Avropa Bankı kiçik və orta sahibkarlara kredit verəcək
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2032-ci ilə qədər Cənubi Qafqaz ölkələrində “Biznesdə gənclər” (YiB) proqramının həyata keçirilməsinə 250 milyon avroya qədər vəsait yönəltmək niyyətindədir. Bu barədə AYİB-in Gender bərabərliyi və iqtisadi inklüzivlik üzrə direktoru Sonya Cordan-Kirvan bildirib. Onun sözlərinə görə, maliyyələşdirmə Azərbaycan, Ermənistan və Gürcüstanda fəaliyyət göstərən 15 tərəfdaş bank vasitəsilə təqdim ediləcək. Proqramın əsas diqqəti paytaxt regionlarından kənarda və iqtisadi cəhətdən daha az inkişaf etmiş zonalarda fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələrin dəstəklənməsinə yönəldilib.
S.Cordan-Kirvan bildirib ki, AYİB Azərbaycanda insan kapitalının gücləndirilməsinə, qadınların iqtisadiyyatın texniki və yüksək gəlirli sektorlarına cəlb olunmasına, o cümlədən Abşeron yarımadasından kənarda gənclər üçün yeni iş yerlərinin yaradılmasına yönəlmiş bir sıra təşəbbüslər həyata keçirir. Bankın bu ölkədə strateji yanaşması regionlarda kiçik biznesə maliyyə dəstəyinin investisiya layihələrinə inteqrasiya olunmuş məsləhət proqramları və təlim tədbirləri ilə uzlaşdırılmasına əsaslanır. Yeri gəlmişkən, Avropa Bankı bir müddət əvvəl Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsində birbaşa maliyyə təminatı məqsədilə “AccessBank”a 75 milyon avro həcmin?ə portfel vəsait yönəldib. Həmin vəsaitin birbaşa kiçik və orta sahibkarlığın maliyyə ehtiyaclarının qarşılanmasına yönəldilməsi nəzərdə tutulur.
AYİB 10 ayda Azərbaycana 879 milyon avro kapital ayırıb
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı kredit portfeli 2026-cı ilin ötən 10 ayı üzrə 879 milyon avro təşkil edib. Portfeldə özəl sektorun payı 40 faizdən 41 faizə yüksəlib. Kredit portfelinin 784 milyon avrosu və ya 89 faizi dayanıqlı infrastrukturun inkişafına, 65 milyon avrosu və ya 7 faizi isə maliyyə institutlarına yönəldilib. Hazırda bankın ölkəmizdə 35 aktiv layihəsi üzrə maliyyələşmə davam etdirilməkdədir. AYİB-in 2026-cı ilin ötən 10 ayı üzrə sərmayələrini də nəzərə aldıqda, ümumilikdə, Azərbaycana yatırdığı investisiyaların həcmi 3 milyard 831 milyard avroya çatıb.
Bankın Azərbaycandakı əsas maliyyələşmə prioritetləri qeyri-neft sektorunun inkişafı, mühüm infrastrukturların, o cümlədən nəqliyyat və kommunikasiya sahələrində regional layihələrin dəstəklənməsi, yerli maliyyə institutlarının gücləndirilməsi və “yaşıl iqtisadiyyat”a keçidin təmin olunmasıdır.
Qara dəniz kabelinə maliyyə dəstəyi
AYİB Qara dəniz kabeli adlandırılan “Yaşıl Enerji Dəhlizi” (Xəzər-Qara dəniz-Avropa” yaşıl dəhlizi) layihəsinin maliyyələşdirilməsində də aktiv maliyyə təchizatçısı olmağa hazırdır. Bankın Qafqaz üzrə direktoru Tomas Kayris bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırma (TİƏ) fazası başa çatdıqdan sonra maliyyələşdirmə qərarı verilə bilər. Bankın töhfəsi birbaşa maliyyələşdirmə ilə məhdudlaşmaya bilər. Avropa Bankı layihənin strukturunun formalaşdırılmasına kömək etməyə, ekoloji və sosial standartlar üzrə ekspert məsləhətləri ilə təmin etməyə, həmçinin xarici kapitalın cəlb edilməsinə dəstək göstərməyə hazır olduğunu bildirir.
“Gənclər biznesdə” proqramı
T. Kayris Azərbaycanın AYİB üçün əhəmiyyətli ölkə olduğunu, maliyyələşdirdiyi 200-dən artıq layihə üzrə investisiya portfelinin 3,8 milyard avrodan çox olduğunu bildirib. Hazırda bankın strateji plana uyğun olaraq ölkəmizdə özəl sektorun təmsilçiləri olan kiçik müəssisələrlə, gənclərlə, qadınlarla daha çox maliyyə dəstəyinin göstərilməsi üzərində işlər aparılır. Yaxın vaxtlarda icrasına başlanması gözlənilən “Gənclər biznesdə” (YinB) proqramı çərçivəsində gənc sahibkarların maliyyə ehtiyacları ödəniləcək. Proqram maliyyə resurslarına çıxışın genişləndirilməsi ilə yanaşı, gənc biznesə konsaltinq dəstəyi və təlimlər vasitəsilə qeyri-maliyyə maneələrinin aradan qaldırılmasını da hədəfləyir.
Azərbaycanda gənclərin sahibkarlıq subyektlərinin hazırkı maliyyələşmə həcmi 700 milyon avronu ötüb, lakin bu bazarın ümumi potensialı 1,5 milyard avrodan çox qiymətləndirilir.
Avropa Bankının inklüziv maliyyələşdirmə üzrə mütəxəssisi Vinçentso Lancella Azərbaycanda gənclərin biznes layihələrinə indiyə qədər təxminən 700 milyon avrodan çox həcmdə maliyyələşdirmə təmin edildiyini qeyd edib. Gənclərin təqdim etdiyi biznes layihələri üzrə qiymətləndirmə isə bu vəsaitin ehtiyaclarda xeyli az - təxminən 5 dəfə az olduğunu göstərir. Ona görə də, AYİB bu sahədə kreditləşmə bazarının artırılmasına dəstək verməyə çalışacaq, ən azı potensial dəyəri 1,5 milyard avronu ötən maliyyə təminatı yaradılacaq.
E.CƏFƏRLİ