Son zamanlar ölkəmizdə yol qəzalarının sayında artım müşahidə olunur. Ötən il Azərbaycanda 1427 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda ümumilikdə 764 nəfər ölüb, 1118 nəfər isə xəsarət alıb. Təbii ki, qəzaların böyük əksəriyyətinə səbəb yol hərəkəti qaydalarına düzgün əməl edilməməsidir. Bu gün qurumların əksəriyyəti də hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa çağırır. Maraqlıdır, sürücülər yol qəzalarından qorunmaq üçün nələrə diqqət etməlidir?
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Yeniazerbaycan.com-a bildirir ki, qəzalar əsasən nəqliyyat hadisələrinin idarə olunmaz halı, qarlı-çovğunlu hava şəraiti, məhdudgörmə və yaxud yolların buz bağladığı təqdirdə baş verir:
“Ona görə də sürücülər yollarda baş verəcək hadisələrə hazırlıqlı olmalıdır. Xüsusən nəqliyyat vasitələrinin parametrləri, şinləri, mühərriki, əyləc sistemi, şüşə silənlərin işləməsi, salonun isidilməsi və s. saz vəziyyətdə olmalıdır. Nəqliyyat vasitəsini idarə edən şəxsin idarəetmə ilə bağlı bilgilərinin olması da mütləqdir. Təcrübəsiz sürücülər nəqliyyat vasitələrini idarə etməməlidir. Bəzən sürücülərin sükan arxasında telefon istifadə etməsi və yaxud təhlükəsizlik kəmərini taxmaması, diqqətsizliyi birbaşa qəza vəziyyətinə şərait yaradır”.
Beləliklə, sürücülər avtomobili idarə edərkən yol nişanlarına, sürət həddinə, təhlükəsizlik qaydalarına nə qədər əməl etsələr, qəzaların sayı da bir o qədər az olar.
Leyla Səməndər