Dahi Azərbaycan bəstəkarı üzeyir Hacıbəylinin ev-muzeyinin fondu yeni eksponat ilə zənginləşdirilib. Belə ki, fonda Tacikistanda səhnəyə qoyulan “Arşın mal alan” musiqili komediyasının lent yazısı təqdim olunub.
Bu barədə muzeyin direktoru Sərdar Fərəcov açıqlama verib. Onun sözlərinə görə, “Arşın mal alan” musiqili komediyasını bəstəkar Xəyyam Mirzəzadə tacik kanalında izləyib. Tamaşanın Kurqan-tübe şəhərində yerli teatrda səhnələşdirildiyini deyən S.Fərəcov bu lent yazısını əldə etmək üçün Azərbaycanın Tacikistandakı səfirliyinə müraciət olunduğunu bildirib. Məhz bu müraciətdən bir müddət sonra tamaşanın videoyazısı fonda göndərilib. S.Fərəcov onu da deyib ki, sözügedən tamaşanın videoyazısı bu yaxınlarda Azərbaycanın musiqi ictimaiyyətinə təqdim ediləcək.