Seymur Orucov: Müasir informasiya texnologiyalarına bütün cəmiyyətlərdə gənclər tərəfindən xüsusi maraq var və gənclər bu maraqlarını həyata keçirirlər
Dünən Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları gənclər birliklərinin sədrləri üçün treninqlər başlayıb. Treninqlər partiyanın Xətai rayon təşkilatının qərargahında keçirilir.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, XXI əsr informasiya texnologiyaları əsri kimi qəbul olunur. Onun sözlərinə görə, belə bir zamanda YAP-ın üzvü olan gənclər də müasir dövrün tələblərinə uyğunlaşmalıdır: “Partiyamızda yüksək intellektli gənclər birləşib. Müasir informasiya texnologiyalarına da bütün cəmiyyətlərdə gənclər tərəfindən xüsusi maraq var və gənclər bu maraqlarını həyata keçirirlər. Ona görə də, bu treninqləri keçirməklə partiyamızın yerli təşkilatlarının gənclər birliklərinin sədrlərinin bu istiqamətdə təcrübələrinin artırılması nəzərdə tutulur”.
S.Orucov bildirib ki, treninqlərdə gənclər internetlə, sosial şəbəkələrlə, yeni proqramlarla daha aktiv işləmək, yeni texnologiyaların mənimsənilməsi ilə bağlı məlumatlandırılacaqlar. Qruplar halında keçirilən treninqlər bir neçə gün davam edəcək.
Söhbət etdiyimiz gənclər də ölkəmizdə həyata keçirilən siyasəti dəstəklədiklərini, müxalifətin pozuculuq fəaliyyətinə qarşı çıxdıqlarını vurğulayıblar.
Nardar BAYRAMLI