Bu günlərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin “Elçin teatrı: absurd dram “qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” monoqrafiyası işıq üzü görüb. Araşdırmada böyük alim Lütfi Zadənin “Qeyri-səlis məntiq nəzəriyyəsi” işığında Xalq yazıçısı Elçinin dramaturgiyası təhlil edilib. Kitabda “absurd teatrı”nın inkişaf tarixindən bəhs olunur, absurdluqla “Qeyri-səlis məntiq nəzəriyyəsi” müqayisə edilir.
Müəllifin fikrincə, absurd dram Azərbaycan mədəniyyətinin və ədəbiyyatının dünyaya inteqrasiyasında əhəmiyyətli rol oynayır. “Poçt şöbəsində xəyal” pyesi ilə absurd dram cərəyanının banisinə çevrilmiş yazıçı Elçin bu yolda aparıcı qüvvə rolunu oynayır. “Elçin bir müəllif kimi cəmiyyətə anlatmağa çalışır ki, hər şey nisbidir. Biz nə axtarırıq? Həqiqət? Həqiqət necə olur? Cavab tapmaq çətindir... Bax bu qeyri-səlis absurdun hikmətini ifadə edir”,- deyə müəllif əsərində qeyd edib.
İlhamə