Dost ölkədə “ASAN xidmət” şəbəkəsinin genişləndirilməsi gündəmdə
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xarici əlaqələri genişlənir. Bu günlərdə qurumun sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti dost Pakistan hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.
Agentlikdən bildirilib ki, səfər çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif nümayəndə heyətini qəbul edib və “Pakistan ASAN xidmət” mərkəzinin genişləndirilməsi ilə bağlı hökumətin iclasını keçirib.
Görüş zamanı İslamabadda “Pakistan ASAN xidmət” mərkəzinin yaradılmasında və fəaliyyətinin uğurla təşkilində göstərilən davamlı dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunub.
Baş nazir mərkəzi mühüm təşəbbüs və əhaliyə xidmət göstərən böyük ictimai xidmət müəssisəsi kimi qiymətləndirib. Bu fəaliyyətin dövlət xidmətlərinin vahid məkanda təqdim olunmasında əsaslı dönüş yaradacağı vurğulanıb.
Azərbaycanın müasirləşmə siyasətinin çox gözəl təzahürü
“ASAN xidmət” dövlət xidmətlərinin keyfiyyətli, innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsini təmin edən unikal bir modeldir. Şəffaflığı, ölkəmizin müasir yanaşmalarını və innovativ tətbiqləri özündə ehtiva edən bu model Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq 2012-ci ildə yaradılıb. Bununla da vətəndaşların dövlət xidmətlərinə asan əlçatanlığı təmin edilib. Paytaxtda əsası qoyulan “ASAN xidmət” şəbəkəsi sonrakı mərhələdə bütün ölkə üzrə genişləndirilib. Qısa şəkildə belə ifadə edə bilərik ki, “ASAN xiidmət” Azərbaycanın müasirləşmə siyasətinin vətəndaşlarda yüksək məmnunluq doğuran çox gözəl təzahürüdür.
Hazırda Azərbaycanda 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Vətəndaşlar paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və digər ünvanlarda da “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhrələnirlər.
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. Paytaxtda və regionlarda hər gün “ASAN xidmət” mərkəzlərinə təxminən 40 min vətəndaş müraciət edir və onların məmmunluq səviyyəsi 99 faizin üzərində olur. Eyni zamanda, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir.
Ölkəmizin intellektual məhsul ixracı - “ASAN xidmət” brendinə dünyada artan maraq
Qısa müstəqillik tarixində Azərbaycanın inkişafı elə yüksək səviyyəyə çatıb ki, artıq ölkəmiz xarici dövlətlərə intellektual məhsul ixracını da uğurla həyata keçirir. O cümlədən ölkəmizin intellektual brendi sayılan “ASAN xidmət”ə dünyada maraq getdikcə artır ki, bu da Azərbaycanın böyük uğurudur. Artıq ayrı-ayrı ölkələrdə də bu modelin tətbiqinə başlanıb. Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ICESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Bundan başqa, ICESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub.
Perspektivdə isə “ASAN xidmət” brendinin dünyada əhatə edəcəyi coğrafiyaların daha da genişlənəcəyi gözlənilir. Bunu son vaxtlarda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrı-ayrı ölkələrdən əməkdaşlıqla bağlı artan müraciətlər də təsdiqləyir. Beynəlxalq əməkdaşlığa dair son nümunələrdən biri kimi İndoneziya və Azərbaycan arasında ötən ilin dekabr ayında onlayn formatda baş tutan dövlət xidmətləri üzrə Simpoziumu göstərmək mümkündür. İmzalanmış sənədlərə uyğun olaraq hazırda İndoneziya Respublikasında “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış 300-dən çox Dövlət Xidmət Mərkəzi fəaliyyət göstərir.
Artıq Avropa İttifaqının üzv dövləti olan Rumıniya da “ASAN xidmət” modelinə böyük maraq göstərir. Ötən ilin dekabr ayında Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniya Hökumətinin Baş Katibliyinin dəvəti əsasında bu ölkəyə səfəri baş tutub. Səfər çərçivəsində “ASAN xidmət”in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparılıb. Eyni zamanda, Rumıniya Hökumətinin Baş Katibliyinin təşkilatçılığı ilə keçirilən “Dövlət Sektorunda İnnovasiya Forumu”nda “ASAN xidmət”ə dair mükafat ilk dəfə olaraq Avropa İttifaqına üzv ölkənin nümayəndələrinə təqdim olunub. Xatırladaq ki, bundan öncəki döv?də müvafiq mükafat Afrika qitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldə etmiş dövlətlərin nümayəndələrinə təqdim edilib.
Həmçinin bir qədər bundan əvvəl Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalidin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Nazir müavini “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öz ölkəsində tətbiqində maraqlı olduqlarını ifadə edib.
Cari ilin iyul ayında Azərbaycanın “ASAN xidmət” modeli BMT-nin “Dövlət institutlarının transformasiyası: İnnovasiyanın, iştirakın və inklüzivliyin inkişafı” mövzusunda Tbilisidə baş tutan Dövlət Xidməti Forumunda geniş təqdim olunub. Bundan əvvəl isə “ASAN xidmət “ BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Dayanıqlı İnkişaf Məqsədi 16 (DİM 16) üzrə Konfransda diqqət mərkəzində olub.
İslamabaddan regionlara doğru
“ASAN xidmət” dost Pakistana cari il yanvarın 14-də gəlib. Qeyd olunan tarixdə bu ölkənin İslamabad şəhərində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. İslamabadda baş tutan açılış mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Tədbirdə vurğulanıb ki, 2025-ci il sentyabrın 10-da Pakistan İslam Respublikasının Baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” təcrübəsinin Pakistanla paylaşılması istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.
“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmət təqdim olunur. Mərkəzdə “ASAN xidmət” standartları, ASAN könüllük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir. Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Pakistan ASAN xidmət” mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib. Pakistanın Baş naziri açılış mərasimindəki çıxışında “ASAN xidmət”i dövlət xidmətlərinin göstərilməsində mütərəqqi və innovativ bir model kimi qiymətləndirib. O, bütün bu texnologiyanın Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan tərəfindən Pakistana hədiyyə edildiyini xüsusi olaraq vurğulayıb.
İslamabadda açılan mərkəzin ötən aylardakı fəaliyyəti uğurlu olub və “ASAN xidmət”in populyarlığı qısa müddətdə dost Pakistanda da sürətlə artıb. Artıq ölkədə yeni belə mərkəzlərin açılması cəmiyyətin sosial sifaişinə çevrilib. Təsadüfi deyildir ki, yuxarıda bəhs olunan görüşdə Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və ölkə üzrə genişləndirilməsi, eləcə də Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən aparılmış auditin nəticələri müzakirə olunub. Baş nazir audit hesabatında əks olunan təkmilləşdirmə istiqamətlərinin prioritet qaydada icrası ilə bağlı tapşırıqlar verib.
O, Azərbaycanın təcrübəsinə uyğun olaraq birbaşa ona tabe olan səlahiyyətli qurumun yaradılması ilə bağlı tapşırıq verib. Həmçinin “Pakistan ASAN xidmət” modelinin bölgələrdə tətbiqi və xidmət şəbəkəsinin genişləndirilməsi üçün əyalət hökumətləri ilə əməkdaşlığın gücləndirilməsi tapşırılıb.
Dövlət Agentliyinin sədri ilə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri arasında da görüş keçirilib. Tərəflər “Pakistan ASAN xidmət” modelinin genişləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıblar.
Mübariz ABDULLAYEV