Qanunvericilik orqanları arasında əlaqələr inkişaf edir
Azərbaycanla Özbəkistan dost və qardaş ölkələrdir. Zəngin tarixi irsə əsaslanan əlaqələrimiz müasir dövrümüzdə daha da intensivləşib. Bu gün ölkələrimiz yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, müxtəlif beynəlxalq platformalar müstəvisində də fəal əməkdaşlıq edir. Eləcə də, dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq, Azərbayanla Özbəkistanın müxtəlif qurumları da əməkdaşlıq edirlər.
Bu baxımdan, parlamentlərarası əlaqələr xüsusi vurğulanmalıdır. Noyabrın 25-də Bakıda keçirilən “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu da qanunvericilik orqanları arasında əlaqələrin inkişafında vacib rol oynayır.
Birinci iclas Xivədə baş tutmuşdu...
Forumun açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova parlamentlərimiz arasında etimad və qarşılıqlı hörmətə əsaslanan dialoqu yüksək qiymətləndirib. O bildirib ki, Birinci Parlamentlərarası Forum ötən ilin iyulunda Xivədə uğurla keçirilib və orada parlament əlaqələrinin vəziyyəti, birgə iş üçün prioritet sahələr müzakirə edilib. Parlamentin sədri deyib ki, ikinci forumun Bakıda keçirilməsi bu dialoq formatının inkişafına və əldə edilən razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin təmin olunmasına qarşılıqlı sadiqliyi nümayiş etdirir.
Parlament ölçüsünün Azərbaycan-Özbəkistan münasibətlərində mühüm yer tutduğunu vurğulayan S.Qafarova deyib ki, bu gün ölkələrimiz arasında genişmiqyaslı birgə layihələr həyata keçirilir, ticarət-iqtisadi və investisiya əlaqələri genişlənir, regionlararası əməkdaşlıq dərinləşir. Bu dövrün xüsusi nailiyyəti isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi dostluq Müqaviləsi”nin imzalanmasıdır. Bu sənəd müttəfiqlik münasibətlərimizin inkişafında yeni bir mərhələni təşkil edir, həmçinin əsrlər boyu davam edən dostluq ənənələrini qorumaq və gələcək nəsillərə ötürmək üçün ortaq istəyi əks etdirir.
Diqqətə çatdırılıb ki, dövlətlərarası münasibətlərin dinamikası parlamentlərimiz üçün yeni çağırışlar yaradır. Bu baxımdan parlament diplomatiyasının rolu artır və qanunverici orqanların fəaliyyətinin ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə kömək etməsi, hüquqi bazanı təkmilləşdirməsi və parlamentarlar arasında birbaşa əlaqələri genişləndirməsi vacibdir.
Sonra çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi potensialını gücləndirib, infrastrukturunu modernləşdirib və beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Tənzilə Narbayeva Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı tarixi roluna və hazırda Qarabağda aparılan geniş quruculuq işlərinə dərin hörmətini ifadə edib.
Senatın sədri Özbəkistanda da Prezident Şavkat Mirziyoyevin təşəbbüsü və rəhbərliyi ilə yeni Özbəkistan quruculuğunun həyata keçirildiyini diqqətə çatdırıb. Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin siyasi iradələri, şəxsi dostluğu və qarşılıqlı etimadları sayəsində ölkələrimizin müttəfiq olduğunu vurğulayan Senatın sədri bu baxımdan iki il əvvəl dövlət başçılarının imzaladığı Müttəfiqlik münasibətləri haqqında Müqavilənin və bu ilin avqust ayında Daşkənddə Ali Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində imzalanmış Əbədi dostluq Müqaviləsinin əhəmiyyətini qeyd edib.
Tənzilə Narbayeva iki ölkənin iqtisadi əlaqələri və həyata keçirilən geniş layihələr barədə də fikirlərini bölüşüb.
“Yol xəritəsi” imzalanıb
Qeyd edək ki, hər iki ölkənin parlament sədrləri tərəfindən Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında 2027-2028-ci illər üçün parlamentlərarası əməkdaşlığın inkişafına dair praktiki tədbirlər planı (“Yol xəritəsi”) imzalanıb.
Bakıda keçirilən Forum isə işini panel müzakirələri ilə davam etdirib. “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərində parlament faktoru” mövzusunda birinci panel sessiyaya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Özbəkistan Ali Məclisi Senatının komitə sədri Əlişir Aqzamxocayev moderatorluq ediblər. Sessiyada “Ali Dövlətlərarası Şuranın üçüncü iclasında qəbul olunmuş qərarların reallaşdırılmasına parlament dəstəyi və ikitərəfli əlaqələrin strateji istiqamətləri”, “İki ölkə arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə qanunvericilik təşəbbüsləri”, həmçinin “Regional və beynəlxalq təhlükəsizlik kontekstində parlament diplomatiyası və beynəlxalq platformalarda ümumi maraqlar naminə birgə fəaliyyət” mövzularında müzakirələr aparılıb.
Mövzular barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Özbəkistan Ali Məclisi Senatının komitə sədri Əlişir Aqzamxocayev, Milli Məclisin deputatı Əminə Ağazadə, Özbəkistan Senatının komitə sədri Abdulhakim Eşmuradov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, Özbəkistan Senatının komitə sədrinin müavini Dilorom Feyziyeva məruzə ilə çıxış ediblər. Sonra mövzular üzrə müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclisin deputatları Sabir Hacıyev və Nigar Məmmədova çıxış edərək, Azərbaycan-Özbəkistan münasibətlərində parlamentin rolu barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
İkinci panel sessiya isə “Azərbaycan-Özbəkistan çoxşaxəli əlaqələrinin dərinləşdirilməsinə parlamentlərin töhfəsi: institusional əməkdaşlıq mexanizmləri kimi komitələrin rolu” mövzusuna həsr olunub. Bu sessiyaya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Ali Məclis Senatının Büdcə və iqtisadi məsələlər komitəsinin sədri Erkin Qadoyev moderatorluq ediblər. Sessiyada “Ticarət, iqtisadiyyat, investisiya, sənaye və sahibkarlıq sahəsində həyata keçirilən tədbirlər fonunda birgə fəaliyyət imkanları”, “Bərpaolunan enerjidən istifadə və yaşıl inkişaf üzrə qanunvericilikdə təcrübə mübadiləsi və ortaq layihələrin dəstəklənməsi”, “Rəqəmsal inkişaf və süni intellekt sahəsində əməkdaşlıq, çağırışlar və perspektivlər”, “Parlamentlərin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətə dəstək imkanları” mövzuları müzakirə olunub.
Forum çərçivəsində keçirilən “Xalqlar arasındakı həmrəyliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üzrə parlament dialoqu” mövzusuna həsr olunan üçüncü panel sessiyaya Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və Özbəkistan Ali Məclisi Senatının Gənclər, qadınlar, mədəniyyət və idman məsələləri komitəsində daimi əsaslarla fəaliyyət göstərən senator Malika Kadirxanova moderatorluq ediblər. Tədbirdə “Xalqlar arasında yaxınlığın gücləndirilməsinə xidmət edən mədəni əlaqələrin inkişafı istiqamətində təşəbbüslər”, “Elm və təhsil sahəsində mövcud olan güclü potensialın reallaşdırılması yollarına parlamentlərin yanaşması”, “Ortaq milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm amil olaraq gənclər və idman sahəsində əməkdaşlıq”, “Ölkələr arasında dostluğun, qarşılıqlı anlaşmanın və humanitar əlaqələrin möhkəmləndirilməsi vasitəsi olaraq turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi” mövzuları müzakirə olunub.
Bununla da İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri başa çatıb.
Bakı Bəyannaməsi qəbul edilib
Qeyd edək ki, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. Milli Məclisin sədri Sahibə Qafarova bu bəyannamənin qəbul edilməsinin parlamentlərarası dialoqun davamlılığının təmin edilməsi və ona daha konkret məzmun verilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Parlamentin spikeri bildirib ki, onun müddəalarının həyata keçirilməsi ikitərəfli əməkdaşlığın qanunvericilik əsaslarının möhkəmlənməsinə və dövlətlərimizin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaların icrasına töhfə verəcək.
Xatırladaq ki, noyabrın 25-də Azərbaycan Milli Məclisi və Özbəkistan Ali Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası da keçirilib.
Nardar BAYRAMLI