Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərə yola düşüb.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib. Azərbaycan dövlətinin başçısını Moskvanın “Vnukovo-2” hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
* * *
Dünən Moskvada, “Prezident-otel”də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşü olub.Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, ATƏT-in Minsk qrupunun həmsədrləri Mətyu Brayzə (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), habelə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.