Yeni Azərbaycan Partiyası - 34 il

Yeni Azərbaycan Partiyası - 34 il

 

Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin müasir siyasi tarixində mühüm hadisə və taleyüklü mərhələnin başlanğıcı oldu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mürəkkəb ictimai-siyasi proseslər, iqtisadi çətinliklər və dövlətçiliyimiz üçün ciddi təhlükələr qarşısında idi. Belə bir dövrdə xalqın iradəsini, milli maraqları və dövlətçilik düşüncəsini ifadə edən siyasi qüvvəyə ehtiyac duyulurdu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi məhz bu tarixi zərurətdən irəli gəlirdi. Partiyanın yaranması ölkənin gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsi baxımından məsuliyyətli və doğru addım idi. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri təşkilatın keçdiyi yolu və qarşıya qoyduğu məqsədləri aydın ifadə edir. Partiyanın ilk qələbələrinin başlanğıcının təsis qurultayından götürülməsi də xalqın sabitlik, birlik və inkişaf istəyinin siyasi ifadəsi idi. İllər ərzində Yeni Azərbaycan Partiyası möhkəmlənərək ölkənin ictimai-siyasi həyatında mühüm yer tutdu. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında qeyd etdiyi kimi, ölkəmizin son illərdə uğurlu və şərəfli inkişaf yolunda partiya fəallarının böyük payı və töhfəsi vardır. Bu töhfə dövlətçilik ideyalarının təbliğində, ictimai həmrəyliyin gücləndirilməsində və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində özünü göstərir. “Məsuliyyətli addım və doğru qərar” anlayışı isə bu fəaliyyətin əsas mahiyyətini ifadə edir. Çünki dövlətin və cəmiyyətin taleyinə təsir edən hər bir addım düşünülmüş, əsaslandırılmış və xalqın mənafeyinə uyğun olmalıdır. Məsuliyyətli addım mövcud vəziyyəti düzgün qiymətləndirməyi, qarşıya çıxan çətinlikləri təhlil etməyi, mümkün nəticələri nəzərə almağı və ən düzgün yolu seçməyi tələb edir. Doğru qərar yalnız vaxtında verilən qərar deyil, həm də dövlətin müstəqilliyinin, təhlükəsizliyinin, xalqın rifahının və milli maraqların qorunmasına xidmət edən qərardır. Azərbaycanın müasir inkişaf yolu göstərir ki, sabitliyin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması və beynəlxalq mövqelərin gücləndirilməsi ardıcıl, uzaqgörən və məsuliyyətli siyasətin nəticəsidir. Tarixi qərarların əhəmiyyəti də onların ölkənin gələcəyinə təsirində, yeni imkanlar yaratmasında və milli məqsədlərə çatmaq üçün möhkəm zəmin formalaşdırmasında görünür. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bu baxımdan müasir tariximizin ən mühüm hadisələrindəndir. Bu nailiyyət güclü dövlət quruculuğunun, ordunun qüdrətinin artırılmasının, xalqın birliyinin və milli iradənin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi ölkəmizin inkişafında mühüm rol oynayır. Ulu Öndərin siyasi irsinin müzəffər davamçısı olan Prezident İlham Əliyev dəyişən dövrün tələblərini nəzərə alaraq milli maraqların qorunması, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri də bu siyasi varisliyi və məqsədyönlü inkişafı ifadə edir. Bununla yanaşı, müasir dövrün çağırışları yeni yanaşmalar və əsaslandırılmış qərarlar tələb edir. Regionda yaranmış yeni reallıqlar, geosiyasi proseslər və ölkənin qarşısında duran vəzifələr nəzərə alınaraq hazırlanan proqramlar gələcək inkişafın istiqamətlərini müəyyənləşdirməlidir. Bu proqramların əsas məqsədi əldə olunmuş nailiyyətləri qorumaq, iqtisadi və sosial inkişafı davam etdirmək, təhlükəsizliyi möhkəmləndirmək və insanların rifahını yüksəltmək olmalıdır. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri də dövlətin taleyi ilə bağlı məsələlərdə milli maraqların və həmrəyliyin üstün tutulmasının vacibliyini göstərir. Fikir müxtəlifliyi və müzakirələr cəmiyyətin inkişafı üçün əhəmiyyətlidir, lakin müstəqilliyin, ərazi bütövlüyünün, suverenliyin və təhlükəsizliyin qorunması hamının ortaq məqsədi olmalıdır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən YAP-ın VIII qurultayı da yeni ictimai-siyasi və geosiyasi şəraitdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, həmin bölgələrin iqtisadi və sosial həyata reinteqrasiyası, ölkənin bütün sahələrdə davamlı inkişafı diqqət mərkəzində olan əsas məsələlərdəndir. Bu işlərin uğurla həyata keçirilməsi düzgün planlaşdırma, ardıcıl fəaliyyət və məsuliyyətli qərarlar tələb edir. Məsuliyyətli olmaq yalnız dövlət idarəçiliyində deyil, hər bir vətəndaşın gündəlik fəaliyyətində də vacibdir. Hər kəs üzərinə düşən işi vicdanla və vaxtında yerinə yetirdikdə ölkənin ümumi inkişafına töhfə verir. Partiya fəallarının insanlarla ünsiyyətdə səmimi, ictimai məsələlərə münasibətdə diqqətli və fəaliyyətində məsuliyyətli olması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Gənc nəslin savadlı, milli dəyərlərə bağlı və fəal vətəndaş kimi yetişməsi gələcəyimiz üçün mühüm şərtdir. Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol göstərir ki, xalqın etimadı, möhkəm ideya və məsuliyyətli fəaliyyət siyasi və ictimai inkişafın əsas dayaqlarıdır. Bu gün qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi, əldə olunmuş nailiyyətlərin qorunması və yeni hədəflərə çatmaq üçün hər bir sahədə məsuliyyətli addımlaratılmalı, doğru qərarlar qəbul edilməlidir. Çünki ölkənin gələcəyi yalnız bu gün əldə edilən uğurlarla deyil, həmin uğurları qorumaq və gələcək nəsillər üçün daha möhkəm inkişaf təməli yaratmaq bacarığı ilə müəyyən olunur.

 

Cəmilə Hüseynova

YAP Naxçıvan şəhər təşkilatı “Nəsirəddin Tusi 21” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü