Almaniyanın Bremen şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yaşlı gimnastlardan ibarət qrup komandaları arasında final yarışları başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, hər iki finalda Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Aelita Xələfovadan ibarət qrup komandamız iştirak edib. Komandamız 3 lent və 2 iplə hərəkətlərdə 25.875 balla 5-ci yeri, 5 halqa ilə hərəkətlərdə isə 26 balla 7 -ci yeri tutub. Hər iki finalda qalib Rusiya yığması olub.
Sonuncu gün yaşlı gimnastların qrup komandaları ilə yanaşı, gənc gimnastlardan ibarət qrup komandalarının və gənc gimnastların gənclərin 2010-cu il birinci Olimpiya oyunlarına seçim çərçivəsində yarışları olub.
Sərt seçim şəraitində keçən yarışlarda gimnastlarımız Olimpiya lisenziyası qazana bilməyiblər. İradə Axundzadə, Mədinə Həsənova, Mənsurə Mehdiyeva və Aliyə Paşayevadan ibarət qrup komandamız 3-cü yeri tutub. Sinqapura yeganə vəsiqəni birinci yeri tutan Rusiya komandası qazanıb.
Gənc gimnastların fərdi yarışlarında 6 lisenziya oynanılıb. Azərbaycan gimnastı Jalə Qarayeva 8-ci yeri tutub.
Xatırladaq ki, Avropa çempionatında Azərbaycan iki medal qazanıb: Lalə Yusifova topla hərəkətlərdə gümüş, Aliyə Qarayeva isə çoxnövçülükdə bürünc medalla təltif olunublar.