Regional inkişaf strategiyası: Real nəticələr, sabahın hədəfləri...

Regional inkişaf strategiyası: Real nəticələr, sabahın hədəfləri...

 

Regionların sosial-iqtisadi inkişafı strategiyası ölkəmizin tərəqqisini təmin edən mühüm hədəflərdfən biridir. Bu strateji baxış təkcə bölgələrdə zəruri infrastrukturları və biznes üçün təminatları yaratmaqla məhdudlaşımır, regionların iqtisadi potensialının üzə çıxarılması və əlavə dəyər zəncirinə inteqrasiyasını təmin etməyə yönəldilib. Bunun nəticəsidir ki, regional inkişaf proqramları ölkəmizdə yeni istehsal və emal komplekslərinin, güclü sənaye müəssisələrinin istifadəyə verilməsinə, yeni iş yerlərinin yaradılmasına, sahibkarlığın müasir inkişaf fəaliyyətlərinə yönəldilməsinə səbəb olmaqdadır. Xüsusilə də, özəl investisiyaların təşviqi və yerli istehsalın genişləndirilməsidir. Çünki hər hansı ərazidə yeni müəssisənin açılması yalnız bir iqtisadi obyektin yaranması deyil. Bu, yeni iş yerləri, ailələr üçün gəlir mənbəyi, yerli bazar üçün əlavə məhsul, ətraf xidmət sahələri üçün isə yeni sifarişlər deməkdir.

Bir sözlə, bu strateji kurs kənd və şəhər həyatının keyfiyyətcə dəyişməsini, sosial-iqtisadi inkişafın dayanıqlılığını təmin etməkdədir.

Azad edilmiş ərazilər regionların inkişafında yeni mərhələ açır

Müasir mərhələdə regionların davamlı inkişafı üçün yalnız ayrı-ayrı layihələrlə kifayətlənməmək, qeyri-neft ixracını artırmaq, habelə infrastruktur xidmətlərinin iqtisadi səmərəliliyini və inzibati-ərazi quruluşunun təkmilləşdirilməsini kompleks şəkildə qiymətləndirmək kimi məsələlər gündəmdədir. Eləcə də, işğaldan azad edilmiş ərazilərdə quruculuq, yeni yaşayış məntəqələrinin salınması, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və əhalinin məşğulluğunun artırılması ölkənin gündəliyində mühüm yer tutur. Bu istiqamətdə görülən işlərin əsas mahiyyəti regionların yalnız fiziki baxımdan yenilənməsi deyil, həm də iqtisadi və sosial cəhətdən dayanıqlı inkişaf modelinə keçididir. Azad ərazilərin güclü iqtisadi resursları və potensialı var, yaxın 4-5 ildə bu bölgənin iqtisadi artıma böyük töhfələri olacaq, eləcə də Azərbaycanda qeyri-neft iqtisadiyyatının potensiallarının güclənməsində möhkəm sütunlardan birinə çevriləcək.

İnkişafın davamlılığı necə təmin olunmalıdır?

Regionların sosial-iqtisadi inkişafında əldə edilən nəticələrlə yanaşı, qarşıda duran vəzifələr də kifayət qədər genişdir. Əsas məsələlərdən biri bölgələrə investisiya axınının davamlılığını təmin etmək, yerli sahibkarların fəaliyyətini stimullaşdırmaq və iqtisadi imkanları rayonlar arasında daha balanslı şəkildə bölüşdürməkdir. Bununla yanaşı, su ehtiyatlarından səmərəli istifadə, ekoloji tarazlığın qorunması, iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşma və kənd təsərrüfatında resurslara qənaət edən texnologiyaların tətbiqi də xüsusi diqqət tələb edir. Digər tərəfdən, regionların inkişafında yerli icmaların təşəbbüslərinə daha geniş imkan verilməsi vacibdir. Çünki hər bir bölgənin ehtiyaclarını və üstünlüklərini ən yaxşı həmin ərazidə yaşayan insanlar bilir. Yerli potensialın düzgün qiymətləndirilməsi, vətəndaşların qərarvermə prosesində iştirakının genişləndirilməsi layihələrin səmərəliliyini artıra bilər.

Ən vacib məqamlardan biri isə regionların inkişafının yalnız dövlət investisiyaları hesabına deyil, dövlət-özəl sektor əməkdaşlığı əsasında da gücləndirilməsidir. Dövlət tərəfindən yaradılan əlverişli biznes mühiti özəl təşəbbüslərlə tamamlandıqda daha uzunmüddətli iqtisadi nəticələr əldə etmək mümkündür.

Ölkənin gələcəyinə yatırılan sərmayə

Hazırda Azərbaycanın regional inkişaf siyasəti qarşıya mühüm vəzifə qoyur: ölkənin hər bir bölgəsində iqtisadi fəallığı artırmaq, sosial rifahı yüksəltmək və insanlara yaşadıqları ərazidə öz potensiallarını reallaşdırmaq imkanı yaratmaq. Bu məqsədlərə çatmaq üçün həyata keçirilən infrastruktur layihələri, sənaye və aqrar sahədə yeniliklər, turizm imkanlarının genişləndirilməsi, “Böyük Qayıdış” çərçivəsində aparılan quruculuq işləri vahid inkişaf strategiyasının tərkib hissələridir.

Əlbəttə, regional inkişaf bir günün, bir ilin işi deyil. Bu, ardıcıllıq, düzgün planlaşdırma, investisiya və insan kapitalına davamlı diqqət tələb edən uzunmüddətli prosesdir. Əsas məsələ yaradılan imkanların davamlı iqtisadi nəticələrə çevrilməsi, hər bir bölgənin öz potensialına uyğun inkişaf etməsi və bu tərəqqinin insanların gündəlik həyatında hiss olunmasıdır.

Unutmaq olmaz ki, inkişaf etmiş region güclü dövlətin, rifah içində yaşayan insan isə dayanıqlı cəmiyyətin əsas dayağıdır. Azərbaycanın gələcəyi də məhz bu dayaqların möhkəmləndirilməsindən, ölkənin hər bir guşəsində tərəqqinin təmin edilməsindən keçir. Çünki regionların inkişafı sadəcə ərazi məsələsi deyil, bütövlükdə Azərbaycanın gələcəyinə, iqtisadi gücünə və insan kapitalına yatırılan strateji sərmayədir.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikası Media və Yayım Şurası"nın maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır