Azərbaycan Respublikasının Nazirlər Kabineti 2009-cu il aprelin 9-da “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışıb, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olub və işlə təmin olunmamış məcburi köçkünlərə 2009-cu ildə orta aylıq əməkhaqqı verilməsi haqqında” qərar qəbul edib.
Nazirlər Kabinetinin bu barədə məlumatında deyilir ki, 2009-cu il yanvarın 1-dən etibarən qüvvəyə minmiş bu qərara əsasən büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışıb, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olub və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əmək haqqı verilməsi müddəti 2010-cu il yanvarın 1-dək uzadılıb.
Həmin qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə məcburi köçkünlərin müvafiq boş iş yerlərində işə qəbulu ilə bağlı lazımi tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.