Rəqəmsal dövlət hər evə çatmalıdır

Rəqəmsal dövlət hər evə çatmalıdır

Ev təsərrüfatlarının uçotunda yeniliklər və onun vətəndaşlar üçün əhəmiyyəti

2027-ci il yanvar ayının 1-dən Azərbaycanda ev təsərrüfatlarının uçotu ilə bağlı yenilənmiş qaydalar qüvvəyə minəcək. Bu dəyişikliklər barədə yayılan məlumatlarda əsas diqqət evlərdə kompüter, noutbuk və planşetlərin, eləcə də internetə çıxış imkanlarının qeydə alınmasına yönəlib. Lakin məsələ yalnız rəqəmsal cihazlarla məhdudlaşmır, ev təsərrüfatlarının uçotu daha geniş məlumatları əhatə edir: ailənin tərkibi, yaşayış şəraiti, torpaq sahələri, əmlak, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası, saxlanan heyvanlar, quşlar, arı ailələri və istehsal olunan məhsullar da bu məlumatlar sırasındadır.

Bu yeniliklərin mahiyyətini düzgün anlamaq üçün əvvəlcə ev təsərrüfatlarının uçotunun nə olduğunu izah etmək lazımdır. Sadə dillə desək, dövlət hər bir yaşayış məntəqəsində insanların hansı şəraitdə yaşadığını, ailələrin tərkibini, hansı əmlaka və təsərrüfat imkanlarına malik olduğunu öyrənmək üçün mütəmadi məlumat toplayır. Bu məlumatlar ölkədəki sosial-iqtisadi vəziyyətin daha dəqiq qiymətləndirilməsinə kömək edir.

Qərarın hüquqi əsası və məqsədi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2024-cü il tarixli 273 nömrəli qərarı ilə “Ev təsərrüfatlarının uçotu Qaydası” təsdiq olunub. Qərarın giriş hissəsində onun qəbul edilməsinin səbəbi də göstərilir. Sənəd “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa 2024-cü il 5 aprel tarixində edilmiş dəyişikliklərin və Prezidentin 16 aprel 2024-cü il tarixli 36 nömrəli Fərmanının müvafiq müddəalarının icrasını təmin etmək məqsədi daşıyır. Yəni bu qərar təsadüfən irəli sürülmüş ayrıca təşəbbüs deyil, qanunvericilikdə edilmiş dəyişikliklərin həyata keçirilməsi üçün hazırlanmış hüquqi mexanizmdir. Qaydanın əsas məqsədi ev təsərrüfatlarının uçotunun necə aparılacağını, bu işi hansı qurumların həyata keçirəcəyini, məlumatların hansı sənədlərdə qeydə alınacağını və uçotun hansı müddətdə aparılacağını müəyyən etməkdir. Qaydaya əsasən, uçot rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən aparılır. Dövlət Statistika Komitəsi isə bu prosesdə istifadə olunan uçot sənədlərini və onların doldurulmasına dair göstərişləri təsdiqləyir.

Uçot hər il yanvarın 1-dən 30-dək, həmin ilin yanvar ayının 1-nə qədər olan vəziyyətə əsasən aparılır. Məlumatlar təsərrüfat başçısından və ya təsərrüfatın müvafiq hüquq və fəaliyyət qabiliyyətinə malik digər üzvündən sorğu yoluyla alınır. Ev təsərrüfatı deyiləndə yalnız bir ailənin üzvləri yox, eyni yaşayış sahəsində 

yaşayan, gəlir və əmlakını tam və ya qismən birləşdirən, qida və mənzil-kommunal xidmətləri kimi bir sıra ehtiyaclarını birgə ödəyən şəxs və ya şəxslər qrupu nəzərdə tutulur.

Uçot zamanı hansı məlumatlar qeydə alınır?

Ev təsərrüfatlarının uçotu yalnız ailədə neçə nəfərin yaşadığını müəyyənləşdirmək üçün aparılmır. Uçot sənədlərində yaşayış evləri və digər tikililər, torpaq sahələri, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və təsərrüfatın digər göstəriciləri barədə məlumatlar da əks olunur. Xüsusilə kənd yerlərində yaşayan əhali üçün heyvandarlıq və arıçılıqla bağlı məlumatlar da əhəmiyyətlidir. Təsərrüfatda saxlanan iribuynuzlu və xırdabuynuzlu mal-qara, atlar, quşlar, arı ailələri və digər heyvan növləri barədə məlumatlar qeydə alınır. Bundan başqa, əvvəlki il ərzində heyvanların, quşların kəsimi və ya kəsim üçün satışı, süd və yumurta istehsalı, qoyun yununun qırxılması və barama istehsalı kimi göstəricilər də uçot sənədlərində nəzərə alınır. Bütün bunlar dövlətə kənd təsərrüfatının real vəziyyətini, ailə təsərrüfatlarının imkanlarını və regionların iqtisadi xüsusiyyətlərini daha dolğun qiymətləndirmək imkanı verir. Məsələn, müəyyən bir ərazidə neçə ailənin heyvandarlıqla məşğul olduğunu, nə qədər arı ailəsinin saxlandığını və hansı məhsulların istehsal edildiyini bilmək həmin sahələrin inkişafı üçün daha əsaslı qərarlar qəbul olunmasına kömək göstərə bilər. Eyni qaydada, yaşayış evləri, torpaq sahələri və digər əmlak barədə məlumatlar da ərazinin sosial-iqtisadi mənzərəsini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.

2027-ci ildən hansı yeniliklər tətbiq olunacaq?

Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli 3-34/3-2-26/2026 nömrəli qərarı ilə təsərrüfat başına uçot sənədlərinə və onların aparılması qaydalarına dəyişiklik edilib. Qərarın 6-cı bəndinə əsasən, həmin dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minir. Yenilənmiş uçot sənədlərində ev təsərrüfatlarının kompüter, noutbuk və planşetlərlə təmin olunması, eləcə də internetə çıxış imkanları barədə məlumatların qeydə alınması nəzərdə tutulur. Başqa sözlə, dövlət ailələrin yalnız ənənəvi yaşayış və təsərrüfat göstəricilərini yox, müasir texnologiyalardan istifadə imkanlarını da öyrənəcək. Bu məqam xüsusilə vacibdir, çünki bu gün internet sadəcə əyləncə və ünsiyyət vasitəsi deyil; şagird dərs materiallarını əldə edir, tələbə elektron təhsil platformalarından istifadə edir, sahibkar müştəriləriylə əlaqə saxlayır, vətəndaş dövlət xidmətlərinə müraciət edir, işçi isə məsafədən işləmək imkanı qazanır. Lakin bütün ailələrin belə imkanları eyni səviyyədə deyil. Bəzi yaşayış məntəqələrində internetə çıxış məhduddur, bəzi ailələrdə isə kompüter və digər zəruri avadanlıqlar yoxdur. Bu məlumatların toplanması rəqəmsal imkanlar baxımından hansı ərazilərin və əhali qruplarının geridə qaldığını müəyyənləşdirməyə kömək edə bilər. Məsələn, müəyyən kəndlərdə internetə çıxış imkanlarının zəif olduğu və ailələrin kompüterlə təminatının aşağı səviyyədə qaldığı üzə çıxarsa, bu göstəricilər gələcəkdə rabitə infrastrukturunun inkişafı və rəqəmsal xidmətlərin əlçatanlığının artırılmasıyla bağlı planlaşdırmada nəzərə alına bilər.

Burada bir məqamı da aydınlaşdırmaq lazımdır: söhbət evdə internetə qoşulan bütün cihazların ayrı-ayrılıqda qeydiyyata alınmasından getmir. Yenilənmiş uçotda əsas diqqət kompüter, noutbuk və planşetlərin mövcudluğuna, eləcə də internetə çıxış imkanlarına yönəlib. Cihazların markası, modeli, qiyməti, seriya nömrəsi və ya onların daxilində saxlanan şəxsi məlumatların qeydə alınması bu uçotun məqsədi deyil. Vətəndaşlardan hər dəfə yeni cihaz alanda ayrıca məlumat vermək də tələb olunmur.

Dövlət xidmətləri artıq mobil telefondadır

Azərbaycanda dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində son illər mühüm addımlar atılıb. Bu gün bir sıra dövlət xidmətlərindən istifadə üçün vətəndaşın mütləq dövlət idarəsinə getməsinə ehtiyac qalmır - telefon və internet vasitəsilə sənədləri əldə etmək, müraciət göndərmək, elektron imzayla sənəd təsdiqləmək və müəyyən hüquqi əməliyyatları həyata keçirmək mümkündür. Bu istiqamətdə diqqət çəkən əsas platformalardan biri myGov-dur. Platforma dövlət qurumlarının müxtəlif elektron xidmətlərini və vətəndaş haqqında məlumatları vahid rəqəmsal mühitdə birləşdirir. Vətəndaş şəxsi kabinetinə daxil olaraq təhsil, əmək fəaliyyəti, sosial müdafiə, nəqliyyat və digər sahələrlə bağlı məlumatlarını əldə edə, mövcud elektron sənədlərindən istifadə edə bilər. 2026-cı ilin sentyabrında yayılan rəsmi məlumata görə, myGov platformasının istifadəçilərinin sayı 4 milyona çatmış, burada 430 dövlət xidməti və 102 məlumat bölməsi təqdim olunmuşdu. Bu göstəricilər rəqəmsal dövlət xidmətlərinə marağın və tələbatın artdığını göstərir.

Digər mühüm vasitə SİMA rəqəmsal imza platformasıdır. SİMA İmza mobil telefon vasitəsilə şəxsin kimliyini təsdiqləməyə və elektron sənədləri imzalamağa imkan verir. Gücləndirilmiş elektron imza ilə imzalanmış sənədlər qanunvericiliyə uyğun olaraq əl imzasıyla imzalanmış sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Bu imkan vətəndaşın müxtəlif sənədləri məsafədən təsdiqləməsini, elektron xidmətlərdən daha rahat istifadəsini təmin edir.

ASAN Müraciət sistemi də vətəndaşların gündəlik həyatında rastlaşdığı problemlərin həllinə xidmət edir. Məsələn, yaşayış yerində yolun vəziyyəti, küçə işıqlandırması, kommunal xidmətlər, abadlıq və təmizliklə bağlı problem yaranarsa, vətəndaş bunu elektron xəritədə qeyd edərək aidiyyəti dövlət qurumuna göndərə bilər. Daha sonra müraciətin hansı mərhələdə olduğunu və ona necə baxıldığını izləmək mümkündür. Bu sistemin əsas üstünlüyü vətəndaşın problemi bildirmək üçün müxtəlif idarələrə getmədən müraciət edə bilməsidir.

Rəqəmsal xidmətlərin digər nümunəsi Mobil Notariat tətbiqidir. Bu tətbiq vasitəsilə vətəndaş bir sıra notariat əməliyyatlarını mobil telefonla elektron qaydada həyata keçirə bilər. Məsələn, nəqliyyat vasitəsindən istifadə, daşınmaz əmlaka sərəncam, bank əməliyyatları və digər məsələlərlə bağlı müəyyən etibarnamələri, eləcə də müxtəlif ərizələri rəsmiləşdirmək mümkündür. Beləliklə, qanunvericiliklə nəzərdə tutulan xidmətlər üzrə vətəndaş notariat ofisinə getmədən sənəd hazırlaya və elektron qaydada təsdiqləyə bilər. Tətbiqə SİMA İmza vasitəsilə daxil olmaq imkanı da yaradılıb.

Bu xidmətlərin hər biri dövlət-vətəndaş münasibətlərində vaxt itkisinin azaldılmasına, sənədləşmə prosesinin sadələşdirilməsinə və xidmətlərin daha əlçatan olmasına kömək edir. Ancaq onların imkanlarından istifadə üçün vətəndaşın internetə çıxışı, uyğun cihazı və müəyyən rəqəmsal bacarıqları olmalıdır. Məhz buna görə ev təsərrüfatlarının uçotunda rəqəmsal imkanların da nəzərə alınması aktualdır.

Rəqəmsallaşma ilə yanaşı, təhlükəsizlik də vacibdir 

Dövlət xidmətlərinin elektron mühitə keçməsi yeni imkanlarla yanaşı müəyyən məsuliyyətlər də yaradır. Vətəndaş şəxsi məlumatlarını qorumağı, elektron imzasından düzgün istifadə etməyi, şübhəli keçidlərə daxil olmamağı və tanımadığı şəxslərə təsdiq kodlarını verməməyi bacarmalıdır. Çünki rəqəmsal xidmətlərin genişlənməsiylə yanaşı saxta internet səhifələri, dələduzluq cəhdləri və şəxsi məlumatların ələ keçirilməsi riski də artır. Bu səbəbdən rəqəmsal təhlükəsizlik yalnız texniki məsələ kimi qəbul edilməməlidir; insanların rəqəmsal savadlılığının artırılması, şəxsi məlumatların qorunması və elektron xidmətlərdən təhlükəsiz istifadə qaydalarının öyrədilməsi də vacibdir. Ev təsərrüfatlarının uçotu zamanı toplanan fərdi məlumatların işlənməsi və mühafizəsi isə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir. Burada bir fərqi də nəzərə almaq lazımdır: ev təsərrüfatlarının uçotu özlüyündə vətəndaşların kibertəhlükəsizliyini təmin etmir, lakin toplanan məlumatlar ailələrin rəqəmsal imkanlarını və mövcud ehtiyaclarını müəyyənləşdirməyə kömək göstərə bilər. Bu göstəricilər gələcəkdə rəqəmsal maarifləndirmə tədbirlərinin, internetə çıxış imkanlarının genişləndirilməsi və təhlükəsiz elektron xidmətlərdən istifadənin təşviqiylə bağlı qərarların hazırlanmasında nəzərə alına bilər.

Dövlətin rəqəmsal imkanları hər bir vətəndaşa çatmalıdır

Ev təsərrüfatlarının uçotunun yenilənməsi ölkənin sosial-iqtisadi və rəqəmsal vəziyyətinin daha dolğun öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Bu prosesdə ailələrin tərkibi, yaşayış şəraiti, torpaq və əmlak göstəriciləri, heyvandarlıq və arıçılıq fəaliyyətiylə yanaşı kompüter və internet imkanlarının da qeydə alınması dövlətin cəmiyyət haqqında daha geniş məlumat əldə etməsinə şərait yaradır. Vacib olan yalnız məlumat toplamaq yox, həmin məlumatlardan düzgün istifadə etməkdir. Əgər uçot nəticəsində hansı ərazilərdə internetin zəif olduğu, hansı ailələrin kompüter imkanlarından məhrum qaldığı və hansı qrupların rəqəmsal xidmətlərdən istifadə etməkdə çətinlik çəkdiyi müəyyənləşdirilərsə, bu problemlərin həlli üçün daha məqsədyönlü tədbirlər görülə bilər.

Rəqəmsal dövlət yalnız elektron platformaların yaradılmasıyla formalaşmır, onun əsas göstəricisi həmin xidmətlərdən ölkənin hər bir bölgəsində yaşayan vətəndaşın rahat, təhlükəsiz və bərabər imkanlarla istifadə edə bilməsidir. Paytaxtda yaşayan vətəndaşla ucqar kənddə yaşayan insanın dövlət xidmətlərinə çıxış imkanları arasında fərq minimuma endirilməlidir.

Son illər Azərbaycanda vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərini daha əlçatan etmək və bürokratik prosedurları azaltmaq istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. ASAN xidmət mərkəzləri, myGov platforması, SİMA rəqəmsal imza, ASAN Müraciət və Mobil Notariat kimi layihələr bu siyasətin konkret nəticələridir. Artıq vətəndaş bir çox arayışı əldə etmək, müraciət göndərmək, sənəd imzalamaq və müəyyən etibarnamələri rəsmiləşdirmək üçün vaxtını idarələrdə növbə gözləməklə keçirmir, bu xidmətlər ona birbaşa evindən, iş yerindən və ya olduğu hər hansı məkandan dövlətlə əlaqə saxlamaq imkanı yaradır.

Bütün bu addımlar dövlət idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılmasına, vətəndaş məmnunluğunun artırılmasına və insanların vaxtına qənaət edilməsinə xidmət göstərir. Ən əsası, dövlət-vətəndaş münasibətlərində rahatlıq, operativlik və şəffaflıq prinsipləri getdikcə daha geniş tətbiq olunur. Ev təsərrüfatlarının uçotunun yenilənməsi də bu ümumi inkişaf prosesinin bir hissəsi kimi qiymətləndirilə bilər.

Azərbaycanın rəqəmsal inkişaf istiqamətində atdığı addımların başlıca məqsədi insan amilini ön plana çəkmək, vətəndaşın gündəlik həyatını asanlaşdırmaq və dövlət xidmətlərini onun ehtiyaclarına uyğunlaşdırmaqdır. Bu siyasət davam etdikcə rəqəmsal imkanlar daha geniş əhali qruplarını əhatə edəcək, dövlətlə vətəndaş arasında əlaqələr daha rahat və səmərəli olacaq. Nəticədə vətəndaşa keyfiyyətli xidmət göstərən müasir, çevik dövlət modeli daha da möhkəmlənəcək.

Kəramət QƏNBƏROV

Beynəlxalq hüquq üzrə ekspert