23 oktyabr 2026-cı il tarixində YAP Samux rayon təşkilatının İnstitut qəsəbə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı növbəti tədbir keçirilib.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin VIII Qurultaydakı dərin məzmunlu və proqram xarakterli nitqi partiyanın gələcək fəaliyyət istiqamətlərini, həmçinin ölkəmizin daxili və xarici siyasətindəki prioritetləri aydın şəkildə müəyyən etmişdir. Gündüz Bayramov bildirib ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiyanın yeni Nizamnaməsi YAP-ın hər bir üzvü qarşısında mühüm vəzifələr qoyur. Hər bir ərazi partiya təşkilatı bu vəzifələrin icrasında fəallıq nümayiş etdirməli, partiya ideyalarının və dövlətçilik prinsiplərinin gənclər arasında təbliğinə xüsusi diqqət yetirməlidir.
Çıxış edən Qurultay nümayəndəsi İcra Hakimiyyəti üzrə ərazi partiya təşkilatının sədri Kəmalə Xəlilova bildirib ki, YAP-ın VIII Qurultayı partiyanın həyatında yeni bir inkişaf mərhələsinin əsasını qoymuşdur. Vurğulayıb ki, Prezident İlham Əliyevin proqram xarakterli nitqində irəli sürülən tövsiyə və tapşırıqlar hər bir partiya üzvünün gündəlik fəaliyyət proqramına çevrilməlidir. Kəmalə Xəlilova ərazi partiya təşkilatlarının cəmiyyətdəki rolunun daha da artırılmasının, vətəndaşlarla sıx ünsiyyətin qurulmasının və partiya sıralarının keyfiyyətcə yeni, fəal və təşəbbüskar gənclərlə zənginləşdirilməsinin vacibliyini xüsusi qeyd etmişdir.
Daha sonra çıxış edən natiqlər vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilmişdir. Partiya sədrinin proqram xarakterli nitqində vurğulanan məsələlərin həyata keçirilməsi rayon təşkilatının və onun yerli qurumlarının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Çıxış edənlər bildiriblər ki, İnstitut qəsəbə ərazi partiya təşkilatının üzvləri bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasəti fəal şəkildə dəstəkləyəcək və partiya tapşırıqlarının layiqincə yerinə yetirilməsi üçün var gücləri ilə çalışacaqlar.