Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş görüş və iclaslar keçirilib.
Tədbirlər Mərkəzi Xəstəxana, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Texniki Peşə Məktəbi ərazi partiya təşkilatlarını əhatə edib. Görüşlərdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, sədr müavini Azər Ağayev, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə mühüm siyasi hadisə kimi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqi ölkəmizin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr qoyur.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Dövlətçilik ideyalarının təbliği, milli maraqların qorunması, ideoloji təhlükəsizliyin təmin olunması, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və həyata keçirilən dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması qarşıda duran əsas vəzifələrdəndir.
Tədbirlərdə vurğulanıb ki, partiya üzvləri vətəndaşlarla əlaqələri gücləndirməli, ictimai-siyasi proseslərdə fəallığı artırmalı, xüsusilə gənclərin dövlətçilik ideyaları ətrafında maarifləndirilməsinə və ölkəmizin əldə etdiyi nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasına töhfə verməlidirlər.
Sonda bildirilib ki, VIII Qurultayda müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması hər bir partiya üzvündən məsuliyyət, təşəbbüskarlıq və fəallıq tələb edir. Ərazi partiya təşkilatlarının üzvləri qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi, dövlət siyasətinin dəstəklənməsi və partiyanın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəklərini bildiriblər.