04 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sosial şəbəkələrədə çalışan fəalları ilə “8 Noyabr- Zəfər Günü”, “9 noyabr Dövlət Bayrağı Günü” və “12 Noyabr Konstitusiya Günü” münasibətilə tədbir keçirildi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov bildirdi ki, Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. 8 Noyabr, müasir Azərbaycanın tarixi və mədəniyyəti üçün xüsusi bir əhəmiyyət kəsb edən Zəfər Günüdür.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.
Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə böyük miqyasda quruculuq və yenidənqurma işləri aparılır, Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra olunur. Bu gün Qarabağ ölkəmizin ideoloji-siyasi mərkəzinə, beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrilmişdir.
Suverenlik istənilən xalqın ən böyük arzusu, niyyətidir. Belə ki, Ulu Öndər Heydər Əliyevin böhranlı günlərdə xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra ölkəmizdə mürəkkəb vəziyyətin qarşısını almaq mümkün oldu. Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müstəqilliyin qorunması istiqamətində həlledici addımlar atıldı, ölkədə mövcud olan xaosun, özbaşınalığın qarşısı alındı, cəmiyyətdə ictimai-siyasi sabitlik təmin edildi, müasir dövlət quruculuğu üçün etibarlı zəmin formalaşdırıldı.
Xüsusilə vurğulanmalıdır ki, yeni Konstitusiyanın qəbulu müasir Azərbaycanın müstəqillik tarixində ən mühüm hadisələrdən biri olmaqla yanaşı, dövlətçiliyin möhkəmləndirilməsi baxımından çox vacib ictimai-siyasi hadisə oldu. Konstitusiya dövlətin və xalqın milli maraqlarını, həmçinin ölkəmizin özünəməxsus xüsusiyyətlərini özündə əks etdirməklə, dövrün çağırışlarına və tələblərinə tam cavab verən mükəmməl sənəd olaraq qəbul edildi. Gərgin əməyin məhsulu olan Konstitusiya dolğunluğu ilə seçilərək, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin inkişafı üçün hərtərəfli zəmin yaratdı.
Tədbirdə çıxış edənlər: Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi Sabit Mehdiyev, Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemllərinin müdiri Jalə Cəfərova, Beyləqan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Züleyxa Hacıyeva, Beyləqan rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları: Lalə Həmidova və Məhəmməd Bayramov çıxış edərək qeyd etdilər ki, Vətən müharibəmiz, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. İlk dəfə idi ki, pilotsuz uçuş aparatları döyüş meydanında bu miqyasda, indiyədək görünməmiş uğurla tətbiq olunmuşdu. Bununla yanaşı, yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan uzun məsafə qət etmək, keçilməz sayılan yolları keçərək Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir.
Bu gün qürurla qeyd etdiyimiz Zəfər hər şeydən əvvəl canından keçən şəhidlərimizin qanı, qazilərimizin şücaəti bahasına əldə olunub. Azərbaycan dövləti və xalqı hər zaman şəhidlərin xatirəsini uca tutur, onların ailələrinə, eləcə də sağlamlığını Vətən yolunda fəda etmiş qazilərimizə hərtərəfli diqqət və qayğı göstərir. Onların fədakarlığı heç vaxt unudulmayacaq.
Sonda tədbirdə iştirak edən YAP Beyləqan rayon təşkilatının sosial şəbəkə fəallarına qiymətli hədiyyələr təqdim edildi.