Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsini əks etdirir

Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsini əks etdirir

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasət strategiyasının, beynəlxalq əməkdaşlıq prioritetlərinin və Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivlərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibəsində iki ölkə arasında tarixən formalaşmış dostluq münasibətlərinə, siyasi dialoqun inkişafına, iqtisadi-ticarət əlaqələrinə, enerji, nəqliyyat, investisiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarına geniş toxunub.
    Azərbaycan ilə Vyetnam arasında münasibətlərin zəngin tarixi və möhkəm dostluq ənənələri vardır. Bu münasibətlərin əsası hələ 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. Həmin səfər iki xalq arasında qarşılıqlı hörmət və dostluq əlaqələrinin inkişafında mühüm mərhələ olub. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri isə ikitərəfli əməkdaşlığın genişlənməsinə ciddi təkan verib. Ulu Öndərin həmin ölkəyə göstərdiyi diqqət və həyata keçirdiyi görüşlər Azərbaycan-Vyetnam münasibətlərinin uzunmüddətli inkişafı üçün möhkəm təməl yaradıb.

   Müsahibədə Azərbaycan ilə Vyetnam arasında siyasi dialoqun və qarşılıqlı etimadın əhəmiyyəti xüsusi vurğulanıb. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin mövqelərinə hörmətlə yanaşır və ortaq maraqlar əsasında əməkdaşlıq edirlər. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə Vyetnam tərəfindən göstərilən dəstək ölkələrimiz arasında dostluq münasibətlərinin mühüm göstəricisidir.

   Dövlət başçısının müsahibəsində iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələləri də mühüm yer tutub. Azərbaycan və Vyetnam arasında mövcud ticarət əlaqələri inkişaf etsə də, ölkələrin iqtisadi potensialı daha böyük imkanların olduğunu göstərir. Xüsusilə energetika, sənaye, kənd təsərrüfatı, tikinti, infrastruktur və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait mövcuddur. Azərbaycan zəngin enerji ehtiyatları, müasir infrastrukturu və əlverişli coğrafi mövqeyi ilə beynəlxalq iqtisadi əməkdaşlıqda mühüm tərəfdaşdır. Vyetnam isə sürətlə inkişaf edən iqtisadiyyatı, sənaye potensialı və geniş bazar imkanları ilə diqqət çəkir. Bu baxımdan iki ölkənin iqtisadi imkanlarının birləşdirilməsi qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yarada bilər.
   Müsahibədə Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemindəki mövqeyi də diqqətə çatdırılıb. Ölkəmizin Şərq ilə Qərb, Şimal ilə Cənub arasında əlverişli coğrafi mövqedə yerləşməsi onu mühüm tranzit mərkəzinə çevirib. Son illərdə nəqliyyat infrastrukturunun yenilənməsi, dəmir və avtomobil yollarının inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq yükdaşımalar sistemində rolunu artırıb
     Azərbaycan-Vyetnam münasibətlərində humanitar əməkdaşlıq da xüsusi əhəmiyyətə malikdir. Təhsil, elm, mədəniyyət və sosial sahələrdə əlaqələrin inkişafı xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir.
   Mədəniyyət sahəsində əməkdaşlıq da Azərbaycan və Vyetnam xalqlarını bir-birinə yaxınlaşdıran mühüm amillərdəndir. Hər iki ölkənin zəngin mədəni irsinin qarşılıqlı tanıdılması, incəsənət tədbirlərinin təşkili, ədəbi əsərlərin tərcüməsi və müxtəlif festivalların keçirilməsi münasibətlərin humanitar əsaslarını daha da möhkəmləndirir. Azərbaycanda keçirilən Vyetnam Günləri, Vyetnam ədəbiyyatının ölkəmizdə tanıdılması və Azərbaycan mədəniyyətinin Vyetnamda təbliği bu istiqamətdə görülən işlərin əhəmiyyətini göstərir

    Möhtərəm Prezidentimiz İlham Əliyevin müsahibəsində Azərbaycanın beynəlxalq həmrəylik və humanitar yardım prinsiplərinə sadiqliyi də öz əksini tapıb. Ölkəmizin Vyetnamda baş vermiş təbii fəlakətlər zamanı göstərdiyi humanitar dəstək iki xalq arasında dostluğun yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını, eyni zamanda, çətin anlarda qarşılıqlı dəstək və həmrəylik üzərində qurulduğunu göstərir

   Dövlət başçısının Vyetnama qarşıdakı rəsmi səfəri ilə bağlı gözləntiləri də ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərin siyasi dialoqun daha da gücləndirilməsinə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verəcəyi gözlənilir. Azərbaycan və Vyetnamın malik olduğu iqtisadi potensial, əlverişli coğrafi mövqelər və qarşılıqlı siyasi iradə tərəfdaşlığın daha da dərinləşməsi üçün geniş imkanlar yaradır.
   Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın müstəqil, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursunun mühüm istiqamətlərini əks etdirir. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan dost və tərəfdaş ölkələrlə münasibətlərin inkişafına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı faydalı iqtisadi əlaqələrin qurulmasına xüsusi önəm verir. Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında yeni inkişaf mərhələsinə qədəm qoyub. Əminliklə demək olar ki, mövcud siyasi iradə və geniş iqtisadi potensial iki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənməsinə, xalqlarımızın rifahına və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

 

 

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri