Etibarlı tərəfdaşlığın yeni dövrü

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr müzakirə edilib

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin strateji tərəfdaşlıq istiqamətində inkişafı, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarovun Birləşmiş Krallığa işgüzar səfər çərçivəsində ölkənin baş nazirinin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşündə sənaye, enerji, ticarət, maliyyə xidmətləri və investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması imkanları barədə fikir mübadiləsi aparılıb. Ölkələrin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniyanın təcrübə, texnologiya və maliyyə imkanlarından istifadənin əhəmiyyəti vurğulanıb.

10 istiqamət üzrə 60-dan çox tədbir

Böyük Britaniya 30 ildən artıqdır ki, investisiyaları və enerji sektorunda strateji əməkdaşlığı ilə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Bu ölkənin  Azərbaycana yatırdığı investisiyaların həcmi 39 milyard dolları ötür. Birləşmiş Krallıq Azərbaycanın ən böyük xarici investorudur. Hazırda hər iki dövlət yüksəksəviyyəli əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirmək üçün ənənəvi neft-qaz sahəsi ilə yanaşı, ticarət və mühəndislik, bərpaolunan enerji, innovasiya və rəqəmsal texnologiyalar, “yaşıl enerji” infrastrukturlarının qurulmasında uzunmüddətli əməkdaşlığa önəm verir. Tərəflər arasında əbəkdaşlığın 2026-2027-ci illər üzrə Fəaliyyət Planı qarşıdakı dövrdə birgə fəaliyyət üçün aydın yol xəritəsi yaradır. Sənəd 10 istiqamət üzrə 60-dan çox tədbiri əhatə edir.

Britaniya şirkətlərinin yeni investisiya gündəliyi - “yaşıl enerji”

Azərbaycan və Böyük Britaniya arasında çoxillik enerji tərəfdaşlığının yeni mərhələsi “təmiz enerji”yə keçidə əsaslanır. Bu sahədə xüsusi fəallığı ilə seçilən bp şirkətinin Azərbaycanda bərpaolunan enerji və dekarbonizasiya sahəsində ilk layihəni - “Şəfəq” günəş elektrik stansiyasının inşasını həyata keçirməsi əməkdaşlıqda yeni səhifənin açılması hesab edilə bilər. Böyük Britaniya irimiqyaslı bərpaolunan enerji layihələrində dərin biliklərə malik aparıcı mühəndislik, layihə və konsaltinq şirkətlərinin vətənidir. Britaniya şirkətləri konseptual layihələndirmə, texniki-iqtisadi əsaslandırma və enerji sistemlərinin inteqrasiyası sahəsində güclüdür. Dünyanın ən böyük dəniz külək elektrik stansiyası olan “Dogger Bank” layihəsini reallaşdıran ingilislər öz qabaqcıl təcrübəsini Azərbaycanda da reallaşdıra bilər.

Bu isə enerji keçidi prosesinə investisiyaların artırılmasında Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan bp-nin yeni enerji siyasətində açdığı yeni cığır digər Britaniya şirkətləri üçün nümunə olmaqla, onların “yaşıl enerji” dəhlizlərinin inkişafı, dənizdə külək və hidrogen enerjisi, şəbəkələrin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması kimi sahələrdə əməkdaşlığa cəlb olunmasını motivasiya edəcək.

İngilislər “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə də xüsusi diqqət göstərir, layihə çərçivəsində Naxçıvandan əldə ediləcək “yaşıl enerji” mübadilə mənbələrinin istismarında təmsil olunmaq niyyətindədir. Bu baxımdan Britaniyanın “Xlinks” şirkətinin Muxtar Respublikada fəaliyyəti bölgənin enerji mənbələrinin şaxələnməsi və nəqlində mühüm mərhələ aça bilər.

Bir sözlə, ötən 30 illik enerji əməkdaşlığında əldə edilmiş uğurların növbəti davamı kimi ingilis şirkətlərinin Azərbaycana yeni enerji sərmayələrinin axını başlayacaq.

Orta Dəhlizdə birgə qərar

Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirir, xüsusilə də Orta Dəhlizin inkişaf etdirilməsində strateji rol oynayır. Etibarlı sərhədyanı marşrutlara xüsusi əhəmiyyət verən Böyük Britaniya bu istiqamətdə Azərbaycanla həm tranzitlərin əlaqələndirilməsində, həm də logistika infrastrukturlarının modernləşdirilməsi, rəqəmsal həllərin tətbiqində faydalı əməkdaşlıq etmək niyyətindədir. Bu baxımdan iki ölkə arasında əməkdaşlığın əsas prioritetlərindən biri Orta Dəhlizin ötürücülük qabiliyyətinin daha da artırılması və rəqəmsallaşdırılmasıdır. 2025-ci ildə Azərbaycan ilə Böyük Britaniya arasında tranzit yükdaşımalarının 14 faiz çoxalması bu potensialın daha da artırılmasını əks etdirir.

İki ölkə arasında rəqəmsal transformasiya da əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Süni intellekt, kibertəhlükəsizlik, məlumat mərkəzləri və insan kapitalının inkişafı sahələrində birgə təşəbbüslər üçün böyük potensial var.

E.CƏFƏRLİ