Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə silsilə müşavirələr davam etdirilir.
Bu çərçivədə növbəti müşavirə YAP Füzuli rayon təşkilatının “Mərkəzi Xəstəxana” ərazi partiya təşkilatında təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva VIII Qurultayın əhəmiyyətindən və Prezident İlham Əliyevin nitqində müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, müasir dövrün çağırışları fonunda dövlətin inkişaf strategiyasının həyata keçirilməsi, milli maraqların qorunması və cəmiyyətin bütün sahələrində davamlı tərəqqinin təmin olunması qarşıda duran başlıca vəzifələrdəndir.
Nazimə Şamıyeva Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna, dövlət suverenliyinin tam bərpasına və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə diqqət çəkib. O, həmçinin partiyanın yerli strukturlarının fəaliyyətində təşkilati işin gücləndirilməsinin, üzvlərin ictimai-siyasi proseslərdə fəal iştirakının və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Müşavirədə çıxış edən Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Arzu Əliyeva səhiyyə sahəsində həyata keçirilən islahatlardan, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edib. O, sağlam cəmiyyətin formalaşmasında tibb işçilərinin mühüm rol oynadığını, vətəndaşlara göstərilən tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılmasının sosial rifahın yüksəldilməsinə xidmət etdiyini bildirib. Arzu Əliyeva, həmçinin səhiyyə işçilərinin peşə məsuliyyəti ilə yanaşı, ictimai həyatda fəal iştirakının, milli-mənəvi dəyərlərə bağlılığının və dövlətçilik ənənələrinə sadiqliyinin əhəmiyyətini qeyd edib.
Tədbirdə söz alan digər iştirakçılar Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən prioritet istiqamətlər, sosial siyasətin əsas hədəfləri, insan kapitalının inkişafı və müasir çağırışlara uyğun fəaliyyətin təşkili barədə fikirlərini bölüşüblər. Çıxışlarda partiya üzvlərinin təşəbbüskarlığının artırılması, gənclərin ictimai-siyasi fəallığının dəstəklənməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliği məsələlərinə xüsusi diqqət yetirilib.
Müşavirənin sonunda VIII Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsi, ərazi partiya təşkilatında fəaliyyətin daha səmərəli təşkili və qarşıdakı dövrdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları ilə birlikdə xatirə fotosu çəkdirilib.