Hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir...

Gənclərin milli ruhda yetişməsi daim diqqət mərkəzindədir

Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də səmərəli gənclər siyasətidir. Demokratiya yolunda inamla addımlayan, dinamik inkişafa və əsaslı ictimai-siyasi sabitliyə malik olan, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycanda da uğurlu gənclər siyasəti həyata keçirilir. Daha dəqiq desək, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs gənclərimizin milli-mənəvi dəyərlər kontkestində, sağlam və intellektual inkişafını şərtləndirir. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan gənclərimiz cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edir və onların fəaliyyəti Azərbaycanın dinamik inkişafına əhəmiyyətli töhfələr verir.

Ümumiyyətlə, gənclik hər zaman milli gücün aparıcı lokomotivi sayılır. Tarixin bütün dönəmlərində milli ruha, vətənpərvərlik hissinə, dövlətə və millətə bağlılıq kimi ali dəyərlərə malik gənclər öz ölkəsinin inkişafının ən mühüm lokomotivinə çevrilib. Milli ruhda böyüyən Azərbaycan gəncliyi də ölkəmizin strateji hədəflərinə doğru irəliləməsi prosesində fəal iştirakçı kimi yer alır, iqtisadi, siyasi və sosial həyatda mühüm rol oynayır. Azərbaycanın inkişafı texnoloji tərəqqiyə və iqtisadi resurslarla yanaşı, həm də milli dəyərlər üzərində qurulan güclü mənəvi təməllərə əsaslanır. Bu prosesdə ön sırada çıxış edən gənclər isə ölkələrinin tarixini, mədəniyyətini və ənənələrini mənimsəməlidirlər. Bu şüur onların vətəndaşlıq məsuliyyətini artırır və cəmiyyətdə birliyə, həmrəyliyə töhfə verir. Gələcək nəslin milli ruhda böyüməsi Azərbaycan cəmiyyətinin gələcək inkişafı ilə bağlı praqmatik proqnoz yaradır - paralel olaraq gənclərin ölkə daxilində və xaricdə milli dəyərləri təmsil etmələri, Azərbaycanın beynəlxalq imicinin qorunmasında və gücləndirilməsində mühüm rol oynayır.

Qlobalizasiyanın zərərli təsirlərindən qorunmaq üçün...

Yeni qlobal mühit, ideoloji təsirlər gənclərin milli ruhda yetişməsini çətinləşdirən amillərə çevrilib. Buna görə də gənclərin xarici təsir altına düşməməsi üçün milli şüurun, Vətənə bağlılığın və mənəvi dəyərlərin təməlini erkən yaşlardan qoymaq vacib şərt kimi çıxış edir. Azərbaycan gəncliyi həm milli, həm də qlobal məsələlərə dair bilik və bacarıqlara sahib olmaqla yanaşı, elmi və intellektual səviyyədə dünyanın digər ölkələrinin gəncləri ilə rəqabət aparmaq qabiliyyətini özündə əxz edir. Milli vətənpərvərlik amili isə xarici zərərli ideologiyaların təsirinə qarşı müqaviməti və immuniteti artırır.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında bildirib ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir: “Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir”.

Xaricdən gələn ziyanlı ideoloji təbliğatlar bütövlükdə cəmiyyətin inkişafına, milli maraqlara bağlılığa qarşı hədəflənib. Bunun qarşısının alınması üçün isə gənclərin paralel olaraq dünya ilə inteqrasiyada milli maraqları, milli kimliyi və milli ruhu qoruma bacarıqlarını inkişaf etdirmələri əsasdır. Bu mühüm nəticəyə nail olmaq üçün isə həm təhsil, həm də ailədə verilən tərbiyə milli ideallar və dəyərlər üzərində qurulmalıdır.

Gənclərimiz Vətən müharibəsindəki qələbədə mühüm rol oynadı...

Azərbaycanın dövlət siyasətində gənclərə göstərilən diqqət və qayğı müstəqillik illərindən etibarən xüsusi önəm daşıyıb. Gənclərin milli ruhda yetişdirilməsi və onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan addımlar, müxtəlif dövlət proqramları və təşəbbüslər bu sahədə dövlətin ardıcıl siyasətini əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti, məhz bu məqsədlərə xidmət edir. 2005-ci ildə “Azərbaycan gəncliyi” dövlət proqramı ilə başlayan bu diqqət, gənclərin təhsil alması, vətənpərvər ruhda formalaşması və müasir dünyaya inteqrasiya etməsi üçün möhkəm baza yaradıb. Bu diqqətin ən bariz nümunəsi 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində gənc nəslin göstərdiyi şücaət və vətənpərvərlik ruhunda özünü əks etdirdi. Vətən müharibəsi zamanı Azərbaycan gəncləri, milli ruhda yetişdirilmələrinin, ölkəyə bağlılıqlarının və dövlətin gənclərə verdiyi dəstəyin nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirdilər. Azərbaycan ordusunun əsas qüvvəsini təşkil edən gənclər öz torpaqlarını azad etmək üçün böyük fədakarlıq göstərdilər. Vətən müharibəsi zamanı döyüş meydanında olan hər bir gənc, illərlə aldığı tərbiyənin, dövlətin ona göstərdiyi diqqətin və milli dəyərlərin gücü ilə irəli atıldı. Onlar düşmənə qarşı təkcə fiziki deyil, həm də mənəvi üstünlüyə sahib idilər. Azərbaycan gənclərinin hər bir uğuru dövlətin onlara verdiyi dəstəyin və dövlət proqramlarının effektivliyini sübut edir. Gənclərin milli ruhda yetişməsi üçün açılan Gənclər Evləri, yaradılan Gənclər Fondu və digər dövlət strukturları gənclərə öz istedadlarını göstərmək və ölkənin inkişafına töhfə vermək üçün geniş imkanlar təmin edir. Vətən müharibəsində qazandığımız qələbə bu işlərin bariz nəticəsi kimi tarixə düşdü.

Vətən müharibəsində göstərilən qəhrəmanlıq sadəcə cəbhə bölgəsində deyil, həm də ölkə daxilində ictimai həmrəylikdə də öz əksini tapdı. Müharibə dövründə xaricdə yaşayan azərbaycanlı gənclər bir çox könüllü təşkilatlar vasitəsilə öz həmvətənlərinə dəstək verdi, cəbhə arxasında çalışan, yaralı əsgərlərə yardım edən, informasiya müharibəsində fəal iştirak edən gənclər isə Azərbaycan xalqının birliyini və milli vətənpərvərlik ruhunu daha da gücləndirdi.

Bu gün Azərbaycan gəncləri həm müasir texnologiyaların verdiyi imkanlarla ölkənin inkişafına töhfə verir, həm də tarixi yaddaşlarını qoruyaraq milli dəyərlərə sadiq qalırlar. Vətən müharibəsindəki qələbə dövlətin gənclər siyasətinin düzgün istiqamətdə olduğunu bir daha sübut etdi. Azərbaycanın gələcək inkişafı və təhlükəsizliyi məhz bu gənclərin vətənpərvərliyi, milli ruhu və biliyi ilə təmin ediləcək.

P.İSMAYILOV