Xocalı soyqırımı İsmayıllıda da anılıb

Fevralın 23-də YAP İsmayıllı rayon təşkilatı  Xocalı soyqırımının ildönümü münasibətilə dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq  qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan  tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib.
Ə.Vahabova vurgulayıb ki, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda minlərlə övladını itirmiş Azərbaycan xalqı gec-tez Xocalı soyqırımını törədənlərin layiqli cəzalarını alacaqlarına ümid bəsləyir: “Dünya ictimaiyyəti erməni millətçiliyinin əsl mahiyyətini dərk etməli, terrorizm və təcavüzkarlığın bir forması olan Qarabağ torpaqlarının qəsb olunması faktına öz münasibətini bildirməlidir”.
YAP İsmayıllı rayon təşkilatının sədr müavini Azər Abbasov çıxışında bildirib ki,1993-cü ildə ümummilli liderimiz  Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində ardıcıl fəaliyyət göstərib.
Daha sonra çıxış edən digər tədbir iştirakçıları bildiriblər ki, Xocalı faciəsi dünya tarixində törədilmiş ən dəhşətli soyqırımlardan biridir.
PƏRVİZ