Bakıda peşəkar boks gecəsi

Oktyabrın 3-də Bakıda peşəkar boks gecəsi keçiriləcək. Bu barədə apasport.az saytına Azərbaycan Peşəkar Boks Federasiyasının (APBF) prezidenti Zahid Əliyev məlumat verib. Onun sözlərinə görə, gecədə 8 döyüş baş tutacaq. Bunlardan 4-ü reytinq, 2-si “Dünya kəməri”, 1-i gənclər arasında “Dünya kəməri”,  1-i isə “Beynəlxalq kəmər” uğrunda olacaq. Z.Əliyev bildirib ki, oktyabrın 3-də ən maraqlı döyüşü IBF versiyası üzrə “Avropa kəməri”ni qazanmış ilk azərbaycanlı peşəkar boksçu Azad Əzizov (63,5 kq) keçirəcək. Gənc idmançı IBO “İnterkontinental kəmər” uğrunda gürcüstanlı Nuqzar Marqvelaşvili ilə qarşılaşacaq: “Biz 4-cü döyüşdən sonra Azadın rinqə çıxmasını planlaşdırırıq. Onun keçirəcəyi görüş qeyri-rəsmi xarakter daşıyacaq. “İnterkontinental kəmər” uğrunda döyüşlər rəsmi hesab olunmur”.