Çin, Rusiya və ABŞ prezidentləri eyni masa arxasında...
19 noyabr 2026-cı il dünyanın siyasi tarixində mühüm bir hadisə ilə yadda qaldı - Çinin Şençjen şəhərində tarixdə ilk dəfə Çin Xalq Respublikasının Sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli görüşü baş tutub. Danışıqlar Çin dövlət başçısının iqamətgahında keçirilib. Görüşdən əvvəl üç ölkənin liderləri mətbuat üçün şəkil çəkdiriblər və sonra dəyirmi masada yerlərini tutublar.
Görüşdən öncə...
Qeyd edək ki, “South China Morning Post” qəzeti bildirmişdi ki, görüşün gündəliyi ilə bağlı müzakirələr bir neçə həftədir davam edir. Əsas mövzu nüvə silahlarının idarə edilməsi sistemlərində süni intellektin istifadəsi və nüvə qüvvələrinin istifadəsi ilə bağlı qərarlar üzərində insan nəzarətinin saxlanılması zərurəti olub. Qəzet nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı birgə bəyanatın mümkünlüyü barədə də yazmışdı. Ukrayna - Rusiya münaqişənin üçtərəfli görüşün gündəliyində olub-olmayacağı isə açıq sual olaraq qalmışdı - “Reuters” agentliyi Pekinin hazırlıqlar zamanı bu mövzunun sammitin gündəliyinə daxil edilməsinə qarşı çıxdığını iddia etmişdi. Agentliyin məlumatına görə, Çin bu münaqişəyə qarışmadığını və ABŞ və Rusiyanın bu barədə öz aralarında müzakirə etmələrini üstün tutduğunu bildirmişdi.
Si Cinpin: Biz birlikdə çiçəklənirik və əziyyət çəkirik...
Qeyd edək ki, görüşdən öncə hər bir lider salamlama nitqi ilə çıxış edib. Çin lideri Si Cinpin çıxışında nüvə silahlarının tamamilə qadağan və ləğv edilməsinə çağırış edib. “Nüvə silahları bəşəriyyətin başı üzərində asılmış Damokl qılıncıdır. Nəticədə nüvə silahlarından azad bir dünya yaratmaq üçün onlar tamamilə qadağan edilməli və tamamilə aradan qaldırılmalıdır”, - deyə o bildirib. Çinin Sədri Rusiya, ABŞ və Çin arasında ilk üçtərəfli görüşün əhəmiyyətini vurğulayıb və ölkələrin başqaları üçün nümunə olmalı olduğunu deyib: “Bu formatda ilk üçtərəfli sammit həqiqətən irəliləyişdir”.
Çin liderinin sözlərinə görə, böyük ölkələr arasında yaxşı münasibətlər dünyanı daha təhlükəsiz edir, qarşıdurma isə dünyanı xaosa sürükləyir. Si Cinpin üç ölkənin faşizm üzərində böyük qələbəsini xatırladaraq, tarixi yaddaşı qorumağa və ona əsaslanan ortaq gələcək qurmağa çağırıb. O qeyd edib ki, Rusiya, ABŞ və Çin qlobal çağırışlara birgə cavab verməklə və dünya sülhünü və sabitliyini qorumaqla layiqli nümunə göstərməlidirlər.
Si Cinpin açılış nitqində üç gücün məsuliyyətini, rolunu və digər ölkələrə təsirini vurğulayıb. “Mən tez-tez deyirəm ki, bəşəriyyət bir qlobal kənddə yaşayır. Biz birlikdə çiçəklənirik və əziyyət çəkirik. Biz eyni taleyi bölüşürük. Bu qlobal kənddə böyük ölkələr beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün xüsusi məsuliyyət daşıyırlar”, - deyə o bildirib.
Vladimir Putin: Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün ortaq məsuliyyət
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündə Ukrayna məsələsinin müzakirə edildiyini bildirib. O qeyd edib ki, müzakirə ABŞ prezidentinin təşəbbüsü ilə keçirilib. Putin bir gün əvvəl Çinin Sədri Si Cinpinlə də Ukrayna münaqişəsini müzakirə etdiyini qeyd edib. “Ölkələrimizin regional münaqişələrin həllində bir çox ortaq maraqları var. Əlbəttə ki, Ukraynadakı münaqişə də daxil olmaqla”, - deyə Putin bildirib.
Putin, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Çin və ABŞ liderlərinin iştirakı ilə bu miqyaslı ilk görüşü təşkil etdiklərinə görə Çin tərəfinə və şəxsən Si Cinpinə təşəkkür edib. Rusiya Prezidenti üç ölkənin vəzifəsini BMT Nizamnaməsi və orada təsbit edilmiş prinsiplər də daxil olmaqla, mövcud beynəlxalq hüquq sisteminin qorunması və gücləndirilməsi kimi təsvir edib. “Üç dövləti təkcə İkinci Dünya müharibəsində qalib ölkələr statusu deyil, ən əsası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün ortaq məsuliyyətlər birləşdirir”, - deyə Rusiya Prezidenti bildirib.
O, həmçinin üç dövlətin beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq və digər təhdidlərlə mübarizədə ortaq maraqlarını qeyd edib. “Əminəm ki, Rusiya, Çin və ABŞ, xalqlarımız, qarşılıqlı hörmət, bərabərlik və maraqlar balansına əsaslanan konstruktiv və tərəfdaşlar kimi əməkdaşlıq edərsə, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verə bilərlər”, - deyə Putin vurğulayıb.
Donald Tramp: Yeni imkanlar tapmaq və daha yaxşı gələcək yaratmaq üçün şans
Görüşdən öncə çıxışında ABŞ Prezidenti Donald Tramp liderlərin müzakirə edəcəkləri çox şeyin olduğunu söyləyib. “Əminəm ki, tarix yazacağıq. Çox şey müzakirə etdik və hələ də müzakirə edəcək çox şeyimiz var”, - deyə Tramp bildirib və qeyd edib ki, üç ən böyük iqtisadiyyatın liderləri olaraq yalnız xalqlarımıza deyil, bütün planetə təsir edən ən vacib məsələlər üzrə dialoq aparmaq üçün xüsusi məsuliyyət daşıyırlar. Tramp görüşü tarixi adlandıraraq qeyd edib ki, sammit yeni imkanlar tapmaq və daha yaxşı gələcək yaratmaq şansı təqdim edir. Salamlama nitqlərindən sonra görüşün qapalı iclası başlayıb.
Sülh haqqında Bəyannamə imzalanıb
Çin, Rusiya və ABŞ təşkilatın qlobal çağırışlara daha effektiv cavab verə bilməsi üçün BMT-də islahatların aparılmasını dəstəkləyiblər.
Bu barədə Şençjendə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən qəbul edilmiş Rusiya, Çin və ABŞ liderlərinin sülh haqqında Bəyannaməsində bildirilib.
“BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha səmərəli reaksiya verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik sahəsindəki əsas missiyasına uyğun gəlməsi üçün təşkilatın islahatına sadiq olduqlarını ifadə ediblər”, - Kreml Bəyannamədən çıxarışları təqdim edib.
Ümumilikdə bəyannamə 4 bənddən ibarətdir.
Bundan əlavə, üç dövlətin liderləri bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmaq barədə razılığa gəliblər, onlar sabit enerji tədarükünün vacibliyini təsdiqləyiblər.
Liderlər qeyd ediblər ki, dövlətlərin razılığı prinsipi və rəsmi şəxslərinin immunitetlərinə riayət olunması fundamental əhəmiyyət kəsb edir. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin və digər analoji strukturların səlahiyyətlərindən sui-istifadə etməməli olduğu ilə razılaşıblar.
Bundan başqa, liderlər təsdiqləyiblər ki, nüvə müharibəsində qaliblər ola bilməz və o, heç vaxt başladılmamalıdır. Bununla əlaqədar olaraq, üç ölkə nüvə risklərinin azaldılması və nüvə silahının yayılmasının qarşısının alınması üzrə dialoq aparacaq.
P.İSMAYILOV