Qarşıdakı mərhələdə əsas hədəflər...

Qarşıdakı mərhələdə əsas hədəflər...

Ombudsmanın tövsiyələrinin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi bu hədəflər sırasındadır

Milli Məclisin dünən keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsinə baxılıb. Bildirilib ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə Ombudsman vəzifəsinə üç namizəd təqdim olunub. Bunlar-hazırkı Ombudsman, hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır. Namizədlərin hər üçü ali hüquq təhsilli və müvafiq sahədə peşəkar təcrübəyə malik şəxslərdir.

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Səsvermə nəticəsində Səbinə Əliyeva yenidən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili seçilib və parlamentdə and içib. Çıxış edən S.Əliyeva göstərilən etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə və Milli Məclisin deputatlarına təşəkkür edib. O qeyd edib ki, ölkəmizdə həyata keçirilən institusional islahatlar çərçivəsində Ombudsman təsisatının Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılması, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə dövlətin ali məqsədinin həyata keçirilməsinə xidmət etməsi bu vəzifənin icrası ilə bağlı üzərimə düşən məsuliyyətin tarixi və mənəvi əhəmiyyətini daha da artırır. Ali Baş Komandanın rəhbərliyi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, tarixi, mədəni və dini abidələrin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı onların hüquqlarının təmin olunmasına böyük töhfə verir və bu proses hər bir azərbaycanlını qürurlandırır. Ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm təzahürlərindən biri də Böyük Qayıdış proqramının uğurla icra olunmasıdır.

“Ombudsman kimi ötən illər ərzində fəaliyyətimin əsas istiqamətlərini insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, Müvəkkilə əlçatanlıq imkanlarının artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və təsisatın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi təşkil edib. Xüsusilə 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə münaqişədən zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi, Ermənistan tərəfindən beynəlxalq hüququn və insan hüquqlarının pozulması hallarının araşdırılması, sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması, habelə bu hallara beynəlxalq hüquqi qiymət verilməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirilib” - deyən S.Əliyeva əlavə edib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsləri əsasında Ombudsmanın mandatı genişləndirilib, inklyüzivliyin təmin edilməsi, uşaq hüquqlarının və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə müstəqil monitorinq səlahiyyətləri müəyyən edilib, şikayətlərin araşdırılması və milli preventiv mexanizm fəaliyyəti sahəsində hüquqi imkanlar gücləndirilib.

İnsan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi... 

Onun sözlərinə görə, regional mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi və Naxçıvan Muxtar Respublikasında yeni regional mərkəzin yaradılması təsisatın institusional potensialının gücləndirilməsinə və əhalinin hüquq müdafiə mexanizmlərinə əlçatanlığının artırılmasına xidmət edir. S.Əliyeva qeyd edib ki, Ombudsmanın hüquq müdafiə, preventiv və nəzarət fəaliyyəti beynəlxalq səviyyədə müsbət təcrübə nümunəsi kimi dəyərləndirilib. Beynəlxalq əməkdaşlıq sahəsində də mühüm nailiyyətlər əldə olunub, Azərbaycan Ombudsmanının beynəlxalq təşkilatlarda rəhbər vəzifələrə seçilməsi, təsisatın Beynəlxalq Ombudsman İnstitutu, Asiya Ombudsman Assosiasiyası, Türk Dövlətləri Ombudsman və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi, İnformasiya Komissarlarının Beynəlxalq Konfransı kimi nüfuzlu beynəlxalq şəbəkələrə üzv qəbul edilməsi və təmsilçiliyinin genişlənməsi təmin olunub.

O diqqətə çatdırıb ki, qarşıdakı mərhələdə əsas hədəf Ombudsmanın tövsiyələrinin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi və insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsidir. Bununla yanaşı, həssas əhali qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, milli preventiv və müstəqil monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda Ombudsmana əlçatanlığın artırılması, habelə rəqəmsal transformasiya və süni intellekt kontekstində insan hüquqlarının müdafiəsinə dair müasir yanaşmaların təşviqi və tətbiqi prioritet istiqamətlər sırasında olacaq.

Hüquqi maarifləndirmə işləri gücləndiriləcək

Ombudsman onu da deyib ki, hüquqi maarifləndirmə fəaliyyətinin müasir tələblər və yeni çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi, ictimai iştirakçılığın təşviqi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi də əsas hədəflərimizdəndir. Beynəlxalq əməkdaşlıq çərçivəsində milli təcrübənin təşviqi, ölkəmizin insan hüquqları sahəsində nailiyyətlərinin, eləcə də müharibə və postmüharibə dövrünün humanitar nəticələrinin obyektiv faktlar və hüquqi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də fəaliyyət davam etdiriləcək.

“Yenidən göstərilən bu yüksək etimadı insan hüquq və azadlıqlarının müdafiəsi kimi şərəfli və məsuliyyətli missiyanın davam etdirilməsinə verilən xüsusi dəyərin ifadəsi kimi qəbul edirəm. Sizi əmin etmək istərdim ki, ötən illər ərzində qazanılmış təcrübə və gücləndirilmiş institusional imkanlar Ombudsman təsisatının fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində yeni nailiyyətlərin əldə olunmasına möhkəm zəmin yaradacaq və Milli Məclislə qurulan uğurlu əməkdaşlığımız daha da güclənəcək” - deyə S.Əliyeva vurğulayıb.

Nardar BAYRAMLI