətinin beşiklərindən biridir. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və başqa görkəmli şəxsiyyətlərin adı Şuşanın tarixi ilə sıx bağlıdır. Şəhərin azad olunması xalqımızın mədəni irsinə sahib çıxması, tarixi yaddaşının qorunması baxımından da böyük əhəmiyyət daşıyırdı. İşğal dövründə zərər görmüş tarixi abidələrin bərpasına, şəhərin infrastrukturunun yenilənməsinə və mədəni həyatının canlandırılmasına başlanıldı. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi, burada mühüm mədəni tədbirlər keçirilməyə başladı. Bu işlər şəhərin əvvəlki şöhrətinin qaytarılması və gələcək inkişafı üçün mühüm addımlardır. Şuşa zəfərinin arxasında Azərbaycan xalqının birliyi, dövlətimizin gücü, ordumuzun hazırlığı və torpaq həsrəti dayanırdı. Bu qələbə uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızınyaddaşında daim yaşayacaq. Qazilərimizin göstərdiyi fədakarlıq və hərbçilərimizin qəhrəmanlığı gələcək nəsillər üçün Vətənə sədaqət nümunəsidir.

     Şuşanın azad edilməsi bir daha sübut etdi ki, xalq öz tarixinə, torpağına və milli dəyərlərinə bağlı olduqda ən çətin sınaqlardan belə qalib çıxa bilər. Bu gün Şuşada dalğalanan Azərbaycan bayrağı tarixi ədalətin bərpasının, müstəqilliyimizin və milli qürurumuzun rəmzidir. Şuşa zəfəri Azərbaycan tarixində əbədi yaşayacaq, 8 Noyabr isə xalqımızın yaddaşında qürur, birlik və qəhrəmanlıq günü kimi qalacaqdır.

 

Cəmilə Hüseynova

YAP Naxçıvan şəhər təşkilatı “Nəsirəddin Tusi 21” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü