Ölkəmizin daxili işlərinə müdaxilə etmək, onun suveren hüquqlarını şübhə altına almaq və ya qərarlarına kənardan təsir göstərmək cəhdləri fiaskoya məhkumdur
Azərbaycan müstəqillik tarixinin bütün mərhələlərində milli maraqlara əsaslanan, daxili və xarici siyasətdə suveren qərarvermə prinsipinə sadiqliyi ilə seçilib. Rəsmi Bakının siyasi kursunun təməlində dövlət müstəqilliyinin qorunması, milli təhlükəsizliyin təmin edilməsi, Konstitusiyanın və qanunun aliliyinin əsas götürülməsi dayanır. Azərbaycan öz qərarlarını hər hansı xarici mərkəzin siyasi gözləntilərinə uyğunlaşdırmaqla deyil, ölkənin milli maraqlarını, hüquqi öhdəliklərini və xalqın mənafeyini nəzərə alaraq verir. Bu yanaşma dövlətimizin beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyini formalaşdıran başlıca amillərdəndir.
Vurğulanmalıdır ki, müasir dünyada müstəqil siyasət yürütmək heç də həmişə asan olmur. Qlobal güclər arasında rəqabətin kəskinləşdiyi, siyasi təzyiq və təsir mexanizmlərinin genişləndiyi bir şəraitdə suveren qərarvermə iradəsini qorumaq ciddi siyasi qətiyyət tələb edir. Azərbaycan isə dəfələrlə nümayiş etdirib ki, heç bir kənar qüvvə ölkəmizin qanuni səlahiyyətlərinə müdaxilə edə, dövlətin qərarlarını diktə etmək iddiasına düşə bilməz. Əlbəttə, bu mövqe beynəlxalq əməkdaşlıqdan imtina deyil, bərabərhüquqlu münasibətlərin və qarşılıqlı hörmət prinsipinin müdafiəsidir. Azərbaycan bütün tərəfdaşları ilə dialoqa açıq olsa da, bu dialoqun milli maraqlara və dövlət suverenliyinə hörmət əsasında qurulmasını vacib sayır. Ölkəmizə qarşı təzyiq göstərməyə, onun müstəqil seçimlərini dəyişdirməyə çalışan qüvvələr isə zaman-zaman Azərbaycanın siyasi iradəsi və prinsipial mövqeyi ilə hesablaşmalı olublar. Çünki dövlətin gücü yalnız iqtisadi və hərbi imkanları ilə deyil, həm də öz qərarlarını müstəqil qəbul etmək və həmin qərarları ardıcıl şəkildə müdafiə etmək bacarığı ilə ölçülür.
Oktay Saral tutduğu vəzifədən azad edildi
Yeri gəlmişkən, Azərbaycanın təhsil sistemində tətbiq olunan vahid məktəbli geyimi qaydalarını tənqid edərək siyasi narazılıq yaradan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifədən azad olunması barədə Türkiyə mətbuatında xəbərlər yayılıb. Bildirilir ki, Saral tutduğu vəzifədən azad edilib. Mənbələrin bildirdiyinə görə, qərar onun Azərbaycanla bağlı səsləndirdiyi açıqlamanın doğurduğu narazılıqla əlaqəlidir. Xatırladaq ki, Azərbaycanda təhsil sistemində vahid məktəbli geyimi qaydalarının tətbiqindən sonra Türkiyənin müxtəlif siyasi və dini dairələrindən ölkəmizə qarşı ittihamlar səsləndirilmişdi. Müzakirələrə AK Parti təmsilçiləri, o cümlədən bəzi millət vəkilləri də qoşulmuşdu. Bu çıxışlar arasında Oktay Saralın açıqlaması xüsusilə sərt qarşılanmışdı. Saralın açıqlamasının göstəriş və təhdid kimi qəbul edilən tonu Azərbaycanda etiraz doğurmuşdu.
Bizim üçün ən əhəmiyyətli məqam dostluq, qarşılıqlı hörmət və əməkdaşlıqdır...
Vurğulandığı kimi, Azərbaycan beynəlxalq aləmdə hər zaman öz milli maraqlarını qorumaqla seçilib. Bu yanaşma təkcə diplomatik kurs deyil, həm də Azərbaycanın dövlət ideologiyasının ayrılmaz hissəsidir. Ölkəmiz heç bir zaman hansısa qrupların və ya maraqların daxili işlərimizə qarışmasına imkan verməyib, beynəlxalq münasibətlər sistemində müstəqil və əməkdaşlıqları bərabərhüquqlu səviyyədə quran dövlət kimi çıxış edib. Bu prinsipial mövqe həm milli dəyərlərimizə, həm də beynəlxalq hüquqa əsaslanır. Məhz buna görə də Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı və ardıcıl siyasət yürüdən dövlət kimi tanınır. Bizim bu mövqeyimiz dünyanın aparıcı təşkilatları və dövlətləri tərəfindən də yüksək qiymətləndirilir. Bizim üçün ən əhəmiyyətli məqam dostluq, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Xarici siyasətimizdə “qarşılıqlı münasibət prinsipi” əsas xətti təşkil edir - bizə qarşı dost münasibət göstərən hər bir dövlətə eyni səmimiyyət və etimadla yanaşırıq.
Azərbaycan xarici siyasətində də heç bir zaman hansısa siyasi blokun və ya qrup maraqlarının tərkib hissəsi olmayıb. Əksinə, ölkəmiz həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafına üstünlük verir. Şərqdə, Qərbdə, Şimalda və Cənubda yerləşən dövlətlərlə yüksək səviyyəli əlaqələrimizin möhkəmlənməsi bu siyasətin real nəticəsidir.
Azərbaycanın iradəsi qanuna, siyasəti milli maraqlara söykənir
Oktay Saralla bağlı məsələ bir daha göstərir ki, Azərbaycan öz dövlətçilik prinsiplərinə, hüquqi normalara və suveren qərarvermə hüququna münasibətdə qətiyyətli mövqe tutur. Rəsmi Bakının siyasətində əsas meyar şəxslərin kimliyi, siyasi əlaqələri və ya hansı ölkəni təmsil etməsi deyil, qanunun aliliyi, qarşılıqlı hörmət və milli maraqlara münasibətdir. Azərbaycan üçün dostluq və qardaşlıq münasibətləri böyük əhəmiyyət daşıyır. Lakin bu münasibətlər heç bir halda ölkəmizin daxili işlərinə müdaxilə etmək, onun suveren hüquqlarını şübhə altına almaq və ya qərarlarına kənardan təsir göstərmək cəhdlərinə haqq qazandıra bilməz.
Azərbaycan Türkiyə ilə münasibətlərini strateji müttəfiqlik, ortaq tarix, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında inkişaf etdirir. Ancaq əsl qardaşlığın mahiyyəti tərəflərdən birinin digərinin iradəsinə təsir göstərməsində deyil, hər iki dövlətin suverenliyinə və müstəqil qərarlarına hörmətlə yanaşılmasındadır. Bu baxımdan, Oktay Saral və onun timsalında Azərbaycanın daxili məsələlərinə müdaxilə etməyə çalışan bütün siyasi dairələr anlamalıdırlar ki, Bakı ilə münasibətlərdə təzyiq və diktə dili nəticə verməyəcək. Azərbaycan heç bir dövlətlə münasibətlərini qarşıdurma üzərində qurmaq niyyətində deyil, lakin milli maraqlarını və hüquqi mövqeyini qorumaq məsələsində də güzəştə getmir və getməyəcək.
Bu gün Azərbaycan regionda yalnız baş verən proseslərə reaksiya verən deyil, həm də yeni siyasi reallıqların formalaşmasında fəal iştirak edən dövlətdir. Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi şərait, regional nəqliyyat əlaqələrinin genişləndirilməsi və sülh gündəliyi ölkəmizin artan siyasi çəkisini təsdiqləyir. Belə bir mərhələdə Azərbaycanın müstəqil iradəsinə hörmət etmək hər bir tərəf üçün zəruridir. Bakı ilə əməkdaşlıq etmək istəyənlər bir həqiqəti qəbul etməlidirlər: Azərbaycan dostluğa açıqdır, bərabərhüquqlu tərəfdaşlığı dəstəkləyir, lakin öz taleyinə dair qərarları yalnız özü verir.
P. İSMAYILOV